Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4027/2021 10.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 09.10.2015-ci il təvəllüdlü X13 və 16.09.2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşma çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay cəmi 350 manat olmaqla, mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02.11.2015-ci ildə Cavabdeh ilə nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 09.10.2015-ci il təvəllüdlü X13 və 16.09.2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə nikahın pozulması, uşaqların iddiaçının himayəsinə verilməsi və hər bir uşaq üçün ayda 150 (yüz əlli) manat alimentin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Hətta alimenti belə vaxtı vaxtında ödəmir. Uşaqlar böyüdükcə məsrəfləri də yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə qərar qəbul etdiyi müddətdən indiyə qədər borclu alimenti vaxtı-vaxtında ödəmir. Məhkəmə qərarı çıxarılmış olsa da, məhkəmə qərarı icra olunmur. Belə olan halda isə iddiaçı övladı ilə çıxılmaz vəziyyətdə qalır, onların gündəlik tələbatlarını ödəyə bilmir. Qeyd etdiyi səbəblərə görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar İddiaçı bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 09.10.2015-ci il təvəllüdlü X13 və 16.09.2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşma çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay cəmi 350 manat olmaqla, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək, oğlunun əvvəllər aşpaz işlədiyini, lakin hal-hazırda işsiz olduğunu, rəsmi gəlir yerinin olmadığını bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, X10 ilə Cavabdeh arasında 02 noyabr 2015-ci il tarixdə 5 saylı “Bakı Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınan 1558 saylı nikah akt qeydi pozulması, 09.10.2015-ci il təvəlldülü X14 və 16.09.2017-ci il təvəllüdlü X11 anası X5 yanında qalması müəyyən edilməsi, və 09.10.2015-ci il təvəlldülü X14, 16.09.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 yanvar 2021-ci il tarixdən hesablanaraq hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat aliment tutularaq iddiaçı Cavabdeh oglunun xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli, AZ-İ seriyalı, 377168 saylı nikahın pozulması haqqında şəhadətnamənin sürətinə əsasən Cavabdeh və X12 aralarında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 aprel 2021-ci il tarixdə 174 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin soyadı Abdullayev, arvadın isə Məmmədova kimi qeyd edilmişdir. 5 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ seriyalı 630244 nömrəli, 08.11.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X13 09.10.2015-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08 noyabr 2015-ci il tarixdə 624 sayla qeyd edilmişdir. Ata qrafasında X8, ana qrafasında X12 qeyd edilmişdir. 5 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən AZ-İV seriyalı 021332 nömrəli, 13.10.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X9 16.09.2017-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 13 oktyabr 2017-ci il tarixdə 4788 sayla qeyd edilmişdir. Ata qrafasında X8, ana qrafasında X12 qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materialları əsasında və məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı X4 02.11.2015-ci il tarixində rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan 09.10.2015-ci il təvəllüdlü X13, 16.09.2017-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2021ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, X10 ilə Cavabdeh arasında 02 noyabr 2015-ci il tarixdə 5 saylı “Bakı Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınan 1558 saylı nikah akt qeydi pozulması, 09.10.2015-ci il təvəlldülü X14 və 16.09.2017-ci il təvəllüdlü X11 anası X5 yanında qalması müəyyən edilməsi, və 09.10.2015-ci il təvəlldülü X14, 16.09.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 yanvar 2021-ci il tarixdən hesablanaraq hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat aliment tutularaq iddiaçı Cavabdeh oglunun xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 150 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bu səbəblə məhkəmənin qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları da sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4027/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4027/2021
10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver