Məhkəmə qərarları › İş №2(010)-3963/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3963/2020

05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3963/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 1346.03 manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. Hökmün icrası Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru P.Əliyeva tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd adaptor məhkum - hazırki iş üzrə Cavabdeh üzərinə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət qaydalarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixdə elektron qolbaq vasitəsini ayağında pilləkənə ilişərək qırıldığını aktda bildirmişdir. Cavabdehin izahatı alınmış və o, qurğunun ehtiyatsızlıqdan qırıldığını bildirmişdir. Belə olan halda, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu sınmış və şöbəyə maddi ziyan dəymişdir. İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, elektron qolbağı qəsdən qırmamış, ayağının pilləkənə ilişməsi nəticəsində qolbaq qırılmışdır. Bu barədə dərhal icra məmuruna məlumat vermişdir. Onun hadisədə heç bir təqsiri olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, texniki rəyə təqdim olunmuş “Mobil qurğu”-ya texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət obyektinə təhkim olunmuş elektron qolbaq güc tətbiq edilərək sındırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, Mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə qırılmış cihazın dəyəri 1346,03 manat təşkil edir. İş materiallarında olan aktın surətindən görünür ki, Cavabdeh elektron qolbaq vasitəsi ayağında pilləkənə ilişərək qırıldığından ondan təhvil götürülmüşdür. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Cavabdeh elektron qolbaq təhvil verilmiş, xx.xx.2020-ci il tarixdə qolbaq pilləkənə ilişərək qırılmışdır. Cavabdeh bu barədə icra orqanını məlumatlandırmış, akt tərtib edilmişdir. Aktda qolbağın ehtiyatsızlıqdan – cavabdehin ayağının ilişməsi nəticəsində qırıldığı göstərilmişdir. Buna baxmayaraq, iddiaçı qolbağın təqsirli olaraq qırıldığını bildirərək dəymiş ziyanı tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hazırkı işdən isə görünür ki, elektron qolbaq ehtiyatsızlıqdan, cavabdehin ayağının ilişməsi nəticəsində qırılmış, o, bu barədə icra orqanını məlumatlandırmış, müvafiq akt tərtib edilmiş, aktda qolbağın ehtiyatsızlıqdan qırıldığı göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hər hansı təqsirli hərəkəti iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və məhkəmə araşdırması nəticəsində müəyyən edilmədiyindən cavabdehin mülki hüquqi məsuliyyəti yaranmamışdır. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh təhkim edilmiş elektron qolbağın xx.xx.2020-ci il tarixdə qırılmasında cavabdehin heç bir təqsirli hərəkəti müəyyən edilmədiyindən və bu səbəbdən cavabdehin dəymiş zərərlə əlaqədar mülki hüquqi məsuliyyəti istisna edildiyindən iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı Suraxanı rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar