Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3860/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Məlikova (Vəliyeva) Aytən Elşən qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Məlikova (Vəliyeva) Aytən Elşən qızının Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məlikova (Vəliyeva) Aytən Elşən qızı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.02.2011-ci il təvəllüdlü X2 və 19.03.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan aliment məbləği artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri İddiaçı Məlikova (Vəliyeva) Aytən Elşən qızı Cavabdeh ilə 23.02.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə birgə nikahından Səid və Teymur adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04.07.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuşdur. Nikah pozulan zaman övldlarının saxlanması üçün 300 manat məbləğində aliment tutulması qət edilmişdir. Halhazırda həmin məbləğ oğlanları Səid və Teymurun saxlanmaları üçün yetərli deyil, bu səbəbdən hesab edir ki, təyin edilmiş aliment artırılmalıdır. İddiaçının izahatları İddiaçı Məlikova (Vəliyeva) Aytən Elşən qızı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı tam qəbul edərək, izahatında göstərdi ki, iki uşağının saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına razıdır. İş materiallarına əlavə edilmiş Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 05.07.2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 25.02.2011-ci ildə doğulmuşdur və valideynləri Cavabdeh və X3r. Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 03.05.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 19.03.2012-ci ildə doğulmuşdur və valideynləri Cavabdeh və X3r. Bakı şəhər Nizami rayon məhkəməsinin 04.07.2017-ci il tarixli 2(007)-3709/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh 25.02.2011-ci il təvəllüdlü X2 və 19.03.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh 30.07.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, iki uşağının saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində aliment ödəməyə razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
Məhkəmənin mövqeyi Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə hesab edir ki, tərəflərin iki övladının olması və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa 150 manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Cavabdeh iclas zalında verdiyi izahatdan və yazdığı ərizədən müəyyən olunur ki, o, iddianı qəbul edir və iddiaçı Məlikova (Vəliyeva) Aytən Elşən qızının xeyrinə X2 və X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmir. Məhkəmə bildirir ki, AR MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-cü maddəsinə görə məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Lakin, işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin, xüsusilə də tərəflərin övladlarının mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözügedən Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhər Nizami rayon məhkəməsinin 04.07.2017-ci il tarixli 2(007)-3709/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh iddiaçı Məlikova (Vəliyeva) Aytən Elşən qızının xeyrinə 25.02.2011-ci il təvəllüdlü X2 və 19.03.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova