Məhkəmə qərarları › İş №2(010)-3927/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3927/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3927/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3124/2020 saylı 13 avqust 2020-ci ıl tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı dəyişdirilərək X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh har ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 20 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında alimentin tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3124/2020 saylı 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə əvvəlki məhkəmə qətnamə ilə qət edilmiş alimentin miqdarı dəyişdirilməklə 20 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hamin qətnamə qanuni qüvvəyə minmiş va icraya yönəldilmişdir. Qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir. Belə ki, oğlu X1 daima həkim müayinəsinə və müalicəyə ehtiyacı olduğundan ona çox pul xərclənir. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ila müəyyən edilən alimenti belə həmin vaxtdan bəri dörd il müddətində bir dəfə də olsa ödəməmiş, yalnız 2023-cü ilin oktyabrında sərhədi keçən zaman yeri müəyyən edilərək gətirildikdən sonra ödəməyə başlamışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək iddia tələbi ilə razı olmadığını bildirmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. AZ-İV seriyalı, 334077 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 avqust 2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3124/2020 saylı 13 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı dəyişdirilməklə 20 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İşin faktiki halları

7. Tərəflərin rəsmi nikaha daxil olması, rəsmi nikah münasibətlərindən bir uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, uşağın anasının yanında qalması və cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən övladının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

10. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3124/2020 saylı 13 avqust 2020-ci il tarixli qətnaməsi əsasında cavabdehdən 20 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı tələbdə iddiaçı övladının saxlanılması üçün tutulan aliment miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğunu və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, 20 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən 20 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

20. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda hazırki iş üzrə aliment miqdarının artırılmış hissəsinə uyğun olaraq ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3124/2020 saylı, 13 avqust 2020ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Vəlı̇ yeva Aygün Eldənı̇ z qızına ödənilsin. Artırılmış aliment miqdarı qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Artırılmış aliment məbləğinə uyğun olaraq iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar