Məhkəmə qərarları › İş №2(010)-3978/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3978/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3978/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (borcalan) Cavabdeh 10.000 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh Sadiq qızı ümumilikdə ondan 10.000 manat borc pul alıb. Belə ki, Cavabdeh Sadiq qızının uşağı onun uşaqları ilə eyni məktəbdə oxumuş, orta məktəb yoldaşı olmuşlar. Ona görə də Cavabdeh Sadiq qızını həmin məktəbdən tanıyır. Cavabdeh ilk dəfə 2015-ci ildə ona müraciət edərək ondan təcili borca pul istəmiş və imkanı olan kimi qaytaracağını bildirmişdir. O da 2000 manat pulu başqa bir şəxsdən borc alaraq Zinyətə vermişdir. Bir neçə ay keçdikdən sonra cavabdeh yenə ondan borc pul istəmiş və bu dəfə xalası qızına pul lazım olduğunu bildirmişdir. Əvvəlki pulu qaytarmadığına görə tərəddüd etsə də, cavabdeh çox xahiş etdiyi üçün o, yenə də borc alaraq ona 2500 manat pul vermişdir. Bir müddətdən sonra yenə cavabdeh ona təcili pul lazım olduğunu bildirərək xahiş etdikdə onu əliboş qaytarmamaq üçün 1500 manat yenidən pul vermişdir. Hardasa 2016-cı ilin axırlarında cavabdeh yenə ondan borc pul istəmiş və o, yenə də cavabdehə 2000 manat borc pul vermişdir. Lakin cavabdeh verdiyi pulları qaytarmırdı. Lakin o, yenə də cavabdehin şirin dilinə aldanaraq ona 2000 manat pulu borc olaraq vermişdir. Beləliklə ümumilikdə cavabdehə 10.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh dediyi vaxtda pullarını qaytarmamışdır. 2016- 2017-ci illərdə onu çox axtarmış, hətta Hövsan qəsəbəsinə onun anasının yaşadığı evə getmişdir. Uzun axtarışlardan sonra onun yaşadığı yeri tapmış və 2019-cu ilin mart ayında onun yaşadığı ünvana getmişdir. Cavabdeh ona pulunu 2019-cu ilin iyul ayında verəcəyini, lakin hər ay 200 manat verə biləcəyini bildirdikdə o razılaşmamışdır. Bundan sonra isə 2019-cu ilin sentyabr ayına kimi pulu qaytaracağını və heç yerə şikayət etməməsini xahiş etmişdir. Sentyabr ayında Zinyətin telefonunu yığdıqda isə sonuncu telefonu açmamışdır. Artıq cavabdehin bu pulu könüllü şəkildə qaytaracağına inamı itmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehə 4-5 dəfəyə ümumilikdə 10.000 manat borc pul versə də, cavabdeh söz verdiyi vaxtda borcunu qaytarmamışdır. İddiaçının dediklərinin sübutu kimi onların arasında olan telefon yazışmaları var. Məhkəmə iclasının gedişatında Cavabdeh həqiqətən də İddiaçı 10.000 manat pul aldığını etiraf etmiş, lakin borcundan 1500 manat qaytardığını bildirsə də, borcun qaytarılmasına dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı ilə 20 il olar ki, bir-birilərini tanıyırlar. O, həqiqətən də iddiaçıdan faizə pul almış, lakin ödəyə bilməmişdir. Belə ki, o, iddiaçıdan 2014-cü ilin oktyabr ayının 27-də 2000 manat, 2015-ci ilin yanvar ayının 9-da 2000 manat, 2015-ci ilin fevral ayının 14-də 1000 manat, 2015-ci ilin mart ayının 24-də isə 700 ABŞ dolları, daha sonra isə 2000 və 3000 manat olmaqla, cəmi 10000 manat və 700 ABŞ dolları borca pul almışdır. İddiaçı ona pulları 7%-lə verirdi. O, iddiaçıya pulun faizini, 1500 manat qaytarmış, lakin sonradan ödəyə bilmədiyi üçün iddiaçı faizə pul verməyi dayandırmışdır. Onun təxminən iddiaçıya 8700 manat borcu qalıb. O, iddiaçıya borcunu ödəyə bilmədiyini və ona görə də lotareyaya salmasını və ordan alacağı pulla hissə-hissə ödəyəcəyini desə də, iddiaçı onunla razılaşmamışdır. Hazırda o, il yarım olar ki, rəsmi işləyir və maaşının əksər hissəsi banklara olan borcunun ödənilməsinə tutulur. Borcunun ödənilməsindən yayınmaq fikri yoxdur və borcunu ödəyəcək. Bu səbəbdən də qeyd edilənərin nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 2014-2016-cı illərdə müxtəlif vaxtlarda 10.000 (on min) manat və 700 (yeddi yüz) dollar pul aldığını və ayrı-ayrı vaxtlarda 1500 (bir min beş yüz) manat qaytardığını, borcunu etiraf etdiyini və borcunu qaytaracağını bildirmişdir. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunundan əvvəlki redaksiya). Məhkəmə iclasında işin araşdırılan hallarından, iddiaçını izahatından və cavabdehin etirafından müəyyən olundu ki, tərəflər arasındakı borc münasibətləri 2014-2016-cı illəri əhatə etmiş və iddiaçının cavabdehə verdiyi borc 2000 manat (2014-cü il), 2000 manat (2015-ci il), 1000 (2015-ci il) manat, 700 ABŞ dolları (2015-ci il), daha sonra isə 2000 və 3000 manat (2016-cı illərin axırları) olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında olan borc münasibətləri 2014-2016-cı illərdə yarandığından, 2014-cü ildən 2016cı ilin 31 may tarixinə kimi olan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunundan əvvəlki redaksiyası, 2016-cı ilin 31 may tarixindən sonrakı münasibətlərə isə hazırki redaksiya tətbiq edilməlidir. Odur ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin şifahi formada bağlanması köhnə redaksiyadakı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinin tələblərinə, iddiaçı tərəfindən cavabdehə 2016-cı ilin axırlarında borca verilmiş məbləğin üç min manatdan çox olmadığı üçün şifahi formada bağlanması qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinin tələblərinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü borcun tutulması tələbi üzrə iddia cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında borcundan 1500 manat məbləğində pulu qaytardığını bildirsə də, borcun qaytarılmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” xx xxxx 2007-ci il tarixli qərarında X1 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 10.000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar