Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3972/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan aliment məbləğinin dəyişdirilərək hər ay ölkə üzrə minimum əmək haqqının 70%-i miqdarında, yəni 280 manat məbləğində müəyyən edilməsi, həmçinin məhkəməyə müraciət üçün çəkilmiş 370 manat məbləğində xərcin, 50 manat məbləğində mediasiya xərcinin qarşı tərəfdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli mediasiya barışıq sazişinə əsasən, cavabdeh birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 150 manat məbləğində aliment ödəməyə razılıq vermişdir. 4 ildir ki, cavabdeh aylıq 150 manat məbləğində aliment ödəməkdədir. 4 il əvvəl razılaşdırılmış məbləğ bu gün uşağın heç bir xərcinin qarşılanmasına kifayət etmir. Cavabdeh nə mənəvi, nə də maddi olaraq uşağın böyüdülməsində iştirak etmir. Uşağın bütün mənəvi ehtiyacları, gündəlik qayğıları ilə təkbaşına çətinliklə də olsa, o məşğul olur. Uşağın saxlanılması üçün tələb olunan xərclər əvvəlki kimi yalnız qida və geyim deyil, onun təhsil alması ilə bağlı əlavə zəruri xərclər də yaranmışdır ki, 150 manat alimentlə bunu qarşılamaq mümkün deyil. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 saylı qərarına əsasən, aliment ölkə üzrə minimum əmək haqqının misli miqdarında müəyyən edilir. Ölkədə 2025-ci il üçün minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh qaynaqçı vəzifəsində çalışır və aylıq gəlirləri də yüksəkdir. Barışıq sazişi bağlanan zaman da cavabdeh qaynaqçı kimi çalışmış, aylıq vəzifə maaşı 400 manat məbləğində olsa da, cavabdehin aylıq gəliri ümumilikdə ***-**** manata qədər təşkil etmişdir. Hazırda uşağın bütün xərclərinin ödənilməsi yalnız onun üzərindədir. Adi vəziyyətdə uşağın təhsili ilə bağlı hazırlığa getməsi üçün 80 manat məbləğində pul vəsaiti tələb olunur. Bundan əlavə, uşağın gözündə müəyyən infeksion xəstəlik vardır ki, bununla bağlı mütəmadi olaraq uşağın müayinə olunması və müalicə alması da tələb olunur. Uşağın adi tələbatlarının ödənilməsi ilə yanaşı qeyd edilən xərclərin də qarşılanması üçün 150 manat kifayət etmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun aylıq əmək haqqı 400 manat təşkil edir və o, iddiaçı ilə aralarında bağlanmış barışıq sazişi ilə müəyyən olunan 150 manat aliment məbləğini hər ay gecikdirmədən iddiaçıya ödəyir. Əmək haqqından əlavə aylıq gəlirlər də əldə edir ki, bu məbləğlər birlikdə onun aylıq gəliri təxminən 600 – 700 manat arasında dəyişir. Əgər iddiaçı məhz məhkəmə yolu ilə deyil, əlavə olaraq ona müəyyən məbləğlər verməsini istəsə idi, o bunu edərdi. Lakin, bu məbləğlərin iddiaçıya göndərilməsi müntəzəm deyil, arada baş verərdi. Yəni, imkanı olduqca uşağın saxlanılmasında 150 manatdan əlavə kömək etməyə hazırdır. Uşağın saxlanılması üçün 150 manat alimentin artırılaraq yeni qəbul ediləcək qətnamə əsasında tutulmasını istəmir. İddiaçının məhkəməyə müraciət etmək üçün çəkdiyi xərclərin də ondan tutulmasına münasibətdə qeyd edir ki, həmin xərclərin ondan tutulmasına əsas yoxdur. Hesab edir ki, həmin xərclər ondan tutulmamalıdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, 714663 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X5 (atası Cavabdeh, anası X6) xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. Tərəflər arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə xx.xx.2021-ci il tarixli barışıq sazişi bağlanmışdır: “...2.1. Hər iki tərəf nikaha davam etdirməmək və Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış xx.xx.2015-ci il tarixli, 286 qeydiyyat nömrəli nikah qeydinin pozulmasına razılaşdılar. Birgə nikahdan anadan olmuş azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X3 anası X4 yanında qalacaq və saziş imzalandıqdan sonra Cavabdeh tərəfindən hər ay azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 150 (bir yüz əlli) manat sabit məbləğdə aliment ödəniləcəkdir. İlk ayın aliment ödənişini 13 oktyabr 2021-ci il tarixində Cavabdeh tərəfindən ödənilməsinə tərəflər razılaşdılar. Hər həftənin şənbə günləri 10:00-dan 17:00-a kimi azyaşlı X3 atası Cavabdeh ilə görüş vaxtı qarşılıqlı razılıqla müəyyən olundu...”. Mediasiya Şurasının Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/9/2025-00693 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən alimentin dəyişdirilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) iddiaçı tərəfindən ödənilmişdir. “X10 Company” MMC (İcraçı) və İddiaçı (Sifarişçi) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış 20/25 nömrəli hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, “Sifarişçi” hüquqi xidmətin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqını ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin sifarişi əsasında hüquqi xidmətin göstərilməsini öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli, 138914 nömrəli kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 20/25 saylı müqavilə üzrə “X10 Company” MMC-nin kassasına 370 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən elektron çıxarışdan müəyyən olunur ki, iş üzrə cavabdehin adına 01 ədəd əmək müqaviləsi (işəgötürən: "Soyuzaqrokonrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti, vəzifə: elektrik – qaz qaynaqçısı) qüvvədədir və onun aylıq əmək haqqı 400 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı ...Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır... Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin aliment miqdarının artırılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin (məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq norması aliment miqdarının məhz məhkəmə tərəfindən müəyyən edilməsindən sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu təqdirdə aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) imkanını nəzərdə tutsa da, bu normada qeyd edilən prosessual qayda (alimentin məhkəmə tərəfindən müəyyən edilməsi) dar mənada başa düşülməməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) imkanının mövcudluğu da diqqətdə saxlanılmalıdır. Əks yanaşma, uşaqların üstün maraqları və diqqətəlayiq mənafeləri baxımından yolverilməzdir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından qeyd edir ki, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) üçün imperativ olaraq müəyyən edilmiş şərtlər aşağıdakılardır: 1) tərəflərdən hər hansı birinin maddi vəziyyətində baş vermiş dəyişiklik; 2) tərəflərdən hər hansı birinin ailə vəziyyətində baş vermiş dəyişiklik. İddia ərizəsi və iddiaçının məhkəmədə verdiyi izahatından görünür ki, iddiaçı cavabdehə qarşı alimentin dəyişdirilməsi tələbini irəli sürərkən tələbini uşağın tələbatının artması və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artması ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu məbləğinin barışıq sazişi bağlanan dövrə nəzərən cari il üzrə artımı aliment miqdarının dəyişdirilməsi üçün əsas təşkil etmir. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş şərtlərin birgə mövcudluğu halında aliment məbləğinin dəyişdirilməsi mümkündür. Uşağın tələbatının artması səbəbilə alimentin artırılmasını tələb edərkən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı iddiaçı öz tələbinin əsasını cavabdehin əmək haqqı məbləği ilə əsaslandırmışdır. Halbuki, məhkəmə iclasında tərəflərin mübahisələndirmədiyi hal ondan ibarətdir ki, barışıq sazişi bağlandığı zaman da cavabdeh hazırki gəlirləri ilə təxmninən eyni gəlirlərə (900-1000 manat) malik olmuşdur. Belə ki, iddiaçı məhkəməyə verdiyi izahatında, eləcə də məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində cavabdehin barışıq sazişi bağlanan dövrlə hazırkı şəraitdə aldığı əmək haqqı və gəlirləri arasında əhəmiyyətli dərəcədə fərq olduğunu bildirsə də, öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, formal mülahizələr irəli sürməklə cavabdehin aylıq əmək haqqı və gəlirləri barədə məhkəmədə müəyyən təsəvvür yaratmağa çalışmışdır. Halbuki, cavabdehin gəlir məlumatlarının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilməsi zamanı sonuncunun qüvvədə olan əmək müqaviləsi üzrə aylıq əmək haqqının ümumilikdə 400 manat məbləğində olması müəyyən edilmiş, cavabdehin müvafiq barışıq sazişi bağlanan zaman mövcud maddi vəziyyəti, eləcə də aylıq gəlirləri barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları sübut edə bilməmiş, həmin fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işdə mövcud olan sübutları bir-birləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddianın rədd edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə iddiaçıya izah etməyi zəruri hesab edir ki, hazırki münasibət davamlı xarakter daşıdığından gələcəkdə cavabdehin maddi vəziyyətində yaxşıya doğru dəyişiklik baş verdiyi halda iddiaçı yenidən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddiaçının cavabdehə qarşı aliment miqdarının artırılmasına dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiаçı İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dаir iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3972/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3972/2025
01.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver