Məhkəmə qərarları › İş №2(010)-3941/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3941/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3941/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 5963,60 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının ümumilikdə isə 6293,60 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ0/**********00002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 12-104 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən: **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı. **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1’nm tələblərinə əməl etmək) və “X1’nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Azəriqaz” İB-nın nümayəndələri tərəfindən cavabdehə 5963,60 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” bağlanmış 10.03.2020-ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Suraxanı rayon X2 – “Paylayıcı”, Cavabdeh – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 17.05.2017-cı il tarixli ******* saylı akt əsasında 57 manat; 12.06.2017-ci il tarixli ******* saylı akt əsasında 56,20 manat; 15.08.2017-ci il tarixli tarixli ******* saylı akt əsasında 138,20 manat; 15.09.2017-ci il tarixli ******* saylı akt əsasında 67 manat; 10.10.2017-ci il tarixli tarixli ******* saylı akt əsasında 54 manat; 17.01.2018-ci il tarixli ******* saylı akt əsasında 597 manat; 22.02.2018-ci il tarixli tarixli ******* saylı akt əsasında 241,80 manat; 15.03.2018-ci il tarixli tarixli ******* saylı akt əsasında 208 manat; 19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat; 21.05.2018-ci tarixli ******* saylı akt əsasında 188,20 manat; 27.06.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 27.07.2018-ci il tarixli tarixli ******* saylı akt əsasında 133,20 manat; 25.09.2018-ci il tarixli tarixli ******* saylı akt əsasında 43,20; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 109.80 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109.80 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat ; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli 0228329 saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 10.03.2020-ci il tarixli ******* saylı akt əsasında 84 manat məbləğində dəymiş zərər hesablanmışdır. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulması ilə əlaqədar aktları tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən yuxarıda qeyd olunan 4249,20 manat borcun hesablandığını iddia edir. Həmçinin abonent saldosu üzrə 2020-ci il il üçün 103,10 manat, əvvəlki illərdən isə 1611,30 manat təbii qazdan istifadəsi ilə əlaqədar borcun tutulması barədə tələb irəli sürülmüşdür. “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə 17.05.2017-cı ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda - həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin Aktlarda qeyd olunmamışdır. Həmçinin, iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin Aktların tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Təsvir edilənlərdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulmalarla əlaqədar tərtib edilən məlum Aktların yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4249,20 manat məbləğində pulun” tutulmalı olmasının əsaslılığını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini heç bir hissədə Mülki-Prosessual Qanunvrericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş məlum Aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Beləliklə də, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı aktlar üzrə iddia tələbinin əsaslılığı, yəni Cavabdeh “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4249,20 manat məbləğində pulun” tutulması barədə iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir və bu vəziyyətdə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Bununla belə cavabdeh tərəfindən **********10000 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi nəticəsində debitor borcun tutulması ilə bağlı iddia tələbini qismən əsaslı hesab edir. Lakin bu tələblə bağlı məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 1611,30 manat məbləğində borcun əsaslığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşdə olan Cavabdeh aid **********10000 nömrəli abonent kodu üzrə abonentin saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, 9 “a” saylı ev üzrə təbii qazın sərfiyyatına görə 2020-ci il üçün 103,10 manat ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına əsaslanaraq və əldə edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 1611,30 manat məbləğində borcun əsaslığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, lakin cavabdehin adına olan abonent saldosundan sonuncu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsində yerləşən 9 a saylı fərdi evində təbii qazdan istifadəyə görə 103,10 manat debitor borcunun yaranması və həmin debitor borcun ödənilməməsi faktı tam sübuta yetirildiyi üçün iddia bu hissədə edilməli və həmin məbləğdə (103,10) debitor borcu iddiaçı “Azəriqaz İstehalat” Birliyinin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, “Azəriqaz” İB tərəfindən hər hansı sübut təqdim edilmədiyindən pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin cavabdehdən tutulması hissəsində iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb, xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 manatı Cavabdeh oğluna, 10 manatı isə iddiaçıya aid edilməlidir.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 103,10 manat məbləğində borc, eləcə də 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 123,10 manat məbləğində pul vəsaiti iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar