Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3978/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X4, Cavabdeh1, Cavabdeh2 və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 11.896,89 manat məbləğdə əsas borc və 12,189.08 manat faiz borcu olmaqla, ümumilikdə 24.085,97 manat (iyirmi dörd min səksən beş manat doxsan yeddi qəpik) borc və 30,4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 100804-679066/2 nömrəli 04.04.2019-cu il tarixli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 22% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 04.04.2019-cu il tarixli, 100804-679066/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 04.06.2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 11.896,89 manat məbləğdə əsas borcu və 12.189,08 manat faiz borcu olmaqla, ümumilikdə 24.085,97 manat məbləğdə kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək göstərdi ki, iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, uzun müddətdir ki, “əqli zəiflik, əqli gerilik” diaqnozu ilə ambulator və stasionar müalicələr alır. O, Cavabdeh1 yanında işləmiş və işlədiyi dövr üçün özünün toyu ərəfəsində ona 1400 manat pul lazım olmuş, o, pulu Cavabdeh1 istəmiş, sonuncu da ona pulunun olmadığını bildirərək onu banka aparmışdır. Sonuncu ona orada hansısa sənədə imza etdirmiş və ona maşında oturmasını bildirmiş, o da maşında Pənahı gözləmişdir. Pənah qayıtdıqda o, sonuncudan pulunu istəmiş, lakin Pənah ona pulu vermədiklərini bildirərək onu oradan qovmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 “əqli zəiflik, əqli gerilik” diaqnozk ilə ambulator və stasionar müalicələr alır. Bu xəstəlik ailələrində genetikdir. Elnurdan başqa bir qızı da psixi xəstəliyi ilə bağlı evdə müalicə alır. Oğlu Elnur toyu ərəfəsində işlədiyi dövr üçün Cavabdeh1 pul istəmiş, Pənah isə ona pul verməyərək banka aparıb bəzi sənədlərə imza etdirmiş, sonrada pul verməyərək onu qovmuşdur. Sonradan Pənahın qardaşı ilə əlaqə saxladında müəyyən olunmuşdur ki, bank işçiləri Elnura hansı sənədə imza etdiyini izah etmədən ona imza etdirmişlər. Odur ki, məhkəmədən oğlunun xəstəliyini nəzərə almaqla zaminliyinə xitam verilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehlərin tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilən: - 14.01.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borclana 24 ay müddətinə, illik 22% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğdə kredit verilmişdir. - 100804-679066/2 nömrəli 04.04.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. - 04.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04.06.2021-ci il tarixə Banka 11.896,89 manat məbləğdə əsas borc və 12.189,08 manat faiz borcu olmaqla, ümumilikdə 24.085,97 manat (iyirmi dörd min səksən beş manat doxsan yeddi qəpik) məbləğdə borcu mövcuddur. İşin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 100804-679066/2 nömrəli 04.04.2019-cu il tarixli kredit müqaviləsi, həmçinin həmin tarixdə bankla digər Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh - krediti götürmüş Cavabdeh1 iddianı etiraf etsə də, zamin Cavabdeh2 müqaviləni imzalayarkən əqli zəifliyinin olduğunu əsas gətirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və mqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı iş üzrə cavabdehlərdən biri tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur. Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd edir ki, sonuncunun əqli zəiflik diaqnozu olsa belə bu hal onun fəaliyyət qabiliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Hazırkı işdə isə Cavabdeh2 fəaliyyət qabiliyyəti olmamasına dair məhkəmə qətnaməsi mövcud deyil, sonuncunun üzərinə qəyyum təyin edilməmişdir. Belə bir halın mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda iş materiallarında olan 21.08.2021-ci il tarixli AR-İİN 431906 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 mülki işlər üzrə məhkəmələrdə iştirak və s. səlahiyyətləri X2 etibar etmişdir. Bu hal isə özlüyündə Cavabdeh2 müstəqil əqd bağlamaq iqtidarında olduğunun etirafıdır. Digər tərəfdən Cavabdeh2 özü zaminlik müqaviləsini imzaladığını etiraf edir, lakin pul məbləğinin ona verilmədiyini əsas gətirir. Buna münasibətdə də məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi öhdəliyin təmini müqaviləsidir. Belə bir müqavilənin bağlanması zaminin borc məbləği əldə etməsinə, onun əmlak mənafeyinin yaxşılaşdırılmasına xidmət etmir. Belə bir halın olmamağı zaminliyə xitam üçün əsas deyil. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.896,89 manat məbləğdə əsas borc və 12,189.08 manat faiz borcu olmaqla, ümumilikdə 24.085,97 manat (iyirmi dörd min səksən beş manat doxsan yeddi qəpik) borc və 30,4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.896,89 manat məbləğdə əsas borc və 12,189.08 manat faiz borcu olmaqla, ümumilikdə 24.085,97 manat (iyirmi dörd min səksən beş manat doxsan yeddi qəpik) borc və 30,4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3978/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3978/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver