Məhkəmə qərarları › İş №2(010)-3924/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3924/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3924/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Abdullayeva (Mirzəyeva) Arzu Namiq qızının Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Abdullayeva (Mirzəyeva) Arzu Namiq qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması ücün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(010)-1214/2022 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediatora ödədiyi 60(altmış) manat rüsumun onun xeyrinə tutulmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 1214/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 ( yüz doxsan üç ) manat pul məbləğində aliment tutulması qət edilmişdir. Qeyd edir ki, indiki iqtisadi çətinliklər dövründə cavabdehin hər ay ödədiyi 193 (yüz doxsan üç) manat aliment yetərincə deyildir. Hal-hazırda iqtisadi çətinliklər dövründə uşağa sərf olunan xərclər artdığı üçün, alimentin artırılmasına böyük ehtiyac vardır. Uşağın gündəlik təlabatlarını müəyyən qədər ödənilməsi üçün alimentin miqdarını hökmən artırmaq lazımdır. O, alimentin artırılması ilə bağlı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasının keçirilməsi ilə bağlı lazımınca məlumatlandırmağına baxmayaraq mediasiya sessiyasında iştirak etməmiş və buna görə də həmin məsələnin həlli mümmkün olmamışdır.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. AZ-İİİ seriyalı, 668728 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-1214/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-6326/2018 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat pul məbləğində aliment tutulması qət edilmişdir.

İşin faktiki halları

7. Tərəflərin rəsmi nikaha daxil olması, rəsmi nikah münasibətlərindən bir uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, uşağın anasının yanında qalması və cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən övladının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

10. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-1214/2022 saylı qətnaməsi əsasında cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı tələbdə iddiaçı övladının saxlanılması üçün tutulan aliment miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğunu və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

20. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda hazırki iş üzrə aliment miqdarının artırılmış hissəsinə uyğun olaraq ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1214/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay cavabdeh Mı̇ rzəyev Ramı̇ l Rəşı̇ d oğlundan 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Abdullayeva (Mirzəyeva) Arzu Namı̇ q qızına ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Aliment məbləğinin artırılmış hissəsinə uyğun olaraq iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh Mı̇ rzəyev Ramı̇ l Rəşı̇ d oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar