Məhkəmə qərarları › İş №2(010)-4132/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4132/2020

07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4132/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı qızının, Cavabdeh Atababa oğlunun iştirakı ilə, İddiaçı qızının Cavabdeh Atababa oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızı Cavabdeh Atababa oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-710/2018 saylı xx xxxx 2018-ci il müəyyən edilmiş aliment məbləğinin artırılaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh Atababa oğlundan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onun Cavabdeh Atababa oğlu ilə xx.xx.2013cü il tarixli rəsmi nikahı Suraxanı Rayon Məhkəməsinin 2(010)-710/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 154 manat aliment tutulmuşdur. Hazırda 154 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir əlavə maddi yardım göstərmir və onun problemləri ilə maraqlanmır. Onun hər ay uşağının saxlanması üçün 300 manata qədər xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə, o, uşağın gündəlik ehtiyacları üçün zəruri olan xərcləri çəkmək məcburiyyətində qalmışdır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağının maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları və s. tələb olunur. Bütün bunları övladı üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Cavabdeh əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, fəhləlik etmişdir və hazırda da fəhləliklə məşğul olur, lakin qazancında hər hansı dəyişikliyin olub-olmaması barədə məlumatsızdır. Cavabdeh ikinci dəfə ailə qurub və onları saxlayır, lakin öz uşağı isə alimentin artırılmasına razı olmur. Onun isə gözündə problem olduğu üçün işləyə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Atababa oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırda günü 10 manata işləməklə fəhləlik edir və həmçinin yenidən ailə həyatı qurmuşdur. Həmin nikahdan bir qız uşağı vardır və onun saxlanması vəzifəsi də onun üzərindədir. Buna baxmayaraq, keçmiş nikahından olan uşağı üçün məhkəmə tərəfindən müəyyən olunmuş alimentini hər ay vaxtında ödəyir və əlavə olaraq 200 manat aliment borcu olduğu üçün hər ay 170 manat aliment ödəyir. Aliment artırılacağı təqdirdə onun üçün maddi problemlər yaranacaqdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 710/2018 nömrəli iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı qızının Cavabdeh Atababa oğluna qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və alimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı qızı ilə Cavabdeh Atababa oğlu arasında xx.xx.2013-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 1055 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X3 anası İddiaçı qızının himayəsində saxlanılması və Cavabdeh Atababa oğlundan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2017-ci il tarixindən başlayaraq hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment iddiaçı Cəbray ıl-zadə Zəhra Müzəffər qızının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəl rəsmi nikahda olması və hazırda aralarında olan nikahın pozulması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Belə ki, iddiaçının da bildirdiyi kimi cavabdeh onlarla birlikdə yaşadığı zamanlarda olduğu kimi hazırda da fəhləliklə məşğul olur. Bundan əlavə, hazırda cavabdeh yenidən ailə həyatı qurmuş və həmin nikahdan da bir uşağı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı qızının Cavabdeh Atababa oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı qızının Cavabdeh Atababa oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar