Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3790/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. xx.xx.2022-ci il tarixli, 9048nkBKXb/22 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh illik 24% ödəmək şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 7000 manat məbləğində kredit mədaxil edilmişdir.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borca görə 5849,5 manat; faiz borcuna görə 238,28 manat və cərimə borcuna görə 10,74 manat olmaqla, cəmi 6098,52 manat borcu yaranmışdır.
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borca görə 5269,35 manat; faiz borcuna görə 100,72 manat və cərimə borcuna görə 5,16 manat olmaqla, cəmi 5375,23 manat borcu yaranmışdır.
5. xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
6. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 80,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İddia tələbi.
7. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5849,5 manat əsas; 238,28 manat faiz; 10,74 manat cərimə borcu olmaqla, cəmi 6098,52 manat borcun və ödənilmiş 80,99 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 24% ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 5849,5 manat əsas; 238,28 manat faiz; 10,74 manat cərimə borcu olmaqla, cəmi 6098,52 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
Tərəflərin izahatları.
9. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iştirakları olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında qeyd etdi ki, banka borcu vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra o ödənişlər etmişdir, buna görə də, həmin ödənişlərin iddia ərizəsində göstərilən məbləğdən çıxılmalıdır. Lakin borcu hissə-hissə ödəyə bilər.
İşin faktiki halları.
11. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə cavabdehin izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.
16. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borc, ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasını tələb etməkdə haqlıdır.
17. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borc, hesablanmış faiz və cərimə borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir.
18. Belə ki, iş materiallarında olan maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 5269,35 manat; faiz borcuna görə 100,72 və əsas cərimə borcuna görə 5,16 manat manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. 19.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
20. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 80,99 manat dövlət rüsumu ödəmişdir.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 80,99 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5269,35 manat əsas, 100,72 manat faiz və 5,16 manat cərimə borcu olmaqla, cəmi 5375,23 (beş min üç yüz yetmiş beş manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti; ödənilmiş 80,99 (səksən manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.