Məhkəmə qərarları › İş №2(010)-412/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-412/2023

24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-412/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2876/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, Cavabdeh uşaqları xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay aylıq əmək haqqısının və digər gəlirlərinin 1/2 hissəsi qədər alimentin tutulub ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikah əsasında ailə qurmuşdum. Birgə nikahdan üç uşağımız doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2876/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahımız pozulmuş və xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün Cavabdeh hər uşağa görə 135 manat olmaqla cəmi 405 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda cəmi 405 manat həcmində aliment uşaqların təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşaqların saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Mənim hər ay uşaqların saxlanılması üçün 1000 manatdan çox xərcim çıxır ki, bu məbləğ də cavabdeh tərəfindən ödənilməlidir. Uşaqların maddi təminatı ilə yanaşı hər ay əlavə xərclər də çıxır ki, mən bu xərcləri də ödəmək məcburiyyətində qalıram. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində mənə köməklik göstərir, nə də ki, uşağın maddi cəhətdən qayğısına qalır. Uşaqların böyüməsi və məktəbə getməsi ilə əlaqədar müəyyən xərclərin artması məni maddi problemlərlə üzləşdirir. Uşaqların normal təhsil alması üçün hər il yeni dərs vəsaitləri, geyim əşyaları, normal qidalanma tələb olunur. Bütün bunları uşaqlarımız üçün təşkil etmək təkbaşına mənə olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında mənə hər hansı bir köməklik göstərmir. Cavabdeh hal-hazırda işləyir və yüksək maaş alır. Buna görə uşaqlarımın saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilməli və onun aylıq və digər gəlirlərinin 1/2 hissəsi qədər aliment tutulmalıdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək uşaqlarım xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvvəllüdlü X1 üçün Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 1/2 hissəsi qədər aliment tutulmalıdır”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh təxminən iki il olar ki, “SOCAR” neft şirkətində mütəxəssis işləyir və 3200 manat məbləğində əmək haqqı alır. Bu səbəbdən cavabdehlə birgə nikahından doğulmuş üç uşağın saxlanılması üçün cavabdehin əmək haqqının 1/2 hissəsinin tutulmasını tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 941692 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1425 nömrə ilə qeyd edilmişdir.

6. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 254999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1098 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 064905 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 944 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 2876/2019 saylı qətnaməsindən görünür ki, Muradova (Hacıyeva) Sevda Fizuli qızı ilə Cavabdeh arasında xx.xx.2006-cı ildə Bakı şəhəri “Səadət Sarayı” tərəfindən qeydə alınmış və 284 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 (anası) Muradova (Hacıyeva) Sevda Fizuli qızının yanında saxlanılması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 135 manat olmaqla, cəmi 405 manat sabit pul məbləğində alimentin tutularaq Muradova (Hacıyeva) Sevda Fizuli qızının xeyrinə ödənilməsi, Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və qətnamənin aliment tutulması hissəsində dərhal icra olunması qət edilmişdir.

9. “Elektron məhkəmə” informasiya sistemindən Cavabdeh əmək müqaviləsi məlumatlarının sorğulanması nəticəsində əldə edilmiş sistemdən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “izolyasiyaçı, soyuducu avadanlıqları və kondisionerlər” vəzifəsi üzrə işləyir və aylıq əmək haqqı 3202 manat məbləğindədir (məlumatın son yenilənmə tarixi: xx.xx.2022) İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh nikahından xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında olan nikah pozularkən birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalmaları müəyyən edilmiş və onların saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 135 manat olmaqla, cəmi 405 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı məhkəmədən Cavabdeh üç uşağın saxlanılması üçün tutulan aliment miqdarının dəyişdirilməsini və birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay əmək haqqı və digər gəlirlərinin yarısı miqdarında aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından üç uşaq doğulmuş, tərəflər arasında olan nikahın pozulmasına dair qətnamə ilə bu uşaqların nikah pozulduqdan sonra iddiaçının yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 135 manat olmaqla, cəmi 405 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarının dəyişdirilməsini, üç uşağın saxlanılmasına görə cavabdehin əmək haqqı və digər gəlirlərinin yarısının aliment kimi tutulmasını tələb edir.

20. Məhkəmə hesab edir ki, cavabdehdən üç uşağın saxlanılması üçün tutulan 405 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi üçün kifayət qədər əsas vardır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh sabit gəliri - aylıq 3202 manat məbləğində əmək haqqı var. İş materiallarında olan məhkəmə qətnaməsindən isə görünür ki, tərəflər arasındakı nikahın pozulması zamanı uşaqların saxlanılması üçün atadan aliment tutulması məsələsi həll edilərkən cavabdehin sabit gəliri olduğu müəyyən edilməmiş, görünür elə bu səbəbdən də aliment sabit pul məbləğində tutulmuşdur. Ona görə ki, aliment verməyə borclu olan valideynin qazancının (gəlirinin) qeyri-müntəzəm, dəyişən olması məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının əsaslarından biridir.

21. Lakin artıq cavabdehin maddi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, cavabdehin hazırda ölkə üzrə orta aylıq əmək haqqından bir neçə dəfə çox məbləğdə sabit gəliri var. Məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyətində baş verən bu dəyişiklik onun uşaqlarının təminat səviyyəsinə də təsir etməlidir.

22. Digər tərəfdən, ailə qanunvericiliyi ilə sabit gəliri olan valideynlərdən tutulan alimentin qazancdan (başqa gəlirlərdən) uşaq sayına uyğun hissələr üzrə tutulması müəyyən edilmişdir.

23. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh üç uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdehdən qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır.

24. Məhkəmə bu cür nəticəyə gələrkən ilk növbədə nəzərə alır ki, cavabdehin aylıq sabit gəlirinin (əmək haqqının) yarısına mütənasib olan aliment məbləği cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən də çox olmaqla uşaqların üstün maraqlarına uyğundur.

25. Digər tərəfdən məhkəmə nəzərə alır ki, uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar iddiaçının yanında qaldığından onların saxlanılmaları ilə bağlı gündəlik xərclərin qarşılanması, uşaqlara bilavasitə qulluq edilməsi iddiаçının üzərinə düşür. Məhkəmə cavabdehdən aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutarkən bu halı diqqətəlayiq hal kimi nəzərə almışdır.

Məhkəmə xərcləri.

26. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edildiyindən iddianın qiymətinə (3202/2=1602; 1601x12=19212) mütənasib olan 147.64 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2876/2019 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 412/2023 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, ödənilməmiş 147.64 manat (yüz qırx yeddi manat altmış dörd qəpik) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2876/2019 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-412/2023 saylı qətnаməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilsin. Ödənilməmiş 147.64 manat (yüz qırx yeddi manat altmış dörd qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar