Məhkəmə qərarları › İş №2(010)-3866/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3866/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3866/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh və Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3709 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. xx.xx.2018-ci il tarixli, 320-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixində öz ərizəsi əsasında 148-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabde Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixində və xx.xx.2019-cu il tarixində Oba-Buzovna 9 mağazasında çalışdığı zaman aparılmış invertizasiya nəticəsində Cavabdeh Cəmiyyətə ziyan vurması müəyyən edilmiş, eyni tarixli “invertizasiya nəticələrinə” dair aktlara əsasən 4480 manat məbləğində çatışmadığı müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 771 manat güzəşt edilmiş və qalıq borc 3709 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, həm də Mülki Məcəllənin müddəalarını, eyni zamanda onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, kəsir hər marketdə olur. Bu onun təqsirindən baş verməmişdir. Sayım müddəti iki aydır və kəsirin təxminən 0.5% güzəşt olunur. Onlarda sayım ildə bir dəfə olur. Kəsir adətən meyvə-tərəvəzdə olur ki, bunun da səbəbi sayımın ildə bir dəfə olmasıdır. Hesab edir ki, iddia əsassızdır. Ona görə ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, işəgötürən ona işçi tərəfindən vurulmuş maddi ziyana görə bir il müddətində iddia qaldıra bilər. Lakin hazırda bu müddət ötürülmüşdür. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 4480 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 4480 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 771 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 3709 manat borcu qalmışdır. “X8” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 123-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 153 manat olmaqla ödənilmişdir. “X8” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 320-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə xx.xx.2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 175 manat olmaqla ödənilmişdir. “X8” MMC və Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 3 ay sınaq müddəti ilə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. “X8” MMC və Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. “X8” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 148-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Departamentinin Satış 1 Şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. xx.xx.2019-cu il tarixli aktivlər üzrə invertizasiya nəticələrinə dair aktdan görünür ki, xx.xx.2019-cu il tarixli invertizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 2348.08 manat məbləğində əskikgəlmə aşkarlanmışdır. xx.xx.2019-cu il tarixli aktivlər üzrə invertizasiya nəticələrinə dair aktdan görünür ki, xx.xx.2019-cu il tarixli invertizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 2348.08 manat məbləğində əskikgəlmə aşkarlanmışdır. xx.xx.2019-cu il tarixli aktivlər üzrə invertizasiya nəticələrinə dair aktdan görünür ki, xx.xx.2019-cu il tarixli invertizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 3792.11 manat məbləğində əskikgəlmə aşkarlanmışdır. Məhkəmə araşdırması nəticəsində, yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də satıcı-kassir kimi işə girmiş, xx.xx.2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə mağazada aparılmış invertizasiya zamanı müvafiq olaraq 3792.11 və 2348.08 manat məbləğində əskikgəlmə müəyyən edilmişdir. Bu əskikgəlmələrə görə Cavabdeh dövriyyə güzəşti (0.5%) tətbiq edilməklə cəmi 3709 manat məbləğində pul tələb edilmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçının bir illik iddia müddətini ötürdüyünü bildirmiş, məhkəməyə ərizə təqdim etmişdir. Göründüyü kimi, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı) Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə bu hissədə əmək qanunvericiliyi tətbiq edilməlidir. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Hazırkı işdən görünür ki, birinci yoxlama xx.xx.2019-cu il tarixdə, digəri isə xx.xx.2019cu il tarixdə keçirilmiş, yəni iddiaçı hüquqlarının pozulduğunu (maddi ziyan dəydiyini) həmin tarixdə bilmişdir. Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli yoxlama nəticələri üzrə bir illik iddia müddəti keçmiş olsa da, xx.xx.2019-cu il tarixli nəticələr üzrə iddia müddəti ötürülməmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyinə uyğun olaraq məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması məsələsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin hərəkətləri iddiaçıya maddi zərər vurmaqla onun subyektiv hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda iddiaçının ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin a bəndinə əsasən işçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən, şəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə hesab edir ki, Cavabdeh bu barədə üzərinə tam maddi məsuliyyət götürmüş olmasına baxmayaraq, təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Odur ki, iddiaçı bu zərərin əvəzini tələb etməkdə haqlıdır. Zərərin məbləğinə gəldikdə isə məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə keçirilmiş yoxlama üzrə dəymiş zərərin tələb edilməsi müddəti keçdiyindən iddia bu hissədə (2425 manat) təmin edilməməlidir. Qalan hissədə ( 2055 manat) isə iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2055 (iki min əlli beş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir. Eyni zamanda, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2055 (iki min əlli beş) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar