Məhkəmə qərarları › İş №2(010)-4102/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4102/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4102/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli N 219-1***-******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1472,86 manat əsas borc, 844,70 manat faiz borcu, ümumilikdə 2317,56 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli N 219-1***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 ay müddətinə ödəmək şərti ilə 1580 manat məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozmuş, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Borclunun 04 oktyabr 2019-cu il tarixli N 219-1***-******* nömrəli kredit müqaviləsinə görə 04.10.2020-ci il tarixə gecikdirilmiş əsas borcu 1472,86 manat və gecikdirilmiş faiz borcu 844,70 manat təşkil edir. Kredit üzrə ümumi borc 2317,56 manat təşkil edir. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan krediti göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.13.1-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0,5 faiz dərəcəsində dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 29.06.2021-ci il tarixə borclunun "xxxx" BOKT-a ümumi 2317,56 manat borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli N 219-1***-******* nömrəli kredit müqaviləsinə əsasən, BOKT tərəfindən borcalana 12 ay müddətinə illik 44 faiz dərəcəsi ilə 1580 manat məbləğində kredit verililmişdir. İş materiallarında olan 04 oktyabr 2019-cu il tarixli N 219-1***-******* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən BOKT-a 04.11.2019-cu il tarixdən 04.10.2020-ci il tarixədək hər ay 165,11 manat məbləğində ödəniş edilməli idi. İş materiallarında olan 219-1***-*******-2 saylı 04 oktyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, 1580 manat məbləğində vəsait Cavabdehnın hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, 04.10.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh BOKT "xxxx" QSC-yə 1472,86 manat əsas, 844,70 manat faiz borcu vardır. İş materiallarında olan BOKT "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanan 452 nömrəli bildirişdən görünür ki, banka olan borcun 08.11.2020-ci il tarixədək ödənilməsi xahiş edilmiş, əks tədirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 30.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə mürcaiət edilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə,məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqavilələsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı BOKT "xxxx" QSC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli N 219-1***-******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə 1472,86 manat məbləğində əsas borc, 844,70 manat faiz borcu olmaqla, cəmi 2317,56 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ lati " Fı̇ ntrend " Qapali Səhmdar Cəmı̇ yyətinin xeyrinə 1472,86 manat məbləğində əsas borc, 844,70 manat məbləğində faiz borcu olmaqla, cəmi 2317,56 (iki min üç yüz on yeddi manat, əlli altı qəpik) manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar