Məhkəmə qərarları › İş №2(010)-4091/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4091/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4091/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı pul tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh lotereya oynamaq adı ilə ondan aldığı 1000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təxminən 2021-ci ildə təsadüf nəticəsində tanış olmuşdur. Belə ki, onlar öz aralarında el arasında yayılan “lotoreya” oynayırmışlar. Oyun bundan ibarət olmuşdur ki, 10-12 nəfəri bir şəxs bir araya yığaraq, ayda 100-200 manat olmaqla həmin şəxsə pul verirmişlər və hər kəsin növbəsi çatanda həmin pulu növbə ilə götürürmüş. O da Cavabdeh təşkil etdiyi oyuna qoşulmuşdur. Oyun zamanı 2023-cü ilin əvvəlində ona çatası 1000 manat pulu Cavabdeh mənimsəyərək ona verməmiş və yalandan bildirmişdir ki, iştirakçılar pulu ödəməmişlər. Sonradan Nurtən ona bildirmişdir ki, pulu hissə-hissə ödəyəcək. Lakin, artıq altı aydan çoxdur ki, cavabdeh bəhanələr gətirərək pulu ödəmir. O, dəfələrlə Nurtəndən pulu istəmiş, lakin hər dəfə Nurtən müəyyən bəhanələr gətirərək pulu verməmişdir. Bununla bağlı Nurtənlə telefon danışıqları var və həmin danışıqları yazmışdır. Bundan başqa Nurtənə verdiyi pulları bank vasitəsi ilə ödəməsi barədə də qəbzləri vardır. Ona görə də o, Nurtəndən pulunu istədikdə Nurtən müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etmiş və ya məsələni uzatmışdır. Nurtənin əvvəldən fikri onu aldatmaq olmuş və o, öz istəyinə nail olmuşdur. O, tələbədir. Maddi vəsaitinin olmaması üzündən valideynləri ona baxırlar. Bununla əlaqədar olaraq onu aldadan və pulunu qaytarmayan Cavabdeh barəsində qanuni tədbir görülməsi və ona verilmiş 1000 manat pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılmış, iş üzrə Cavabdeh izahatı alınmışdır. Cavabdeh öz izahatında qeyd etmişdir ki, həmin 1100 manatın 200 manatını oyunu yarıda tərk etdiyi üçün ondan tələb etməmişdir, 900 manata gəldikdə isə digər lotoreya oynadıqları şəxslər deyiləb vaxtda və hələ də pulları vermədikləri üçün İddiaçı çatacaq 900 manat pulu toplayaraq verə bilməmişdir. Hal-hazırda isə həmin pulu hissə-hissə həmin şəxslərdən yığaraq ona qaytarmağı öz üzərinə götürmüşdür. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində HK-1/1897 saylı material üzrə işin mülki xarakterli olduğu əsas gətirilməklə, “Cinayət işinin başlanılmasın rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Mübahisəli işin mülki qaydada həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İddia tələbinin həcminin azaldılması İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 945 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə 2 il bundan öncə “ASAN xidmət” mərkəzlərində könüllü olan zaman tanış olmuşdur. Cavabdehlə ümumilikdə 4 dəfə lotoreya oynamışdır. Ödənişli əsaslarla təhsil aldığı üçün lotereyadan əldə etdiyi pul vəsaiti hesabına 2-ci və 3-cü kurs üzrə hesablanmış təhsil haqqını ödəmişdir. Lotoreya oyununa iyul ayında başlamışdır. Növbə üzrə oktyabr ayında pul vəsaiti ona çatmalı olsa da, cavabdeh onun pulunu vermədiyini üçün lotoreya oynamağı dayandırmışdır. Düzdür, lotoreya oyununda hər kəsin növbəsi çatanda ümumi pul məbləği həmin şəxsə qaytarılmalı olsa da, pulun verilməsində müəyyən gecikmələr yaranırdı. Sonuncu dəfə cavabdehlə oynadığı lotoreya oyunu hesabına əldə edəcəyi pul vəsaitinə arxanalaraq, oktyabr ayının 20-də təhsil aldığı müəssisəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təhsil haqqını ödəyəcək. Lakin, həmin gün cavabdehə zəng etsə də, cavabdeh zənglərinə cavab verməmişdir. Sonradan cavabdehin anası ona sms ataraq bildirmişdir ki, dələduz deyilik və pulu ödəyəcəyik. Yanvar ayına kimi, yəni pulun qaytarılması ilə bağlı polisə müraciət edənədək, bu proses beləcə davam etmişdir. Cavabdeh polisdə də verdiyi izahatda borcunun olmasını etiraf etmiş və həmin borc məbləğini ona hissə-hissə ödəyəcəyini bildirmişdir. Daha sonra cavabdeh fevral ayında ona 50 manat məbləğində ödəniş etmiş və may ayınadək ona olan borcunu tam qaytaracağını söyləmişdir. Cavabdeh tərəfindən ona qaytarılmalı olan ümumi məbləğ 1100 manat məbləğində olsa da, həmin məbləğin azalmasına səbəb cavabdehin ona may ayında daha 140 manat ödəniş etməsi olmuşdur. Dediklərini ümumiləşdirərək qeyd edir ki, hazırda iddia tələbində qeyd olunan borc məbləği iki lotoreya oyunundan yaranmışdır. Cavabdeh ona müəyyən ödənişlər etmiş və ümumi məbləğ azalaraq 945 manat olmuşdur ki, bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçı tərəfin qeyd etdikləri tamamilə doğrudur. Sadəcə işin hallarında söylənməyən müəyyən qədər xırdalıqlar var ki, bu da problemin bu qədər böyüməsinə səbəb olmuşdur. O, iddiaçı ilə “ASAN xidmət” mərkəzində işlədiyi dövrdə tanış olmuş və bir neçə dəfə lotoreya oynamışdır. Ən azından iddiaçı ona güvənməsə, bir neçə dəfə onunla lotoreya oyununa qoşulmazdı. Çünki, bu oyun əsasında əldə edilən məbləğlər az olmamışdır. 1-ci kursdan etibarən özü-özünü saxlamağa başlamışdır, çünki atası və anası ayrılmış və onun da maddi vəziyyəti pisləşmişdir. Məhz bu səbəbdən də lotoreya oynamağa məcbur olmuşdur. Sonuncu lotoreya oyunu zamanı ona qarşı haqsızlıq olmuş, almalı olduğu pul məbləğini digər şəxslərdən ala bilməmişdir. Dəfələrlə həmin şəxslə əlaqə saxlasa da, pulu qaytarmayacağını bildirmişdir. Bu səbəbdən məcbur qalaraq həmin öhdəliyi öz üzərinə götürmüş və çıxılmaz vəziyyətə düşmüşdür. İddiaçının telefonlarına cavab verməməsinə səbəb isə həmin vaxt səhhəti ilə bağlı problemlər yaşaması olmuşdur. İddiaçı hər dəfə ona qarşı xoşagəlməz ifadələr işlətmiş, onu dələduz adlandırmışdır. Buna baxmayaraq, iddiaçının anasına ondan tələb olunan məbləği az-az ödəyəcəyini bildirmişdir. Sonuncu dəfə iddiaçıya 15 manat məbləğində ödəniş etmiş və 945 manat borcu qalmışdır. Ondan tələb edilən pul məbləğini mübahisələndirmir və həmin məbləğin ondan tutulmasına etiraz etmir. Odur ki, iddia tələbinin təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, təhqiqat müddəinin başa çatması və faktın mülki xarakterli olması nəzərə alınmaqla, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ona mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehdən lotoreya oyunu zamanı onun tərəfindən ödənilən, cavabdeh tərəfindən ona qaytarılmalı olan 945 manat məbləğində pul vəsaitininin ona geri qaytarılmasını tələb etmiş, məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilmiş hazırlıq iclaslarında iştirak etmiş cavabdeh də iddia tələbini qəbul edərək, iddiaçının ondan tələb etdiyi 945 manat məbləğində pul məbləğini iddiaçıya qaytarmadığını etiraf etmiş və həmin məbləği mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq, iddiaçıya qaytarmalı olduğu pul vəsaitini geri qaytarmamışdır. İddiaçının hazırda həmin pulu tələb etmək hüquq vardır. Cavabdehin iddia tələbini etiraf etməsini məhkəmə qanuna uyğun hesab edir, həmçinin başqa şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadığı qənaətinə gələrək qəbul edir. Belə ki, Mülki-Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Qeyd olunan prosessual normalardan göründüyü kimi, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) onun qanunauyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərərfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 945 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 945 (doqquz yüz qırx beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar