Məhkəmə qərarları › İş №2(010)-381/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-381/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-381/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh “əsas borc üzrə 2059.86 (iki min əlli doqquz manat, 86 qəpik) manat, 28 oktyabr 2021-ci il tarixə faiz borcu üzrə 301.23 (üç yüz bir manat 23 qəpik) manat, cəmi 2361.09 (iki min üç yüz altmış bir manat 09 qəpik) manat kredit borcun və ödənilmiş 43.62 (qırx üç manat, 62 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1**-MF-***3270/KM №-İi 20.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Sizə kredit 36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.10-cu bəndinə əsəsan bu müqavilənin 2.4- cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtləri pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 2059.86 (iki min əlli doqquz manat, 86 qəpik) manat, 28 oktyabı 2021-ci il tarixə faiz borcu üzrə 301.23 (üç yüz bir manat 23 qəpik) manat, cəmi 2361.09 (iki min üç yüz altmış bir manat 09 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1**-MF-***3270/KM №-İi 20.09.2019cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC- dən 36 ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. «AFB Bank” ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. 28.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 oktyabr 2021-ci il tarixə iddiaçı banka 2059.86 (iki min əlli doqquz manat səksən altı qəpik) manat əsas borc, 301.23 (üç yüz bir manat iyirmi üç qəpik) manat faiz borcu, cəmi 2361.09 (iki min üç yüz altmış bir manat doqquz qəpik) manat məbləğində borcu vardr. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, «AFB Bank” ASC ilə Cavabdeh arasında 1**-MF- ***3270/KM №-İi 20.09.2019-cu il tarixli Kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə Cavabdeh 36 ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə borcalan tərəfindən müqavilə üzrə ödənişlər vaxtında, lazımi qaydada icra edilməzsə bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh 28 oktyabr 2021-ci il tarixə iddiaçı banka 1**-MF-***3270/KM №-İi 20.09.2019-cu il tarixli Kredit müqaviləsi üzrə əsas borca görə 2059.86 (iki min əlli doqquz manat səksən altı qəpik) manat, faiz borcu üzrə 301.23 (üç yüz bir manat iyirmi üç qəpik) manat, cəmi 2361.09 (iki min üç yüz altmış bir manat doqquz qəpik) manat məbləğində borcu vardr. Tərəflər arasındakı müqavilə 36 ay müddətinə bağlanmış və hazırda da həmin müqavilə qüvvədə olduğundan ləğv edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 1**-MF-***3270/KM №-İi 20.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2059.86 (iki min əlli doqquz manat səksən altı qəpik) manat, faiz borcu üzrə 301.23 (üç yüz bir manat iyirmi üç qəpik) manat olmaqla cəmi 2361.09 (iki min üç yüz altmış bir manat doqquz qəpik) manat məbləğində vəsait tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 43,62 (qırx üç manat altmış iki qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 1**-MF-***3270/KM №-İi 20.09.2019cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2059.86 (iki min əlli doqquz manat səksən altı qəpik) manat, faiz borcu üzrə 301.23 (üç yüz bir manat iyirmi üç qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 43,62 (qırx üç manat altmış iki qəpik) manat olmaqla cəmi 2404,71 (iki min dörd yüz dörd manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar