Məhkəmə qərarları › İş №2(010)-402/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-402/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-402/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı « İddiaçı» ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı « İddiaçı» ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı « İddiaçı» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 846,03 manat əsas borc, xx.xx.2020-ci il tarixə 45,53 manat faiz borcu olmaqla, cəmi 891,56 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, ******* №-li kredit müqaviləsinə əsasən ona illik 10(on) faiz dərəcəsi ilə 846.03 (səkkiz yüz qırx altı manat 03 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit 36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.6cı bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.2-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, göstərdi ki, o, “Sony Electrinics” mağazasından paltaryuyan və digr bir neçə əşya almışdır. Ödənişləri davamlı olaraq etmişdir. Ödəniş qəbzlərinin hamısını icra məmuruna vermiş, hazırda 35 manat borcu qalmışdır. Eyni borca görə bank da onu məhkəməyə vermişdir. Qeyd edilən məbləğlə bağlı borcu yoxdur. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan « İddiaçı» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 10 % olmaqla 846,03 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-nə 846,03 manat əsas borc, 45,53 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 846,03 manat məbləği illik 10 %-lə, 36 ay müddətinə aylıq 27,30 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə,məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Cavabdehin hazırkı borc məbləği ilə bağlı artıq üçüncü şəxsə ödənişlər etməsinə və ona qarşı eyni borcla bağlı ikinci dəfə bank tərəfindən iddia qaldırılmasına dair etirazları ilə bağlı məhkəmə bildirir ki, cavabdehin bildirdiyi hallar tərəflərin işin faktiki halları ilə bağlı izahatları və işə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, cavabdehin istinad etdiyi əvvəlki borc üzrə ödəmələr Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli məhkəmə əmri ilə kreditor X2 ərizəsi əsasında borclu Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında tutulan borcdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Bu səbəblə Cavabdeh 846,03 manat əsas borc, 45,53 manat faiz borcu olmaqla, cəmi 891,56 manat kredit borcu tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə xitam verilməli, Cavabdeh iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 846,03 manat məbləğində əsas borc, xx.xx.2020-ci il tarixinə hesablanmış 45,53 manat faiz borcu olmaqla, cəmi 891,56 manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 846,03 manat məbləğində əsas borc, xx.xx.2020-ci il tarixinə hesablanmış 45,53 manat faiz borcu olmaqla, cəmi 891,56 (səkkiz yüz doxsan bir manat əlli altı qəpik) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar