Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4069/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı Mürsəlova Aynur Müslüm qızının, Cavabdeh Abbasov Ramiz İsrail oğlunun iştirakı ilə, İddiaçı Mürsəlova Aynur Müslüm qızının cavabdeh Abbasov Ramiz İsrail oğluna qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Mürsəlova Aynur Müslüm qızı cavabdeh Abbasov Ramiz İsrail oğluna qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan 10 iyul 2013-cü il təvəllüdlü Abbasova Nuray Ramiz qızının saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin cavabdeh Abbasov Ramiz İsrail oğlundan tutularaq iddiaçı Mürsəlova Aynur Müslüm qızına ödənilməsi və ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu artdıqca aliment məbləğinin də ona uyğun indeksasiya edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mürsəlova Aynur Müslüm qızı 14.09.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin başlıq hissəsini təşkil edən “alimentin həcminin artırılmasına dair” sözlərinin alimentin sabit pul məbləğində tutulmasına dair sözləri ilə dəyişdirilməsini xahiş etmişdir. İddiaçı Mürsəlova Aynur Müslüm qızı ərizə ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinə dəqiqləşmə verərək, 2(006)-175/2015 saylı qətnamə ilə təyin edilmiş alimentin miqdarının ödənilməsi dəyişdirilərək hər ay 235 manat pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Abbasov Ramiz İsrail oğlunun və cavabdeh Abbasova Aynur Müslüm qızının arasındakı nikah pozulmuşdur. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli, 2(006)-175/2015 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş 10 iyul 2013-cü il təvəllüdlü Abbasova Nuray Ramiz qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 108 manat aliment məbləğinin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Hal-hazırda Abbasova Nuray Ramiz qızının 11 yaşı var. Nəsimi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəyirlər ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə çox vaxt vaxtında ödəmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bakı şəhəri 6 saylı mediasiya təşkilatına müraciət etsələrdə cavabdehlə razılıq əldə edilmədi və 15.07.2024-cü il tarixli MŞB/6-01276 nömrəli Mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən iddiaçı Mürsəlova Aynur Müslüm qızı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 140 manat uşağın maddi tələbatlarını ödəmir. Uşağın 11 yaşı var. Qarşı tərəf heç bir dəfə də qızı ilə maraqlanmayıb. 2015-ci ildə boşanmışdırlar. Onlar boşananda uşağın 2 yaşı var idi. Ola bilsin, rəsmi iş yeri yoxdur. Aliment ödəməmək üçün rəsmi işləmir. O vaxt o işləyirdi. Onu işdən çıxartdı. İndi iş tapa bilmir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmənin iclasında iştirak edən cavabdeh Abbasov Ramiz İsrail oğlu bildirmişdir ki, 2015-ci ildə rəsmi iş yeri var idi. Hazırda işləmir. Daha az məbləğdə aliment ödəyə bilər. Başqa övladı yoxdur. İddianın rədd olunmasını xahiş edir. İş materialları. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-III seriyalı 151855 nömrəli 12.09.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasova Nuray Ramiz qızı (atası Abbasov Ramiz İsrail oğlu, anası Abbasova Aynur Müslüm qızı) 10.07.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 sentyabr 2013-cü il tarixdə 1417 sayla qeyd edilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 23.04.2016-cı il tarixdə verilmiş, AZ-I seriyalı 241176 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasov Ramiz İsrail oğlu və Abbasova Aynur Müslüm qızı arasında bağlanmış nikaha xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 26.01.2016-cı il tarixində 20 nömrə ilə qeyd edilmiş, nikah ləğv edildikdən sonra arvada Mürsəlova soyadı qaytarılmışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-175/2015 saylı 26.01.2015-ci il tarixli qətnaməsi ilə Abbasov Ramiz İsrail oğlu ilə Abbasova Aynur Müslüm qızı arasında 17 sentyabr 2011-ci il tarixdə bağlanmış və Bakı nikah evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 sentyabr 2011-ci il tarixdə 1798 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 10 iyul 2013-cü il təvəllüdlü Abbasova Nuray Ramiz qızının anası Abbasova Aynur Müslüm qızının yanında qalmasının müəyyən edilməsi, 10 iyul 2013-cü il təvəllüdlü Abbasova Nuray Ramiz qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və 35 manat sabit pul məbləğində aliment Abbasov Ramiz İsrail oğlundan tutularaq Abbasova Aynur Müslüm qızına verilməsi qət edilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/6-01276 nömrəli 15.07.2024-cü il tarixdə verilmiş “Mediasiya Prosesinə xitam verilməsi haqqında” protokoldan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, 15.07.2024-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında birinci tərəf Mürsəlova Aynur Müslüm qızı və ikinci tərəf Abbasov Ramiz İsrail oğlu iştirak etmişlər. Mediasiya sessiyasında tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. Həmçinin, həmin müqaviləyə əsasən 50 manat məbləğində rüsum Mürsəlova Aynur Müslüm qızı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin II-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin III və IV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından bir uşağı doğulmuş və tərəflər arasında nikah pozulduqdan sonra bu uşaq iddiaçının yanında saxlanılmışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-175/2015 saylı 26.01.2015-ci il tarixli qətnaməsi ilə 10 iyul 2013-cü il təvəllüdlü Abbasova Nuray Ramiz qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarı cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında təyin edilmişdir. Cavabdeh izahatında bildirmişdir ki, hal-hazırda işləmir və daimi gəliri yoxdur. Məhkəmə qeyd edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı bu uşağın saxlanılması üçün cavabdehdən alimentin ödənilməsinin dəyişdirilməsini və alimentin qanunvericilikdə nəzərdə tutulmuş sabit pul məbləği həcmində artırılmasını tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Nəsimi rayon Məhkəməsinin 2(006)-175/2015 saylı, 26.01.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 10 iyul 2013-cü il təvəllüdlü Abbasova Nuray Ramiz qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Abbasov Ramiz İsrail oğlundan tutularaq Mürsəlova Aynur Müslüm qızına verilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 31,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Nəsimi rayon Məhkəməsinin 2(006)-175/2015 saylı, 26.01.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. 10 iyul 2013-cü il təvəllüdlü Abbasova Nuray Ramiz qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Abbasov Ramiz İsrail oğlundan tutularaq Mürsəlova Aynur Müslüm qızına verilsin. Ödənilməmiş 31,4 manat məbləğində dövlət rüsumu cavabdeh Abbasov Ramiz İsrail oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva