Məhkəmə qərarları › İş №2(010)-407/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-407/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-407/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Mustafayev Otarinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Mustafayev Otarinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 565 manat borcu, 31 manat xidmət haqqının və 51 manatda dövlət rüsumunun, ümumilikdə 647 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 iyul 2024-cü il tarixdə internet vasitəsi ilə Cavabdeh manqal ustası olması barədə məlumat almış, onun internetə qoyduğu telefon nömrəsinə zəng etmişdir. O, özünü iş icraçısı kimi qələmə verdi və onlar görüşdülər, cavabdeh görəcəyi işin dəyərini və rəsmi idarə olduqlarını, ilkin ödəniş edildikdə işə başlayacaqlarını bildirmişdir. İddiaçı razılaşmış, onun dediyi məbləğin bir hissəsini, yəni 282 manat pulu onun verdiyi LEObank kartına vurmuşdur. Razılaşma aktında isə 565 manata razılaşmışdırlar. Hətta vaxta görə razılaşmışdırlar ki, cavabdeh işi ən geci 7-8 günə təhvil verəcəkdir. Sonra isə material almaq üçün ondan qalan məbləği istədi, o isə verdi. Eyni zamanda təmir işinə zəmanət də verdi ki, hər hansı çatışmazlıqlar olarsa tərəfindən qarşılanacaqdır. Razılaşma aktına hər ikisi imza etdilər. Həmin gündən cavabdeh telefonu söndürüb cavab vermir. Tərəflərin izahatları. İddiaçı Mustafayev Otari xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq edərək, idia tələbini müdafiə etdiyini, sübutları təhvil verdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 256622 saylı qəbzdən görünür ki, Mustafayev Otari tərəfindən "xxxx" MMC-ə 31 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli razılaşma aktından görünür ki, Cavabdeh arasında akt tərtib edilmişdir. Həmin akta əsasən, hazırki proyekt letni kuxnaya aid olan manqalni xidmətinin görülməsi, E-1.52H2.50A0.80 ölçülərində açıq krem rəngində kərpic qatından və istifadə olunacaq sahə dəmir konstruksiyadan ibarətdir. Bu aktda qarşılıqlı razılaşma əsasında, ümumi məbləğin 565 AZN olması, ümumi ödənişlərin 2 hissədən ibarət olacağı (50/50 ödənişlər təmir getdiyi zamandan hissəli şəkildə), ilkin ödəniləcək məbləğin təmir zamanı 282 AZN, Razılaşma aktı təqdim edildiyi zaman 282 AZN olacağı, ümumi proyektin 7-8 iş günü ərzində tamamlanıb təhvil veriləcəyi, ödənişin **********965836 leobank vasitəsilə şəxsi hesaba köçürüləcəyi razılaşdırılmışdır. Cavabdeh tərəfindən razılaşdırılmış təmir xidməti yuxarıda qeyd edilən şəkildə aparılmasına zəmanət vermiş, hər hansısa narahatçılıq və ya çatışmamazlıq olduqda Cavabdeh tərəfindən qarşılanacağı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin qəbzindən görünür ki, 21 iyul 2024-cü il tarixdə 4127***8018 nömrəli kartdan 4098***5836 nömrəli karta 282 manat ödəniş edilimişdir. İş materiallarında olan whatsapp yazışmalarından görünür ki, Mustafayev Otari ilə Cavabdeh arasında görüləcək işlə bağlı danışıqlar aparılmış, daha sonra isə Cavabdeh ödənilmiş məbləğin geri qaytarılması tələb edilmiş, o isə geri qaytaracağını bildirmişdir. İş materiallarında olan elandan görünür ki, təmir xidmətləri ilə bağlı elan müvafiq websayta yerləşdirilmişdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X2 tərəfindən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə Gəncə şəhər Məhkəməsinə 50 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.... Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.... 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.... 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 459. İlkin vəziyyəti bərpa etmək vəzifəsi 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.... 459.6. Qabaqcadan razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etmək yolverilməzdir. 459.7. Zərərin həcmi müəyyənləşdirilərkən öhdəliyin lazımınca icrası barəsində kreditorun mənafeləri də nəzərə alınmalıdır. Zərərin həcminin müəyyənləşdirilməsi üçün müqavilənin icrası yeri və vaxtı da nəzərə alınmalıdır. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.....Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.... Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2 iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında azad surətdə razılaşma aktı (müqavilə) imzalanmış və şərtlər müəyyənləşdirilmişdir. Tərəflər arasında imzalanmış razılaşma aktı mahiyyətcə podrat müqaviləsidir, aktda təmir xidmətinin göstərilməsi nəzərdə tutulmuşdur. Razılaşma aktına əsasən, cavabdeh ümumi proyekti 7-8 gün ərzində hazırlayıb iddiaçıya təhvil verməlidir. Həmçinin aktda ümumi ödənişin hissəli olduğu – ilkin ödəniş 282 manat, təmir getdiyi zamandan isə 282 manat olmaqla müəyyənləşdirilmişdir. Bu məbləğin bir qismi – ilkin ödəniş iddiaçı tərəfindən ödənilmiş, lakin cavabdeh razılaşma aktında nəzərdə tutulan xidməti icra etməmişdir. İddiaçı razılaşma aktının şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə razılaşma aktı üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktların normaları baxımından, məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, cavabdeh dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya razılaşma aktı üzrə aldıqlarını qaytarmalıdır. İddiaçı məhkəmə iclasındaki izahatında cavabdehdən tələb etdiyi 565 manat puldan 282 manat məbləğində pulu cavabdehin hesabına köçürmüş olduğunu, qalan hissəsi – 283 manatını isə nağd şəkildə verdiyini bildirmişdir. İş materiallarında olan qəbzlə iddiaçının 282 manat məbləğində pulu cavabdehin kart hesabına köçürdüyü sübut edilmişdir. Lakin tələbin digər hissəsi – 283 manat pulun cavabdehə nağd qaydada verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Hüquqi xidmət göstərilməsi ilə bağlı "xxxx" MMC-ə ödənilmiş 31 manat xərcin tələbi hissəsində məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, "xxxx" MMC tərəfindən göstərilən hüquqi xidmətlər iddia ərizəsinin tərtib edilməsindən ibarət idi. Buna görə, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin olunmalı və hüquqi yardıma görə şirkətə ödənilmiş haqq cavabdehdən tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 282 manat borc, 31 manat xidmət haqqı alınıb Mustafayev Otariyə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Gəncə şəhər Məhkəməsinə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının 30 manat məbləğində dövlət rüsumu ödəməli olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumundan 20 manat iddiaçıya geri qaytarılmalı, yerdə qalan 30 manat isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 282 manat borc, 31 manat xidmət haqqı və 30 manat dövlət rüsumu, ümumilikdə 343 manat məbləğində pul alınıb iddiaçı X1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödəniş sistemində ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzi ilə Bakı şəhəri Gəncə şəhər Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumundan 20 manat məbləğində dövlət rüsumu bu ödənişi həyata keçirən X1 büdcədən geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar