Məhkəmə qərarları › İş №2(010)-3766/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3766/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3766/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11111.95 AZN əsas borc, 860.05 AZN faiz borcu və 163.71 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 12135.71 AZN və 126.41 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3766/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 dair hissədə xitam verilmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 20000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il mayın 30-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11111.95 AZN əsas borc, 860.05 AZN faiz borcu və 654.83 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 12626.83 AZN borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 654.83 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 163.71 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

Tərəflərin izahatları

3. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə razı olduğunu bildirdi.

İş materialları

5. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 17 faizlə 36 ay müddətinə 20000 AZN məbləğində kredit verilmişdir.

6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məxaric qəbzindən görünür ki, 20000 AZN məbləğində pul vəsaiti Cavabdeh2 təhvil verilmişdir.

7. xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında Cavabdeh2 kredit öhdəliyinin icrası ilə əlaqədar zamin durmuşdur.

8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11111.95 manat əsas borc, 860.05 manat faiz borcu və 654.83 manat cərimə borcu olmaqla cəmi 12626.83 manat borcu vardır.

9. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10911.96 manat əsas borc, 1381.91 manat faiz borcu, 1969.49 manat cərimə borcu olmaqla cəmi 14263.36 manat kredit borcu vardır.

10. İş matariallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borc məbləğinin ödənilməsi, əks təqdirdə isə borcun ödənilməsilə bağlı qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

11. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh2 illik 17 faizlə 36 ay müddətinə 20000 AZN məbləğində kredit verilmişdir. Eyni zamanda hazırki iş üzrə Cavabdeh1 ilə kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə Cavabdeh1 iddia tələbi ilə razı olduğunu bildirir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi

13. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

14. İş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh2 illik 17 faizlə 36 ay müddətinə 20000 AZN məbləğində kredit verilmişdir. Eyni zamanda hazırki iş üzrə Cavabdeh1 ilə kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır.Tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəf öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. Eyni zamanda hazırki işin araşdırılan hallarından müəyyən edilmişdir ki, cavabdeh – borcalan Cavabdeh2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə cavabdeh – zamin duran şəxs Cavabdeh1 isə tələb edilən borc məbləği ilə razı olduğunu bildirmişdir. Məhkəmə belə olan halda tələb olunan borc məbləğinin cavabdeh (zamin) Cavabdeh1 tutulmasını qismən əsaslı hesab edir.

15. Lakin bununla belə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı əvvəlcə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışında Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11111.95 manat əsas borc, 860.05 manat faiz borcu və 654.83 manat cərimə borcu olmaqla cəmi 12626.83 manat borcu olduğunu qeyd etsə də, lakin daha sonra məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında həmin borc məbləğinin 10911.96 manat əsas borc, 1381.91 manat faiz borcu, 1969.49 manat cərimə borcu olmaqla cəmi 14263.36 manat olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinə münasibətdə qismən, faiz və cərimə borclarına münasibətdə tam əsaslıdır.

16. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı əvvəlcə əsas borc üzrə 11111.95 manat tələb etmiş, lakin daha sonra ödəniş olduğundan yeni maliyyə arayışı təqdim etməklə əsas borc məbləğinin 10911.96 manat olduğunu qeyd etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə qismən əsaslıdır. Yəni əsas borca müniasbətdə tələb 10911.96 manat həddində təmin edilməlidir. Lakin bununla belə, məhkəmə faiz borcuna münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi əvvəlcə iddiaçı məhkəməyə müraciət edərkən cavabdehdən faiz borcu üzrə 860.05 manat tutulmasını xahiş etmiş, lakin daha sonra təqdim etdiyi arayışda həmin faiz borcunun artaraq 1381.91 manat olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində tələb edilən faiz məbləği 860.05 manat olduğuna görə tələb də faiz borcuna aid hissədə yalnız qeyd edilən iddia tələbi həddində təmin edilə bilər. Ona görə də, iddia tələbində qeyd olunan 860.05 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

17. Məhkəmə tələb edilən cərimə borcuna münasibətdə isə qeyd edir ki, iddiaçı maliyyə arayışında cərimə borcunun 1969.49 manat olduğunu qeyd etsə də, lakin tələbində 163.71 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cərimə borcu iddia tələbində tələb edilən həddə - 163.71 manat həddində əsaslıdır.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 126.41 manat dövlət rüsumunun 125.80 manat hisəssi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10911.96 manat əsas borc, 860.05 manat faiz borcu və 163.71 manat cərimə borcu olmaqla cəmi 11935.72 (on bir min doqquz yüz otuz beş manat yetmiş iki qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş 126.41 manat dövlət rüsumunun 125.80 manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 10911.96 manat əsas borc, 860.05 manat faiz borcu və 163.71 manat cərimə borcu olmaqla cəmi 11935.72 (on bir min doqquz yüz otuz beş manat yetmiş iki qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş 126.41 manat dövlət rüsumunun 125.80 manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar