Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3787/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar X3 Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1190 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu İddiaçı Polşa Respublikasına işə düzəlməsi üçün cavabdeh “Evro work” qrup şirkətinin sahibi ilə tanış olmuşdur. İşə düzəlmək üçün İddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 3407 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh ona ilkin ödəniş 510 manat və Polşa səfirliyinə müraciət edərkən isə 680 manat məbləğində ödəniş olacağını bildirmişdir. O, ödənişləri cavabdehə Rəşid Behbudov 59 ünvanında yerləşən ofisdə vermiş, lakin oğlunun işə düzəlməsi üçün Polşa Respublikasından gələn dəvətin müddəti bitənədək Polşa səfirliyi gün təyin etməmişdir. O, cavabdehin işçisi ilə əlaqə saxlayaraq, telefonla sms yazışmalarına əsasən dəvət müddəti bitmiş və oğlu imtina ərizəsi yazaraq ödənişləri tam şəkildə geri alacağını bildirmişdir. Amma, buna baxmayaraq, cavabdeh ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə yayınaraq, indiyə kimi pulu ödəməmişdir. Cavabdeh pulunu mənimsəmiş, onun vaxtının, zamanının boşa getməsinə səbəb olmuş, ona qarşı etibardan sui-istifadə edərək pulunu mənimsəmişdir. Nəsimi RPİ-nin 21-ci PŞ-nin xx.xx.2025-ci il tarixdə müraciət olunmuşdur. Lakin, ərizəyə Nəsimi RPİ-nin 21-ci PŞ tərəfindən baxılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün toplanmış material Nəsimi RPİ-nin 21-ci PŞ-nin dəftərxanasında işə alınmışdır. Məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olması izah edilmişdir. Əsl olmayan tərəfin əvəz edilməsi X2 yazılı razılığı ilə tələb hüququ olmayan şəxs tərəfindən verilmiş iddia üzrə əsl olmayan iddiaçı əsl iddiaçı – İddiaçı ilə əvəz edilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırkı iş üzrə iddiaçı və onun qardaşının Polşada işlə təmin olunması ilə bağlı prosedurlar eyni anda başlanmış, iddiaçının qardaşına Polşa tərəfindən dəvət məktubu verilmiş, viza üçün konsulluğa dəvət olunmuş və işlə təmin edilmişdir. İddiaçıya dəvət məktubu gəlsə də, konsulluq tərəfindən gün təyin edilməmişdir. Konsulluğun fəaliyyətinə isə onlar müdaxilə edə bilmirlər. Konsulluğun rəsmi internet səhifəsində də qeyd olunur ki, dəvət məktubunun müddəti bitənədək viza üçün görüş təyin edilə bilər. Həmçinin, fors-major hallarda görüş üçün gün təyin edilməyə də bilər. Hazırda Polşada işə qəbulla bağlı müraciətlərin sayının çoxluğu nəzərə alınaraq, qeyd edilən prosedurların icrasında müəyyən çətinliklər yaşana bilər. Konsulluq tərəfindən viza üçün görüş günü təyin edilməməsi ilə bağlı cavabdeh tərəf hər hansı məsuliyyət daşımır. Belə ki, buna dair şərt iddiaçı ilə aralarında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə dəqiq göstərilmişdir. Bundan əlavə, iddiaçı Polşada işə qəbulla bağlı dəvətə görə müraciət edilməsi, sığorta olunma, poçt və xidmət haqqı kimi hərəkətlərin həyata keçirilməsi üçün ümumilikdə 1100 manat ödəniş etmişdir. Bu ödənişin İ hissəsi, yəni 510 manat sırf işə qəbulla bağlı dəvətin alınması üçün Polşaya edilən müraciətə sərf olunmuş, 680 manatın tərkibinə isə sığorta olunma, poçt və xidmət haqqı aid edilmişdir. Sərf olunan ümumi məbləğin İ hissəsi ümumiyyətlə geri qaytarılmasa da, İİ hissədən sığorta olunma pulu, poçt və xidmət haqqı çıxılandan sonra qalıq məbləğ iddiaçıya qaytarıla bilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Cavabdeh (İcraçı) və İddiaçı (Sifarişçi) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 3407 nömrəli müqavilədən müəyyən olunur ki, “İcraçı” iş yerlərində “Sifarişçi”nin seçdiyi vakansiyalardan birinə uyğun olaraq əmək fəaliyyətinə başlaması üçün müəssisələrdən “Sifarişçi”nin adına işə qəbul sənədinin alınması üçün müraciət ərizələrinin doldurulması, zərurət olduqda tövsiyə və həvəsləndirici məktubların yazılması və son nəticədə, sadalanan vakansiyalardan ən azı birinə qəbulun alınmasını öz üzərinə götürür. Əlavə olaraq viza alınması üçün zəruri olan prosedurla bağlı konsultasiya xidməti göstərir. “Sifarişçi” müqaviləyə uyğun olaraq sadalanan öhdəlikləri həyata keçirməsi üçün “İcraçı”ya öz adınan müəssisə ilə müvafiq prosedurların aparılması üçün səlahiyyətləri müqavilədə göstərdiyi öz imzası ilə etibar edir. “İcraçı”nın göstərdiyi bu xidmət qarşılığında “Sifarişçi” “İcraçı”ya müqavilə ilə razılaşdırılmış məbləğdə xidmət haqqı ödəyir. xx.xx.2025-ci il tarixli, **********39 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, X3 (əsl olmayan iddiaçı) tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 777. Tapşırıq müqaviləsi. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778. Tapşırığın məzmunu. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin geri qaytarılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü (öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) maddəsinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edən xx.xx.2023-cü il tarixli, 3407 nömrəli müqaviləyə əsasən, icraçı iş yerlərində sifarişçinin seçdiyi vakansiyalardan birinə uyğun olaraq əmək fəaliyyətinə başlaması üçün müəssisələrdən sifarişçinin adına işə qəbul sənədinin alınması üçün müraciət ərizələrinin doldurulması, zərurət olduqda tövsiyə və həvəsləndirici məktubların yazılması və son nəticədə, sadalanan vakansiyalardan ən azı birinə qəbulun alınmasını öz üzərinə götürür. Əlavə olaraq viza alınması üçün zəruri olan prosedurla bağlı konsultasiya xidməti göstərir. Sifarişçi” müqaviləyə uyğun olaraq sadalanan öhdəlikləri həyata keçirməsi üçün icraçıya öz adınan müəssisə ilə müvafiq prosedurların aparılması üçün səlahiyyətləri müqavilədə göstərdiyi öz imzası ilə etibar edir. İcraçının göstərdiyi bu xidmət qarşılığında sifarişçi icraçıya müqavilə ilə razılaşdırılmış məbləğdə xidmət haqqı ödəyir. Mövcud mübahisəli hüquq münasibətlərinin məhz öhdəlik hüququndan irəli gəlməsi nəzərə alınmalı, mübahisənin qanuni həlli üçün tərəflər arasında bağlanan müqavilənin şərtləri ayrıayrılıqda nəzərdən keçirilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli, 3407 nömrəli müqavilənin “tərəflərin öhdəlikləri” adlanan bölməsinin icraçının öhdəlikləri sadalanan hissəsində bir sıra öhdəliklərlə yanaşı viza alma mərhələsində sifarişçiyə zəruri məlumatlandırmanı etmək və lazım olduğu təqdirdə sənədlərini yoxlamaq, viza üçün zəruri olan sənədləri toplamaqda dəstək olmaq (sığorta və bilet bronunu etmək, səfirlikdən görüş üçün tarixi almaq) da icraçının öz üzərinə götürdüyü öhdəliklərə aid edilmişdir. İşə qəbul üçün müvafiq müəssisədən qəbul alınması, yəni dəvət məktubunun gəlməsi tərəflər arasında mübahisə edilmir. Bu halda, icraçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin bir qismini (2.1.1, 2.1.2, 2.1.3. və 2.1.4-cü bəndlər) mübahisələndirilmədən icra etmiş hesab edilir. Lakin, işə qəbulun tamamlanması, yəni müqavilə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün sifarişçinin viza alması da gərəkli olduğu üçün və bu öhdəlik tərəflər arasında bağlanmış müqavilədə birbaşa icraçının məsuliyyət daşıdığı hərəkətlərə aid edildiyi üçün viza alınmadan işə qəbulun tam həcmdə başa çatmasından və öhdəliklərin tam icrasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, viza alınması mərhələsində sifarişçini məlumatlandırmaq, lazım olduğu təqdirdə sənədlərini yoxlamaq və viza üçün zəruri olan sənədləri toplamaqda dəstək olmaq (sığorta və bilet bronunu etmək, səfirlikdən görüş üçün tarixi almaq) birbaşa icraçının, yəni hazırkı iş üzrə cavabdehin öhdəlikləri kimi təsbit edilmişdir. Buna baxmayaraq, məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş baxış iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında səfirlikdən görüş üçün tarix alınmasının onun məsuliyyətinə aid edilmədiyini bildirmişdir. Məhkəmə baxış iclasında tərəflərin təqdim etdiyi və elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutların tədqiqini əsas götürən məhkəmə, cavabdehin bu izahatını hüquqi məsuliyyətdən yayınmaya yönələn və heç bir müqavilə və ya qanuni əsasa söykənməyən formal mülahizə kimi qəbul edir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli, 3407 nömrəli müqavilənin “tərəflərin öhdəlikləri” adlanan bölməsinin sifarişçinin öhdəlikləri sadalanan hissəsində qeyd olunur ki, sifarişçinin viza almağa mane olan problemlərinə – məhkumluğu, ölkədən çıxışa qadağa, kredit borcuna görə ölkədən çıxışa qadağa, yüksək əmək haqqı ilə elektron hökumət portalında cari qeydiyyatda olmama və s. aid edilmiş və viza alınma mərhələsində uğur əldə edilməsi birbaşa həmin şərtlərlə əlaqələndirilməklə sifarişçinin öhdəliyi kimi təsbit edilmişdir. Baxılan iş üzrə cavabdeh tərəfindən iddiaçının viza alınması üçün maneə törədən problemləri barədə mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında izahat verən cavabdeh bu barədə mübahisə etməmişdir. Əksinə, cavabdeh viza mərhələsində uğur əldə edilməməsini birbaşa səfirliklə əlaqələndirmiş və viza alınması üçün görüş təyin edilməməsi ilə bağlı məsuliyyət daşımadığını bildirmişdir. Göründüyü kimi, sifarişçinin, yəni hazırkı iş üzrə iddiaçının viza alınması ilə bağlı hər hansı problemi olmamış, cavabdehin müqavilə öhdəliklərini lazımınca (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirməməsinə görə işə qəbul prosesi tamamlanmamış və iddiaçı öhdəlik hüquq münasibətlərinə daxil olarkən arzuladığı hüquqi nəticələrdən cavabdehin təqsiri üzündən məhrum olmuşdur. Belə olan halda, öhdəliyini lazımınca icra etməyən cavabdeh iddiaçıya vurulmuş zərərin əvəzini tam həcmdə ödəməli, iddiaçının pozulmuş hüquq və mənafeləri bərpa edilməlidir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli, 3407 nömrəli müqavilə üzrə müəssisəyə qəbul alınması üçün ilkin olaraq 510 manat, səfirlikdən görüş üçün tarix alındıqda isə 50 ABŞ dolları kuryer xidmət haqqı və 50 ABŞ dolları icraçının göstərdiyi xidmətə görə 50 ABŞ dolları ödənilməsi nəzərdə tutulmuş, ümumilikdə Polşada işə qəbulla bağlı tərəflər arasında bağlanmış müqavilənin qiyməti 680 manat məbləğində razılaşdırılmışdır. Lakin, iddia tələbindən göründüyü kimi, iddiaçı əvvəlcə 510 manat, daha sonra isə 680 manat məbləğində pul vəsaitini cavabdehə verdiyini iddia etmiş, məhkəmə iclasında iştirak edən cavabdeh qeyd edilən faktı mübahisə etmədən qəbul etmiş, ilkin olaraq ödənilmiş 510 manat məbləğində pul vəsaitinin heç bir halda geri qaytarılmayacağını, 680 manat məbləğində pul vəsaitindən isə yalnız sığorta olunma pulu, poçt və şəxsi xidmət haqqı pulu çıxıldıqdan sonra qalıq məbləğin qaytarılmasının mümkün olduğunu bildirmişdir. Belə olan halda, tərəflər arasında bağlanmış müqavilənin həqiqi, faktiki qiymətinin 1190 manat həcmində qəbul edilməsi işin tərəflərlə müzakirə edilən hallarına tam uyğun hesab edilməlidir. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyinəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə iddia tələbinin təmin edilməli olması qənaətinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 33 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, qərəzsiz, obyektiv və hərtərəfli baxaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1190 manat məbləğində pul vəsaiti və ödənilmiş 33 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1190 (min yüz doxsan) manat məbləğində pul vəsaiti və 33 (otuz üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3787/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3787/2025
09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver