Məhkəmə qərarları › İş №2(010)-402/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-402/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-402/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Qocazadə Aysel Məzahir qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair ərizəsi mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən vurulmuş zərərə görə 5840 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 sentyabr 2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Lada 04” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq iddiaçının idarə etdiyi “Renault” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən 5840 manat məbləğində zərər vurmuş və maşının hər iki tərəfini yararsız hala salmışdır. Cavabdeh vurduğu zərərin aradan qaldırılması ilə bağlı heç bir hərəkət etməmiş, dəfələrlə vurulan zərərin ödənilməsi tələb edilsə də, heç bir nəticə verməmişdir. Bu səbəbdən də iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ona məxsus avtomobilə qəsdən zərər yetirmişdir və ona dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş müvafiq ekspert rəyi ilə də tanış olmuşdur və ekspert rəyində müəyyən edilmiş məbləğlə razıdır və heç bir etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 13 sentyabrda hadisə baş vermiş və o, bununla bağlı sığortaya müraciət etmişdir. Belə ki, hadisə baş verməmişdən əvvəl o, işdə olmuşdur. İddiaçı artıq iki gün idi ki, onun evinə basqın edərək hazırki nikahdan olan arvadını və 1 yaşlı uşağını ölümlə hədələyirdi. Arvadı ona zəng edərək bildirmişdir ki, tez evə gəlsin. O, evə çatanda iddiaçı artıq maşınla dönərək qaçırdı. O da iddiaçının ardınca maşını sürən zaman yer sürüşkən olduğundan tormozu vursa da, maşın sürüşmüş və iddiaçının maşınına dəymişdir. Onun maşının sağ hissəsi iddiaçının maşının sol hissəsinə dəymişdir. Polisə və sığortaya o, özü zəng edərək məlumat vermişdir. Sığortadan isə ona bildirilmişdir ki, qarşı tərəfin maşının düzəldə bilərlər, lakin o, öz maşınını özü düzəltməlidir. Müvafiq ekspert rəyi ilə tanış olmuşdur və ekspert rəyində dəymiş zərərin qiymətləndirilən məbləği ilə razıdır və heç bir etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. İş materialları Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-də verilmiş izahatın məzmunundan müəyyən olunur ki, “...xx.xx.2023-cü il tarixdə saat təxminən 12-13:00 radələrində evdən ona zəng gələrək bildirilmişdir ki, Fərqanə yenə gəlmiş, evin pəncərələrinin şüşələrini qıraraq evə girmək istəyir. O da dərhal özünə məxsus “VAZ” 2104 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək sürətlə evinə doğru hərəkət etmiş və evə çatanda avtomobilin əyləci tutulmuş və yer yaş olduğu üçün avtomobil sürüşərək Fərqanənin avtomobilə dəymişdir. Fərqanə hadisənin qəsdən baş verdiyini bildirərək “DİN”nin 102 xidmətinə zəng etmiş və hadisə yerinə Polis əməkdaşları gəlmişdir. Onun avtomobilinin ili köhnə olduğu üçün əyləcdə nasazlıq yaranmış, həmçinin yer yaş olduğu üçün avtomobil sürüşərək Fərqanənin avtomobilinə dəymişdir ”. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-də verilmiş izahatın məzmunundan müəyyən olunur ki, “...xx.xx.2023-cü il tarixdə yenidən həmin evə getmiş, qapını neçə dəfə döysə də qapını açan olmamışdır. O da özünə məxsus “Renault Clio” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək geri qardaşının evinə getmək istəyərkən keçmiş həyat yoldaşının sol tərəfdən gəldiyini görmüşdür. Keçmiş həyat yoldaşı qəsdən sürəti artıraraq onun istiqamətinə doğru hərəkət etməyə başlamış və qəsdən onun avtomobilinin sol tərəfinə çırpılmışdır. Sonra avtomobildən enərək onun avtomobilinə doğru gəlmiş və onu avtomobildən çıxararaq döyməyə başlamışdır. O isə həyat yoldaşının əlindən birtəhər çıxaraq, avtomobili orada qoyaraq hadisə yerindən qaçmış və “DİN”in 102 xidmətinə zəng etmiş və az sonra da hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi və AR İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati xəta haqqında icraatın başlanmasının rədd edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı və Cavabdeh əməllərində xırda xuliqanlıq olduğundan onların barəsində AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədilə qərarın surətinin PŞ-nın aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD N seriyalı, 331684 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Renault Clio” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alğı-satqı müqaviləsi əsasında X1 adına qeydiyyatdan keçmişdir. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ƏN-Vİİİ seriyalı, 664284 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən müəyyən olunur ki, “Renault Clio” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 tərəfindən qeyd edilən nəqliyyat vasitəsi üzrə müvafiq səlahiyyətlər (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) İddiaçı etibar edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 54/2-105/24 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Suraxanı RPİ-nin İŞ-də araşdırma aparılmış, materialda cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material qərar qəbul edilməsindən ötrü Suraxanı RPİ-nin 30-cu PŞ-nə göndərilməsindən ötrü Suraxanı Rayon Prokurorluğuna vəsatət verilmiş, vəsatət təmin olunduğundan material Suraxanı RPİ-nin 30-cu PŞ-nə göndərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 0169/24 nömrəli cavab məktubundan müəyyən olunur ki, “Renault” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023 – xx.xx.2024-cü il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalı olmuşdur. Lakin xx.xx.2023-cü il tarixində baş vermiş hadisə ilə bağlı "xxxx" ASC-yə hər hansı məlumat daxil olmamış, bu səbəbdən hadisə qeydə alınmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 0793/L nömrəli cavab məktubundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC ilə Cavabdeh arasında hadisə tarixi zamanı qüvvədə (xx.xx.2023-cü il) sığorta müqaviləsi bağlanmışdır. “İcbari sığortalar haqqında” Qanunun 52-1.1-ci maddəsinə əsasən, yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətinin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə və zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/2416 nömrəli ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı, “Reno” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2815 manat müəyyən edilir. O cümlədən: 1) Dəyişilməli hissələrin qiyməti – 1615 manat; 2) Təmir-bərpa işlərinin qiyməti – 1200 manat. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Renault Clio” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir və xx.xx.2024-cü il tarixdə onun adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş “9” ədəd fotoşəkildən “Renault” markalı, qırmızı rəngli nəqliyyat vasitəsinin qəzalı vəziyyətdə olması görünür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 003231 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı şəhid ailəsi üzvüdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.” Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olan avtomobilinə qeyd olunan tarixdə və vaxtda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Yəni, cavabdeh tərəf də bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal həmin zərərin yetirilməsində cavabdehin təqsiri olub-olmaması yaxud təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranıbyaranması ilə bağlıdır. Cavabdeh həmin zərərin onun tərəfindən qəsdən vurulmadığına görə məsuliyyətinin istisna olunduğunu hesab etsə də məhkəmə qeyd edir ki, zərərin qəsdən vurulmaması təqsirsizliyi ehtiva etmir. Hətta bu qəbildən olan mübahisələrdə təqsir olmadan da zərərin vurulmasına görə mülki məsuliyyət nəzərdə tutulmuşdur. Çünki, Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir Maddi ziyanın məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı maddi ziyana görə cavabdehdən 5840 manat tələb etsə də, xx.xx.2024-ci il tarixli 9/2416 saylı ekspert rəyi ilə nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 2815 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Ekspert rəyi ilə müəyyən edilən maddi ziyanın məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalqa maddi ziyanın tutulması hissəsində iddia qismən təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 2815 manat tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 2815 (iki min səkkiz yüz on beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar