Məhkəmə qərarları › İş №2(010)-3955/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3955/2020

12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3955/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes-Benz 200” minik markalı **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərindən aşağı satılması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 1978-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların ailə münasibətləri pozulduğuna görə Bakı şəhəri Suraxan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmişdir. Onlar arasında olan nikahın pozulması məsələsinə baxılan zaman onun qarşılıqlı iddia tələbinə əsasən onların birgə nikah dövründə əldə etdiyi əmlaklar bölünsə də, “Mercedes-Benz C200” minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyinə və həmin avtomobil başqa şəxsin mülkiyyətində olduğuna görə həmin avtomobilə dair payların müəyyən edilməsi hissəsində iddiası təmin edilməmişdir. Bundan sonra o, Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi və payın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mercedes-Benz C200 minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 15 000 manat pul vəsaitinə mülkiyyət hüququnun 1/4 hissədə ona və 1/4 hissədə Cavabdeh məxsus olmasının müəyyən edilməsi və həmin pul vəsaitinin ona məxsus 1/4 hissəsi, yəni 7500 manat Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə əlaqədar aparılmış məhkəmə araşdırması zamanı birgə nikah dövründə əldə etdiyi, dəyəri 15 000 manat olan avtomobilin Cavabdeh tərəfindən 2000 manata satılması müəyyən edilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3174/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Mercedes-Benz C200 minik markalı **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 2 000 manat pul vəsaiti birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmiş və həmin əmlak üzrə onun və Cavabdeh 1/4 payı müəyyən edilmiş, həmin pul vəsaitinin 1000 manat hissəsindən ibarət olan 1/4 hissəsi, Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Göründiyü kimi Mercedes-Benz C200 minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılan dövrdə 15 000 manat dəyəri olmuş, həmin avtomobilin cavabdeh tərəfindən 2000 manata satılması ilə ona 6500 manat məbləğində zərər dəymişdir. Belə ki, həmin avtomobilin 15000 manat dəyərinin yarısı, yəni 7500 manat hissəsi ona məxsus olmuş, həmin avtomobil cavabdeh tərəfindən 2000 manata satılmış, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3174/2019 saylı qətnaməsi ilə avtomobilin satışından əldə edilmiş 2 000 manat pul vəsaitinin 1000 manat hissəsindən ibarət olan 1/2 hissəsi, Cavabdeh alınaraq ona ödənilməsi qət edilmiş, bu baxımdan cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona 6500 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3174/2019 saylı qətnaməsi ilə İddiaçı ona qarşı əmlakda payın müəyyən edilməsi və payın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Mercedes-Benz C200 minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 2 000 manat pul vəsaiti birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmiş və həmin əmlakın satılması ilə əlaqədar həmin pul vəsaitinin yarısı təşkil edən - 1000 manat pul vəsaitinin ondan alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə artıq mübahisələndirilən avtomaşının 2000 (iki min) manata satılması müəyyən edilərək həmin pul vəsaitinin onunla İddiaçı arasında bərabər payda bölünməsi məsələsi həll edildiyindən iddiaçının hazırki iddia tələbini əsassız və qanunsuz hesab edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-5740/2017 saylı qətnaməsindən görünür ki, ilk iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə İddiaçı arasında xx.xx.1978-ci ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 283 nömrə ilə qeyd edlmiş nikah pozulması, qarşılıqlı iddia qismən təmin edilməklə ** HX *** dövlət qeydiyyat nişanlı VAZ 21011 minik markalı avtomobili üzərində İddiaçı ilə Cavabdeh hər birinin payı ½ hissədə müəyyən olunmaqla mülkiyyət hüquqları tanınmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3174/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi və payın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Mercedes-Benz C200 minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 2000 (iki min) manat məbləğində olan pul vəsaiti birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilib həmin əmlak üzrə İddiaçı və Cavabdeh 1/2 payların müəyyən edilməsi, həmin pul vəsaitinin, o cümlədən 2000 (iki min) manat məbləğində olan pul vəsaitinin 1000 (bir min) manat məbləğindən ibarət olan 1/2 hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, tərəflər arasında bundan əvvəl məhkəmə mübahisələri olmuş, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3174/2019 saylı mülki işin məhkəmə mübahisəsi zamanı iddiaçı X1 iddiasının qanuni əsasını birgə nikah dövründə əldə olunmuş “Mercedes-Benz C200” markalı **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi təşkil etmişdir. Həmin işə baxan məhkəmə isə məhz həmin avtonəqliuuat vasitəsinin alqı-satqı müqaviləsinin qanuni olmasına əsaslanaraq satışdan əldə olunan 2000 manat məbləğində olan pul vəsaitinin 1000 manat məbləğinin alınaraq İddiaçı ödənilməsi barədə qərar qəbul etmiş və həmin qətnamə İddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda qeyd edilməlidir ki, Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Bir sözlə, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olduğunu Mülki Məcəllənin 1096-1097-ci maddələrinin tələbləri qaydasında onun (cavabdehin) mülki hüquqi məsuliyyətinin yaranması ilə əsaslandırmışdır. Bu zaman məhkəmə nəzərə alır ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Lakin yuxarıda qeyd olunmuş qətnaməsi ilə müəyyən olunmuş hallar mövcüd olduğu halda iddiaçı birgə nikah dövründə əldə olunmuş avtonəqliyyat vasitəsinin satılması ilə ona maddi zərər vurulmasını qeyd olunan avtomobilin 2000 manat deyil, 15000 manat olması ilə əsaslandırsa da, buna dair sübutları məhkəmyə təqdim etməmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdehin mülki hüquqi məsuliyyətləri yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar