Məhkəmə qərarları › İş №2(010)-4054/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4054/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4054/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh iddiaçının yanında qalan yetkinlik yaşına çatmayan övladı xx.xx.2008-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh 11 .01.2008-ci ildə rəsmi nikah qeydiyyatından keçərək el adəti ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşıyır, həmin vaxtdan övladı iddiaçının və anasının yanında qalmışdır. Cavabdeh iddiaçının 6 aylıq hamilə olmasına baxmayaraq Bakı şəhər Abşeron rayon məhkəməsində iddiaçıya qarşı nikahın ləğvi tələbinə dair iddia qaldırmışdır. Cavabdehin tələbi Abşeron Rayon Məhkəməsində xx.xx.2008-ci il tarixdə qismən təmin edilərək aralarında olan nikah pozulmuşdur. İddiaçı 2013-cü ildə Cavabdeh qarşı övladı X2 görə aliment tələbinə dair iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmiş, bununla bağlı yanında qalan yetkinlik yaşına çatmayan övladı X1 üçün iddiaçının xeyrinə Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qət edilmişdir. Lakin cavabdeh 2013-cü ildən 2017-ci ilədək toplam bir il aliment verməmişdir. Cavabdeh 2012-ci ilin mart ayından 2022-ci ilədək məhkumluq həyatı yaşadığına görə övladı Buludun saxlanılması üçün bir manat bele aliment ödəməmişdir. Lakin Cavabdeh 2023-cü ildən hər ay 100 manat sabit pul məbləğində aliment ödəyir. Hazırda həmin miqdarda olan pulla övladını saxlamaq və onun təlabalarını ödəmək çox çətindir. Övladının tələbatlarını ödəmək üçün anası iddiaçıya köməklik etsə də yenə də çətinlik çəkir. İddiaçı bir ana kimi onun arzusunu həyata keçirə bilmir, cavabdeh alimenti gecikdirmələrlə ödəyib. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, o, fərdi olaraq taksi sürücülüyü ilə məşğul olur. Rəsmi heç bir yerdə işləyə bilmir, belə ki, barəsində çıxarılan hökm tam icra olunmamışdır. Məhkumluğu ilə əlaqədar o, işlə təmin oluna bilmir. Bundan başqa, onun himayəsində həyat yoldaşı və iki uşağı vardır. O, heç bir yerdə işləmədiyinə görə maksimum hər ay 150 manat məbləğində aliment ödəyə bilər. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)-4619/2013 saylı qətnaməsindən görünür ki, 05 iyun 2013-cü il tarixdən hesablanmaqla Cavabdeh 29 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq X3 xeyrinə tutulması qət edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının "mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/16-00977 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması tələbi üzrə xx.xx.2023-cü il tarixində 13:00-dan 13:30-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladı doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)- 4619/2013 saylı qətnaməsi ilə 05 iyun 2013-cü il tarixdən hesablanmaqla Cavabdeh 29 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq X3 xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı, Cavabdeh iddiaçının yanında qalan yetkinlik yaşına çatmayan övladı xx.xx.2008-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Cavabdeh hər ay 150 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi İddiaçı, Cavabdeh iddiaçının yanında qalan yetkinlik yaşına çatmayan övladı xx.xx.2008-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Cavabdeh məhkəmə iclasında heç bir yerdə işləmədiyinə və evli olduğuna görə maksimum hər ay 150 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 175 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)-4619/2013 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4054/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (175 x 12= 2100 manat) mütənasib olan 41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)-4619/2013 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4054/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar