Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4020/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3393/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsində dəyişiklik edərək Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat olmaqla cəmi 386 manat cavabdehdən onun xeyrinə aliment tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 (əlli) AZN məbləğində xərcin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmə səbəbi yaşayış minimunun qalxması, bahalaşma və yaşayışın çətinləşməsi olmuşdur. Bu səbəbdən də ona uyğun olaraq aliment məbləği qalxmalıdır. Özü müəllimə işləsə də, cavabdehin ödədiyi aliment məbləği ilə uşaqları saxlamaq olmur. Cavabdeh taksi sürücüsü işləyir və onun üçün əlavə 50 manat ödəmək problem deyil. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3393/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 18.01,2013-cü il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış 15 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü imanlı Abdurrəhman Fərid oğlu iddiaçı - anaları İddiaçı yanında saxlanılmaları, Cavabdeh xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü imanlı Abdurrəhman Fərid oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan iki uşaqlarının olması, həmin uşaqların analarının yanında qalmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3393/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat miqdarda alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı cavabdehin taksi sürücüsü işlədiyini və kifayət qədər gəlir əldə etdiyini iddia etsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Bundan əlavə, iddiaçının özünün də bildirdiyi kimi hazırda məktəbdə müəllimə işləyir və aylıq qazanca malikdir. Göründüyü kimi iddiaçı sadəcə olaraq yaşayış minimumun artması səbəbindən alimentin artırılmasını istəmişdir. Halbuki, yaşayış minimumun artması alimentin məbləğinin artırılması üçün əsas deyil. Çünki qanunvericiliyin tələbinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Odur ki, məhkəmə iddiaçının işləyərək müntəzəm əmək haqqısının olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı da cavabdeh ilə birlikdə bərabər hüquq və vəzifələrə malikdir və uşağın saxlanmasında bərabər şəkildə iştirak etməlidir. Həmçinin, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklliyin (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) olmasını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün mediasiya orqanına ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Mediasiya orqanına ödənilmiş 50 (əlli) manat məbləğində rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-4020/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4020/2022
13.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver