Məhkəmə qərarları › İş №2(010)-4111/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4111/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4111/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.09.2020-ci il tarixli 303505-1-35305 nömrəli "Nağd pul krediti müqaviləsi"nə əsasən 07.06.2021-ci il tarixinə Banka borclu olduğu 2837,62 AZN məbləğində əsas borc, 239,43 AZN məbləğində faiz borcu, 135,30 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 3212,35 AZN pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 AZN dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «iddia tələbinin həcminin azaldılması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.09.2020-ci il tarixli 303505-1-35305 nömrəli "Nağd pul krediti müqaviləsi"nə əsasən 17.09.2021-ci il tarixinə Banka borclu olduğu 2837,62 AZN məbləğində əsas borc, 139,43 AZN məbləğində faiz borcu, 135,30 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 3112,35 AZN pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 AZN dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Bank ilə Cavabdeh arasında 04.09.2020-ci il tarixli 303505-1-35305 saylı "Nağd pul krediti müqaviləsi" bağlanılmış və illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 3000 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 04.02.2021-ci il tarixindən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 2837,62 manat məbləğində əsas borc, 239,43 manat məbləğində faiz borcu, 135,30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 3212,35 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "Kredit alan"ın vəzifəsidir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi K.Salmanov ərizə ilə məhkəməyə müraciət edərək, hazırda iş yükünün artması səbəbi ilə mülki işə iştirakı olmadan baxılıb iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 04.09.2020-ci il tarixli 303505-1-35305 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 07.06.2021-ci il tarixə "xxxx" ASC-yə 2837,62 manat məbləğində əsas borc, 239,43 manat məbləğində faiz borcu, 135,30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3212,35 manat məbləğində borcu yaranmışdır. 20.09.2021-ci il tarixli ərizə ilə məhkəməyə təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, "xxxx" ASC-yə 2837,62 manat məbləğində əsas borc, 139,43 manat məbləğində faiz borcu, 135,30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3112,35 manat məbləğində borcu yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 3000 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının nümayəndəsinin 20.09.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 2837,62 manat məbləğində əsas borc, 139,43 manat məbləğində faiz borcu, 135,30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3112,35 manat məbləğində borcu vardır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 135,30 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 15 (on beş) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2837,62 (iki min səkkiz yüz otuz yeddi manat altmış iki qəpik) manat məbləğində əsas borc, 139,43 (bir yüz otuz doqquz manat qırx üç qəpik) manat məbləğində faiz borcu, 15 (on beş) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2 992,05 (iki min doqquz yüz doxsan iki manat beş qəpik) manat məbləğində vəsait tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xidmətinə görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2837,62 (iki min səkkiz yüz otuz yeddi manat altmış iki qəpik) manat məbləğində əsas borc, 139,43 (bir yüz otuz doqquz manat qırx üç qəpik) manat məbləğində faiz borcu, 15 (on beş) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2 992,05 (iki min doqquz yüz doxsan iki manat beş qəpik) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə xərcləri tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar