Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-405/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1 və Tağıyeva (Nəzərli) Pəri Abbas qızının, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və Tağıyeva (Nəzərli) Pəri Abbas qızının Cavabdeh qarşı “qanunsuz istifadəyə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı3, İddiaçı1 və Tağıyeva (Nəzərli) Pəri Abbas qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mənzildən qanunsuz istifadəsinə xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı3 xx.xx.2002-ci ildə Mahmudova (Tağiyeva) Vəfa Fizuli qızı ilə rəsmi nikaha daxil olmuş və ilk vaxtlar ailələrinin razılığı ilə mənzilin keçmiş sahibi Abbas Tağıyevin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yaşamışlar. O zaman həmin evdə özü (İddiaçı1), Abbas Tağıyev, Nəzərli (Tağıyeva) Pəri Abbas qızı və İddiaçı3 yaşayırdı. Sonradan İddiaçı3 öz ailəsi ilə birlikdə Bakı şəhəri X1 yaxınlığındakı evə köçmüş və bir müddət həmin mənzildə yaşamışlar. Lakin yaşadıqları mənzilin keçmiş sakini Abbas Tağıyev vəfat etdikdən sonra ailə üzvlərinin razılığı ilə atalarının yaşadığı mənzil boş qalmasın deyə İddiaçı3 və Cavabdeh övladları ilə birlikdə həmin mənzilə köçmüşdür. Həmin vaxtlarda X1 yaxınlığındakı mənzil satılmış və əldə edilən vəsait isə, hüzr mərasiminin keçirilməsinə, Anar və Vəfa Tağıyevlərin övladlarının təhsilinə, xəstəliklərinin müalicəsinə və ailə üzvlərində əmələ gələn xəstəliklər üzrə məcburi tibbi əməliyyatın olunmasına, aldıqları borcların qaytarılmasına, cavabdeh Vəfa üçün qızıl-zinət əşyalarının alınmasına xəclənmişdir. Cavabdeh son bir neçə ildə özünü pis və əxlaqsız aparmış, mənzildə əziyyətlə qazandıqları və ailələrinin gələcəyinin təminatı olan pul vəsaitlərini özbaşına götürərək öz gəzintisinə sərf etmiş və onun üçün alınmış qızıl-zinət əşyalarını başqa adamların obyekt açmasına səf etmişdir. O, (Maisə Tağiyeva), Anar Tağiyev və Nəzərli (Tağiyeva) Pəri cavabdehin qorxusundan həmin mənzilə gedə bilmirlər və cavabdehin qanunsuz hərəkətlərindən mənzilə köçüb yaşamaqdan qorxurlar. Onlar mənzilə gələn kimi, Vəfa dava salır və sonra 102-xidmətinə zəng edərək güya söyüldüyünü və döyüldüyünü bildirir. Daha sonra məlum olub ki, Vəfa polislərlə onları hədələyir, polisin adı ilə onlara təzyiq etməklə istifadə edir. Azyaşlı övladlarını yalan danışmağı, şər atmağa təzyiq altında məcbur edir. Cavabdehin onların mülkiyyətində olan mənzilinə heç bir istifadə hüquq yoxdur və cavabdehin rəsmi qeydiyyatı başqa mənzilədir. Göstərilən mənzil onların xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehin günahı üzündən öz mənzillərindən istifadə edə bilmirlər. Ona görə də Cavabdeh onlara məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 2002-ci il tarixdə ailə qurmuş və daha sonra münasibətləri cavabdehin əxlaqsız hərəkətlərinə görə pozulmuşdur. Hazırda mübahisəli mənzilin 1/6 hissəsi onun mülkiyyətindədir, lakin cavabdeh onu həmin mübahisəli evdə yaşamasına icazə vermir. O mənzilə daxil olan kimi cavabdeh 102 nömrəsinə zəng vurur və onun barəsində əsassız şikayətlər edir. Halhazırda Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Buna görə də onlar arasında bağlanmış nikah pozulduğundan və hal-hazırda aralarında heç bir bağ qalmadığından iddia tələbinin təmin olunmasını və cavabdehin onların mülkiyyətində olan evdən çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı Tağıyeva (Nəzərli) Pəri Abbas qızı məhkəmə iclasında digər iddiaçıların izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, mübahisəli evdə evləndikdən sonra 1 ay yaşamışdır. Daha sonra keçmiş həyat yoldaşı ilə birlikdə kirayədə yaşamaq üçün evdən çıxmışlar. Onlar (Cavabdeh) valideynlərinin yanında bir müddət yaşadıqdan sonra yataqxanadan bir otaqlı ev alaraq orada yaşamağa başlamışlar. Daha sonra problem yaşandığından onlar 2007-ci ilin yanvar ayında yenidən mübahisələndirilən mənzilə köçmüşlər. O, İddiaçı3 ilə rəsmi nikahdan boşandıqdan sonra Anar uşaqları ilə maraqlanmamışdır. Hətta onu mübahisəli mənzilə qeydiyyata aldırmadılar. Hal-hazırda İddiaçı3 həmin mənzildən 1/6 hissədə payı mövcuddur. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Asan 5 orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı3, İddiaçı1, X8 və Tağıyeva (Nəzərli) Pəri Abbas qızı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzili xüsusi mülkiyyət hüquqları üzrə İddiaçı1 4/6 hissədə, İddiaçı3 1/6 hissədə və Tağıyeva (Nəzərli) Pəri Abbas qızına 1/6 hissədə adlarına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4068/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı3 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin olunmuş, İddiaçı3 ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış və Səadət sarayı «Bakı nikah evi» tərəfindən nikah bağlanması haqqında akt qeydləri kitabında 637 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmaları, İddiaçı3 xx.xx.2020-ci ildən hesablanmaqla xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh borc məsələsilə bağlı Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki qaydada Məhkəməyə müraciət etmək hüququnun olmazı izah olunmuşdur. X5 barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinə əsasən inzibati qaydada tətbiq görülməsi məqsədilə, qəbul edilmiş qərarın surəti Nizami RPİ-nin 25-ci PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh Tağıyev Anar Abbas oğluna qarşı kompensasiya verilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə və İddiaçı3 cavabdeh X4 qarşı miras əmlakından vərəsəlik payının müəyyən edilməsinə dair iddiaları təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilində M.Ramazanovanın 4/6 hissədə, Atağıyevin 1/6 hissədə, P.Tağıyevanın 1/6 hissədə payları müəyyən edilmiş, cavabdeh İddiaçı3 iddiaçı M.Ramazanova tərəfindən 6500 ABŞ dolları və ya həmin məbləğin manata məzənnəsinə uyğun pul kompensasiya verilməklə onun və ailə üzvlərinin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 1MK-1505/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi qismən, cavabdeh İddiaçı3 iddiaçı M.Ramazanova tərəfindən 6500 ABŞ dolları və ya həmin məbləğin manata məzənnəsinə uyğun pul kompensasiya verilməklə onun və ailə üzvlərinin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (xx xxxx 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Beləliklə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqa malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ həmin məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-nin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitutsiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-nin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının MPM-in 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə məhkəmə tərəfindən müəyyən olunub ki, İddiaçı3 ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə nikah bağlanmış və cavabdeh mübahisəli mənzildə cəmi bir ay yaşamış və sonradan yaşamaq üçün oradan başqa ünvana köçmüşdür. 2007-ci ilin yanvar ayından yenidən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilinə köçərək orada yaşamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4068/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh Tağıyev Anar Abbas oğluna qarşı kompensasiya verilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə və İddiaçı3 cavabdeh X4 qarşı miras əmlakından vərəsəlik payının müəyyən edilməsinə dair iddiaları təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzildə M.Ramazanovanın 4/6 hissədə, Atağıyevin 1/6 hissədə, P.Tağıyevanın 1/6 hissədə payları müəyyən edilmiş, cavabdeh İddiaçı3 iddiaçı M.Ramazanova tərəfindən 6500 ABŞ dolları və ya həmin məbləğin manata məzənnəsinə uyğun pul kompensasiya verilməklə onun və ailə üzvlərinin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1MK-1505/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi qismən, cavabdeh İddiaçı3 iddiaçı M.Ramazanova tərəfindən 6500 ABŞ dolları və ya həmin məbləğin manata məzənnəsinə uyğun pul kompensasiya verilməklə onun və ailə üzvlərinin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və Tağıyeva (Nəzərli) Pəri Abbas qızı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilinin mülkiyyətçisi olduğundan, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqları barədə mülkiyyətçi ilə aralarında notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına üçüncü şəxslərin müdaxiləsini aradan qaldırmaq üçün iddia tələbi qismən təmin olunmalı və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilindən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, qanunvericilikdə yalnız yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəzərdə tutulduğundan Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilindən qanunsuz istifadəsinə xitam verilməsi hissəsində iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilindən çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-405/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-405/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver