Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3842/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. İddiaçı tərəfindən Suraxanı RPİ 32-ci PB-yə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizə və izahatdan görünür ki, İddiaçı 2022-ci ilin avqust ayında qonşusu Cavabdeh 14000 manat borca pul vermişdir. Həmin borcdan 3000 manat qaytarılmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq 11000 manat borc qaytarılmamışdır.
2. Cavabdeh tərəfindən Suraxanı RPİ 32-ci PB-yə verdiyi izahatdan müəyyən olunur: “Təxminən 5-6 ay əvvəl Günel adlı şəxsin evində işləyirdim. Günel mənə bildirdi ki, “gəl mən sənə işlədiyim şirkətin ədv çeki verim, çörək pulu edəsən.” Mən də bu çeklərdən telefona vurdum və qonşum Təhminə də 300 manatlıq verdim. Təhmin və bacısı əlavə olaraq istəyəndə bu barədə Günelə dedikdə 50/50-ə satdığını qeyd etdi. Kartıma göndərdyi 17000 manat pulun 7500 manatını özüm qaytardım, çünki Günel həbs olundu. Məndə təqribi 8500-9500 manat məbləğində pulu qalıb. Mən boynumdan atmıram. Ödənişi bir neçə ay ərzində qaytaracam. İşə yeni düzəlmişəm. Mən qonşum Vahidə də dəfələrlə bildirmişəm ki, mən özüm də aldanmışam.”
3. Suraxanı RPİ 32-ci PB tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir.
4. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, 4853,95 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 850 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, 500 manat, 500 manat, 500 manat, 600 manat məbləğində ödəniş edilmişdir.
5. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İddia tələbi.
6. Cavabdeh iddiaçıya olan 9950 manat məbləğində borcu və ödənilmiş 119,50 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki tanıyır, Zaur onun qonşusudur. Onlar arasında bank kartı vasitəsi ilə ödənişlər olmuş və Cavabdeh hazırda ona 9950 manat məbləğində ödənilməmiş borcu qalmışdır. O, bununla bağlı cavabdehə borcun ödənilməsini bildirmiş və cavabdeh hissə-hissə olmaq şərti ilə təxmini 3000 manat məbləğində pulu qaytarmışdır. Daha sonra cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmış və bugünə kimi ona olan borcunu qaytarmamışdır. Artıq uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmamış və yalan vədlər verərək qaytaracağını söyləmişdir. Belə ki, pulun alınıb verilməsi ilə bağlı aralarında whatsapp yazışmaları olmuş və bu halı sübut edəcək ödəniş çekləri də vardır. O artıq cavabdehə inanmadığı üçün məcburiyyət qarşısında qalıb bu barədə ərazi üzrə Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsinə müraciət etmişdir. 32-ci Polis Bölməsində müraciətinə baxılmış və göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Araşdırma zamanı polis şöbəsində cavabdeh izahat yazaraq ona olan borcunu etiraf etmişdir.
Tərəflərin izahatları.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etdi ki, cavabdeh Sədərəkdə iş qurduğunu bildirərək borca pul istəmiş, alıcılara çek vermədiyini, həmin ədv çeklərini onlara verərək borcu ödəyəcəyini, üstəlik onların xeyir götürəcəyini bildirmişdir. O, ilk olaraq cavabdehə 500 manat, onun qızı isə 300 manat borc vermiş, cavabdeh həmin borcu qaytarmışdır. Sonradan onun qızı həm ondan, həm qohumlardan, həm də digər tanışlardan borca pul alaraq cavabdehə vermişdir. Cavabdeh qalan borcu qaytarmadığından həmin şəxslər borc kimi verdiyi pulları onlardan tələb edirlər. O, cavabdehə qalan borcu ödəməsini bildirdikdə cavabdeh ona bir aparat üçün 200 manat lazım olduğunu, həmin aparatı alsa borcu qaytara biləcəyini bildirmiş, o, cavabdehə həmin aparat üçün əlavə 200 manat pul göndərmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclaslarına gəlməmişdir, lakin ərizə göndərərək, məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildirmiş və qeyd etmişdir ki, o, üç ildir bir qrup əhatəyə qoşularaq əziyyət çəkir. Bununla bağlı olaraq aldadılması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə, Daxili İşlər nazirinə məlumatlar vermişdir. O, İddiaçı qızı Təhminə Əliyevadan bir qisim ödənişlər alaraq X1 vermişdir. Yaşının az olmasından və inancından sui-istifadə edilərək aldadılmışdır. O, bugünə qədər heçkəsi aldatmamışdır. Bunlara baxmayaraq onun zamin olaraq aldığı ödənişləri usta və ya tikinti şirkətlərində çalışaraq ödəmişdir. Hal-hazırda Suraxanı rayon poliklinkasinda da dispanser xəstə olaraq qeydiyatdadır. O, heç bir dələduzluq və ya cinayətkarlıqla məşğul olmamışdır. Borcundan boyun qaçırmır. Belə ki, polis orqanına gedən zaman izahatında da qeyd etmişdir ki, yanvar ayına qədər borcun bir qismini, yanvardan sonra bir qismini ödəyəcək. İddiaçı onu dəfələrlə quldurlarla hədələyib, bu səbəbdən anasının evinə gedə bilmir. O, yanvar ayına qədər borcun bir qisminin, ondan sonra bir qisminin, ümumilikdə 8- 9 ay, en gec 1 il müdətində bütün borcun ödənilməsinə söz vermişdir.
10. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 329.3. Şifahi bağlanan bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayin keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
14. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan qaytarmaq şərti ilə, hissə-hissə pul məbləğləri almış, həmin pulların bir hissəsini qaytarmış, yerdə qalan hissəsini qayatmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir.
15. Hazırkı iş üzrə iddiaçı pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır.
16. Belə ki, məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, iddiaçının qızı və cavabdeh arasında olan yazışmalar və ödəniş qəbzləri iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi təqdim edilmişdir.
17. Məhkəmə hesab edir ki, cavabdeh borc almaq hüququna malik olduğu kimi eyni zamanda borc məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır.
18. Lakin, cavabdehin Suraxanı rayon 32-ci PB-yə verdiyi izahatdan görünür ki, o, 17000 manat borc aldığını, həmin borcun 7500 manatını ödədiyini qeyd edərək halhazırda təxminən 8500-9500 manat borcu qaldığını bildirmişdir. İddiaçı cavabdehin məhz 9950 manat borcu qaldığını sübut edə bilməmişdir. Buna görə də, məhkəmə iddianı qismən əsaslı hesab edərək cavabdehin izahatında borcu etiraf etdiyi, iddia tələbinə yaxın olan, 9500 manat məbləğində pulun tutulmalı olduğu qənəatinə gəlir.
19. İddia tələbi digər tərəfdən ona görə qismən təmin edilməlidir ki, iddia tələbi cavabdehin özü tərəfindən, məhkəməyə göndərdiyi ərizə ilə etiraf edilmişdir.
20. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
21. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
22. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir.
23. Həmçinin, iddianın “işin məhkəməyə verilməsi üçün 119,50 manat dövlət rüsumunun cavabdehdən tutulması”a dair hissəsini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi təmin edilməlidir.
24. Belə ki, işdə olan qəbzdən görünür ki, iddiaçı işin məhkəməyə verilməsi üçün 120 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən işin məhkəməyə verilməsi üçün ödənilmiş 119,50 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaiti və 119,50 (yüz on doqquz manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.