Məhkəmə qərarları › İş №2(010)-4032/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4032/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4032/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh2 2500 manat və Cavabdeh1 isə 3000 manat pulun alınaraq ona geri qaytarılması və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən iddianın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh1 3000 manat, Cavabdeh2 isə 2500 manat məbləğində pul tələb edir. Həmçinin, iddia ərizəsindən görünür ki, bu pullar İddiaçı cavabdehlərə ayrı vaxtlarda, ayrı-ayrılıqda, bir-biri ilə əlaqədar olmayan səbəblərdən verilmiş borc pullardır. Belə ki, iddiaçı özü qeyd edir ki, ilk öncə cavabdehlərdən birinə yaxın müddətdə qaytarmaq şərtilə borc pul vermiş, daha sonra digər cavabdeh tamam başqa səbəbdən ondan borc pul istəmiş, lakin hər ikisi borcunu qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin ana-qız olması və ikisinin də iddiaçıya olan borcunu qaytarmaması onlara qarşı istənilən pul tələbinin bir iddia ərizəsində birləşdirilə biləcəyi mənasına gəlmir. Belə ki, qanunvericilik yalnız bir-biri ilə bağlı olan tələbləri bir iddia ərizəsində birləşdirməyə yol verir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hazırkı iddia ərizəsindən isə görünür ki, iddiaçı iki ayrı şəxsə, ayrı-ayrı vaxtlarda, ayrı səbəblərdən verdiyi və geri qaytarılmadığını iddia etdiyi borc pulu tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, bir-biri ilə heç bir bağlılığı olmayan iki tələb bir iddia ərizəsində birləşdirilərək məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar