Məhkəmə qərarları › İş №2(010)-4056/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4056/2025

15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4056/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 108.1.1-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməli olduğu hallardan biri kimi iddia ərizəsinin verilməsi imperativ qaydada təsbit edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə əlavə edilməli olan sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir və bu sənədin iddia ərizəsinə əlavə olunmaması iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas təşkil edir. Analoji mövqeni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsi bir daha təsdiq edir. Belə ki, həmin maddəyə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı cavabdehdən tələb etdiyi pul məbləği ilə bağlı konkret rəqəm qeyd etməsə də, ərizənin məzmunundan iddia tələbinin qiyməti ümumilikdə 44000 manat başa düşülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı iddia qiymətinin 44000 manat təşkil etməsi nəzərə alınmaqla, məhkəməyə müvafiq iddia qiymətini əhatə edən iddia tələbi ilə müraciət edilməsi üçün 222 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin, iddiaçı tərəfindən yuxarıda qeyd edilən qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsindən azad edilməsi ilə bağlı heç bir məlumat ərizədə qeyd olunmamış və buna dair sənədlər təqdim edilməmişdir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 152, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar