Məhkəmə qərarları › İş №2(010)-3960/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3960/2021

26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3960/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(010)-2887/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh 04.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-ci ildən fakiki nikaha girərək ailə qurmuş, faktiki nikahlarından 04.11.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh uşağın saxlanılmasında köməklik göstərmədiyi üçün o, cavabdehdən alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06 avqust 2020-ci il tarixli 2(010)-2887/2020 saylı qətnaməsi ilə 04.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün cavabdehdən onun xeyrimə hər ay 170 manat aliment tutulması qət edilmişdir. Hazırda cəmi 170 manat həcmində aliment uşağın təminatlarının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onun problemləri ilə maraqlanmır. Hər ay uşağın saxlanması üçün 500 manatdan çox xərci çıxır, cavabdeh isə nə digər xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın mənəvi cəhətdən qayğısına qalır. Uşağın normal şəraitdə böyüməsi üçün dərs vəsaitləri, geyim əşyaları, normal qidalanması tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək tək başına olduqca çətindir, hətta qeyri- mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Ona görə də aliment məbləğinin artırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, usta işləyir, hər an işləyə bilmir. Bəzən aylarla işsiz qalır. Hər ay 200 manat məbləğində aliment ödəyə bilər. Ona görə də məhkəmədən qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(010)- 2887/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 04.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment tutulması qət edilmişdir. AZ İV № 449499 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04.11.2018-ci ildə anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində məbləğin artırılaraq hər ay 500 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etsə də, cavabdehin bu məbləği qarşılamaq üçün kifayət qədər maddi imkanın olmasını sübut edəcək tutarlı dəlillər təqdim etməmişdir. Cavabdeh, öz növbəsində hər ay 200 manat sabit pul məbləğində alimenti ödəməyə razı olduğunu bildirmişdir. Ona görə də, məhkəmə hazırkı işdə alimentin artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsini azyaşlının hüquq və mənafeləri baxımından, qanuni hesab edir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(010)-2887/2020 saylı qətnaməsi ilə cavabdeh Məlı̇ kov İntı̇ qam Əzı̇ zağa oğlundan 04.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh Məlı̇ kov İntı̇ qam Əzı̇ zağa oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin artırılmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar