Məhkəmə qərarları › İş №2(010)-3888/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3888/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3888/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin arırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 300 manat sabit pul məbləğində Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi. İddia tələbinin dəlliləri Yasamal rayon məhkəməsinin 2(004)-3530/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Cavabdehlə birgə nikahdan iki övladı doğulmuşdur. Onlardan biri, yəni xx.xx.2004-cü il təvəllüdlü X11 artıq yetkinlik yaşına çatmış və müddətli hərbi xidmətdədir, lakin qızı X4 hazırda 14 yaşı var, o, məktəb təhsilindən əlavə ali təhsilə hazırlıqla bağlı xüsusi qaydada əlavə müəllimlərdən təhsil aldığı üçün onun bununla bağlı hər aylıq 250 (iki yüz əlli) manat ödənişi olur. Qızı dərslərini yaxşı oxuyur, qiymətləri əladır və arzusu həkim olmaqdır. O da valideyn olaraq övladının bu arzusunu yerinə yetirməsi üçün ona dəstək göstərmək məcburiyyətindədir. Lakin buna maddi imkanı yol vermir. Övladının əlavə geyim və digər məsrəfləri də mövcuddur. Hal-hazırda uşağının yaşı böyüməkdədir və Yasamal rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağının tələbatının ödənilməsinə yetmir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(010)-3530/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin arırılması” tələbinə dair İddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2011-cı il tarixli, 2(004)-1338/2011 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X3 üçün Cavabdeh hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah 01.06. 2011-ci il tarixdə ləğv edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2009-cu ildə doğulmuş və valideynləri Cavabdeh və X5r. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/6/0156 saylı "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, Cavabdeh İddiaçı alimentin artırılması tələbi üzrə xx.xx.2023-cü il tarixində 11:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. AZEMİS vasitəsi ilə cavabdehin məlumatlarından görünür ki, Cavabdeh 1273.89 manat məbləğində pensiya alır. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X11 və xx.xx.2009cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(010)-3530/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X3 üçün tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X3 üçün Cavabdeh hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə aliment tutulur. Hazırda iddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsini istəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, Cavabdeh 1273.89 manat məbləğində pensiya alır. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, tərəflərin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 300 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (300x12= 3600 manat) mütənasib olan 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(010)-3530/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay bir uşağa 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3888/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh ödənilməmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(010)-3530/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3888/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar