Məhkəmə qərarları › İş №2(010)-4133/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4133/2024

28.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4133/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X6 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, X1 X11 ilə birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında yerləşən 2 otaqlı (qarşısı şüşə pəncərədən ibarət, hər otağın qarşısında eyvanı, dəhlizi olan, otaqlardan sol tərəfdə yerləşən mətbəx, hamam və sanitar qovşağından ibarət) fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı X7 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, X1 X11 ilə birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz küçəsi (indiki X24 küçəsi) nömrəsiz ev ünvanında yerləşən, 2 otaqlı (qarşısı şüşə pəncərədən ibarət, hər otağın qarşısında eyvanı, dəhlizi olan, otaqlardan sol tərəfdə yerləşən mətbəx, hamam və sanitar qovşağından ibarət) fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X10 ilə xx.xx.1997-ci il tarixdə faktiki nikaha girməklə ailə qurmuşdur. Bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Evləndikdən sonra ailəsi ilə birlikdə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz küçəsi (indiki X24 küçəsi) nömrəsiz ev ünvanında yerləşən (qanunsuz tikili) fərdi yaşayış evində həyat yoldaşı X13 ilə birlikdə köçüb yaşamışdır. Bundan sonra xx.xx.2012ci il tarixdə həyat yoldaşı X13 piyada keçidi zamanı avtomobil qəzası nəticəsində dünyasını dəyişmişdir. Qeyd olunan ünvanda qardaşı X2 2023-cü ilin yanvar ayının əvvəli həbsxanadan çıxdıqdan sonra evə gəldikdən sonra mübahisələrə başlamışdır. Onu təhqir etmiş və hədə-qorxu gəlmişdir. Artıq bu kimi hallar nəticəsində dözülməz bir vəziyyət yaranmışdır. Son olaraq, iyun ayının 20-si evdən çıxmağa məcbur olmuşdur. Haqqı olan evdə övladı ilə birlikdə yaşamaqdan məhrum edilmişdir. Cavabdeh isə onu yaşadığı evdən qovmuşdur. Bu günə kimi evə köçürülmə ilə bağlı iddia qaldırmaq istəməmişdir, lakin heç bir barışıq əldə edilmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona hədə-qorxu gələrək onu təhdid edir. Bununla bağlı 30-cu Polis Bölməsinə də müraciət etmiş, lakin araşdırma aparılsa da, şikayət nəticəsiz qalmışdır. Onun həmin evdən istifadəsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən ciddi şəkildə maneələr yaradılır və əmlakları olan mülkünə daxil ola bilmir. Hətta İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik şöbəsinə də qısamüddətli orderin verilməsi ilə bağlı müraciəti olmuşdur. Hazırda evsiz olduğundan son çarə kimi məhkəməyə müraciət edir. İddia tələbinə etiraz Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbinə etirazın əsaslandırıldığı hallar Cavabdehlər iddia tələbinə etirazlarını onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanında qeydiyyatda olsalar da, həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları yoxdur və iddiaçı heç vaxt həmin evdə yaşamamışdır. Ümumiyyətlə, onların mülkiyyət hüququ olan hər hansı yaşayış evi yoxdur. Qeyd edilən səbəblərdən iddia tələbini əsassız hesab edirlər və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Tərəflərin izahatları Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X18 iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırda mübahisəli məsələ ilə bağlı artıq bir dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və həmin iş üzrə kifayət qədər araşdırma aparılaraq sübutlar toplanmışdır. Sadəcə olaraq, iş üzrə yaranmış zərurətlə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir ki, hazırda həmin zərurət də aradan qalxmışdır. Digər məhkəmə tərkibi ilə birlikdə həqiqətən də iddia tələbində qeyd edilən ünvanda fərdi yaşayış evinin mövcud olması, fərdi yaşayış evinə giriş-çıxışın mümkünlüyü və digər məsələlər yerində müayinə zamanı aşkar edilmişdir. Hətta Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın mütəxəssisləri tərəfindən də həmin ünvana baxış keçirilmişdir. Digər məhkəmə prosesi zamanı, baxış mərhələsində evə dair müəyyən hüquqmüəyyənedici sənədin mövcudluğu mübahisələndirilmiş, lakin həmin evin həqiqətən də sənədsiz, yəni heç kimin mülkiyyətində olmamaqla qanunsuz tikili olması həm yerində müayinə, həm də xidmətin mütəxəssisləri tərəfindən baxış zamanı aşkar edilmişdir. Cavabdehlər açıq-aşkar iddiaçının həmin mənzildən istifadəsinə maneə yaradırlar. İddiaçının qaynı olan Məmmədhüseynin həmin evə dair heç bir hüququ olmasa da, iddiaçını həmin evdə yaşamaq hüququndan məhrum etmiş, onu döymüş və təhqir edərək evdən çıxarmışdır. Bununla bağlı aidiyyəti üzrə polis orqanlarına müraciət edilmiş və bu barədə araşdırma aparılmışdır. İddiaçının nümayəndəsi və vəkili X18 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə baxış iclasının keçirilməsi üçün təyin edilmiş vaxtda məhkəmənin inzibati binasında olsa da, “Elektron məhkəmə” informasiya sisteminin işləməməsi səbəbindən məhkəmə iclasının audio-video yazısının aparılması mümkün olmamışdır. Odur ki, məhkəmə iclasının “Elektron məhkəmə” informasiya sistemində baş vermiş texniki nasazlıq aradan qaldırıldıqdan sonra onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı 1997-ci il tarixində onun oğlu ilə rəsmi şəkildə ailə quraraq evlənmiş və Kolxoz küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin fərdi yaşayış evini isə onun həyat yoldaşı tikmişdir. Oğlu vəfat edənə qədər iddiaçı həmin evdə yaşamışdır. İddiaçını həmin evdən nə o, nə də digər cavabdeh olan oğlu çıxarmamışdır. İddiaçının qardaşı anasına zəng edərək bacısı və uşağını həmin evdən çıxarmasını söyləmişdir. Oğlu nə qədər ona təzyiq eləsə də, o heç vaxt iddiaçının həmin evdən çıxmasına razı olmamışdır. Amma, hazırda peşmandır ki, kaş iddiaçını elə özü həmin evdən çıxarardı. İddiaçının dediyi kimi döyülmə hadisəsi olmamışdır, lakin Məmmədhüseyn ilə iddiaçı arasında mübahisə olmuşdur. Hazırda onun adına reyestrdə heç bir əmlak qeydiyyata alınmamışdır və həmin fərdi yaşayış evi üzərində də hər hansı hüququ mövcud deyil. İddiaçını isə ora buraxmamasının səbəbi əxlaqsızlıq etməsidir. İddiaçının gəlin gələn zaman özü ilə birlikdə gətirdiyi cehiz əşyaları həmin fərdi yaşayış evindədir və evin qapısı bağlıdır.O, özü həmin əşyaların oradan aparılmasına icazə verməmişdir. Rəvanə yaşadığı evi əri Verağa tikmişdir. İşıq onun adınadır, lakin su və qaz Rəvanənin adınadır. Həmin evdə təmir işlərini iddiaçı görmüşdür, istəyirsə söküb aparsın. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş Vİ-JQ seriyalı, 460215 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 və X5 arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1420 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Minaxanov, arvada Minaxanova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 549395 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2012-ci il tarixdə “Travmatik qanaxma” səbəbindən ölmüş, bu barədə xx.xx.2012-ci il tarixdə 947 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, vətəndaş Cavabdeh2 hər hansı bir şəxsə xəsarət yetirmədiyi, eyni zamanda onun hədəsi ilə bağlı heç bir hərəkət və ya hərəkətsizlik etmədiyi üçün vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvan 4 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, İddiaçı 1997-ci il sentyabr ayı tarixindən, övladı X15 isə xx.xx.2008-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatsız yaşayır, qaz və suyun abunə kodları adınadır və hal-hazırda ev onun istifadəsindədir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Hövsan qəsəbəsindəki mübahisəli fərdi yaşayış evi əvvəllər Kolxoz (yeni adı X24) küçəsi 5 ünvanı adı verilmiş torpaq sahəsinə məxsus ərazidə tikilmişdir və 1981-ci ildə X3 tərəfindən tikilmiş mübahisəli fərdi yaşayış evinin heç bir nömrəsi yoxdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi. 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 01 sentyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respuğblikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı və X14 arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmış və həmin tarixdən etibarən iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz (indiki X24 küçəsi) küçəsi 5 ünvanında yerləşən, 2 otaqdan ibarət nömrəsiz fərdi yaşayış evinə (qanunsuz tikiliyə) gəlin köçməklə həmin evdə yaşamağa başlamışdır. xx.xx.2012-ci il tarixdə iddiaçının əri X14 vəfat etmiş, bundan sonra da iddiaçı həmin evdə yaşamağa davam etmiş, sonralar cavabdehlərlə iddiaçı arasında münasibətlərin kəskinləşməsi nəticəsində iddiaçı həmin evi tərk etməli olmuşdur. İddiaçı mübahisəli evə 1997-ci ildən gəlin köçərək yaşaması işin mübahisəsiz halıdır. Belə ki, bu hal həm iş materiallarına əlavə edilmiş Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan, həm də Cavabdeh1 xx.xx.2024cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasındakı izahatına əsasən təsdiq edilir (xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının audio-video yazısının 05:27-05:30-cu dəqiqələri). İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə 25 ildən artıq yaşaması, həmin evdə yenidənqurma işlərinin aparılmasında iştirak etməsi, mübahisəli evin onun qaynatası tərəfindən tikilməsi və razılıq əsasında həmin evə köçürülməsi, iddiaçıya məxsus cehiz əşyalarının hazırda da həmin evdə olması və iddiaçının hazırda başqa yaşayış yerinin olmamasına görə həmin yaşayış sahəsinə ehtiyacının olmasıdır. İddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və qanunvericilikdə özbaşına tikiliyə köçürülmə məsələsini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur, həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 1997-ci də yaranmış, iddiaçı həmin tarixdə mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Ona görə də, mübahisəyə bu münasibətlərin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeydşərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının tələbi mübahisə predmetinə hər hansı əşya hüququnun tanınması deyil, məhz məhrum olduğu mənzilə köçürülməsi və cavabdehlər tərəfindən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasından ibarətdir. İddiaçının yaşayış yerindən məhrum edilməsinin qanuni olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Ev özbaşına tikili olduğundan nə iddiaçı, nə də cavabdehlər həmin evin mülkiyyətçisi deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Odur ki, pozuntunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. İddia tələbinin cavabdehlər tərəfindən iddiaçının fərdi yaşayış evindən (qanunsuz tikilidən) istifadəsinə yaradılan maneələrin aradan qaldırırlmasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddaçının özünə məxsus əşyalarının mübahisə predmeti olan fərdi yaşayış evində olmasını və həmin evin qapısının onun tərəfindən bağlanmasını, həmin əşyaların oradan aparılmasına icazə vermədiyini, eyni zamanda iddiaçı ilə digər Cavabdeh2 arasında onun mənzildən çıxarılması ilə əlaqədar mübahisələrin olmasını, lakin döyülmənin baş verməməsini izahatında bildirmişdir. Məhkəmə cavabdehlər tərəfindən edilən bu hərəkətlərin iddiaçının həmin evdən istifadəsinə yaradılan maneələr kimi qiymətləndirərək iddia tələbini həmin hissədə də əsaslı hesab edərək bu qənaətə gəlir ki, Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz (indiki X24 küçəsi) küçəsi 5 ünvanında yerləşən, 2 otaqdan ibarət nömrəsiz fərdi yaşayış evindən (qanunsuz tikilidən) iddiaçının istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz (indiki X24 küçəsi) küçəsi 5 ünvanında yerləşən, 2 otaqdan ibarət nömrəsiz fərdi yaşayış evindən (qanunsuz tikilidən) istifadəsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz (indiki X24 küçəsi) küçəsi 5 ünvanında yerləşən, 2 otaqdan ibarət nömrəsiz fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz (indiki X24 küçəsi) küçəsi 5 ünvanında yerləşən, 2 otaqdan ibarət nömrəsiz fərdi yaşayış evindən (qanunsuz tikilidən) istifadəsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Kolxoz (indiki X24 küçəsi) küçəsi 5 ünvanında yerləşən, 2 otaqdan ibarət nömrəsiz fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülsün. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar