Məhkəmə qərarları › İş №2(010)-3812/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3812/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3812/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 20 oktyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə banka 340,02 manat faiz borcu olmaqla, ümumilikdə 340,02 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 20 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dən illik 36 faizlə 24 ay müddətinə 3940 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 20 oktyabr 2009-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il mayın 27-dək Cavabdeh1 Bəndalı oğlunun banka 20 oktyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 340,02 manat faiz borcu olmaqla ümumilikdə cəmi 340,02 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bununla əlaqədar olaraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 oktyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə banka 340,02 manat fazi borcu olmaqla, ümumilikdə 340,02 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-in nü nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 20 oktyabr 2009-cu il tarixli RBB (Z) 2228 saylı Kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 illik 36 faiz olmaqla, 24 ay müddətinə qaytarmaq şərti ilə 3940 manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan 20.10.2009-cu il tarixli sənədindən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 233 manat olmaqla 20.10.2011-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 20.10.2009-cu il tarixli RBB (z) 2228 saylı zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 20 oktyabr 2009-cu il tarixli RBB (Z) 2228 saylı Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20 oktyabr 2019-cu il tarixli RBB (Z)2228 saylı kredit üzrə bank hesabı müqaviləsinə əsasən 27.05.2021-ci il tarixinə 340,02 manat faiz borcu olmaqla, ümumilikdə 340,02 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 23.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozması, kredit və faiz borcunun ödənilməsi barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhdəliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və alıcı satıcı qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, , Cavabdeh1 20 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dən illik 36 faizlə 24 ay müddətinə 3940 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 20 oktyabr 2009-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edildiyin cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasına da qiymət verib aşağıdakıları qeyd edir. Belə ki, işin hallarından göründüyü kimi 20.10.2009-cu il tarixli RBB(z)2228 nömrəli Zaminlik müqaviləsi üzrə öhdəliyin son icra müddəti 20.11.2012-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Mülki Məcəllənin 554.4-cü maddəsinəəsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Bu mənada, hazırkı zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində qüvvədə olmuşdur. Hazırkı iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı isə 20.10.2012-ci il tarixdə başa çatmışdır. Lakin, iddiaçı 3 il ərzində (iddia ərizəsi məhkəməyə 17.06.2021-ci ildə daxil olmuşdur) zaminə qarşı iddia irəli sürmədiyindən, Cavabdeh2 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının həmin cavabdehə münasibətdə tələbi əsassızdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 Bəndalı oğlundan 20 oktyabr 2009-cu il tarixli RBB (Z) 2228 saylı kredit üzrə 27.05.2021-ci il tarixinə 340,02 (üç yüz qırx manat iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 340,02 (üç yüz qırx manat iki qəpik) manat və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 Bəndalı oğlundan 20 oktyabr 2009-cu il tarixli RBB (Z) 2228 saylı kredit müqaviləsi üzrə 27.05.2021-ci il tarixinə 340,02 (üç yüz qırx manat iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 340,02 (üç yüz qırx manat iki qəpik) manat və ödənilmiş 20 (iyirmi) manat və ödənilmiş 30 (otuz) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul tutularaq Cavabdeh1 Bəndalı oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar