Məhkəmə qərarları › İş №2(010)-4138/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4138/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4138/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 6800 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən “Laçın” Ticarət Mərkəzində tanış olmuşdur. O, orada mühafizəçi işləmiş, zamanda mağazası olmuşdur. Ramil isə parfümeriya və kosmetika satışı ilə məşğul olmuş, lakin sonradan oradan ayrılmışdır. Ramil ona iş təklif etmişdir. Təklif ondan ibarət olmuşdur ki, Ramilin gömrükdə 40000 manat xeyri olan malı qalmışdır və onları gömrükdən çıxarmaq üçün 10000 manat pul lazımdır. O, 10000 manatı verərsə, Ramil həmin məbləği hər 15 gündən bir 3000 manat olmaq şərtilə 12000 manat məbləğində qaytarmağı vəd etmişdir. O, Ramil darda qalmasın deyə 10000 manatı 01.07.2019-cu il tarixdə işlədikləri ticarət mərkəzinin arxa tərəfində yerləşə çay evində Ramilə vermişdir. Lakin elə ilk aydan Ramilin ödənişlərində problem yaranmış, ilk ödənişi 3000 manat yox, 2000 manat etmişdir. Sonrakı aylar pulu verməmiş, bəhanlər gətirmişdir. O, Ramildən yenə də pulunu istədikdə Ramil məcbur olub ona 3000 manat da ödəmiş, bir müddət sonra isə yenə də, məcbur qalıb 900 manat ödəmişdir. Uzun zaman keçdikdən sonra cavabdeh işlədiyini, ona ehtiyacı olduğunu demiş, birlikdə işləməyi təklif etmiş və borcunu da həmin müddətdə ödəyəcəyini bildirmişdir. O,cavabdehin düşdüyü çətin vəziyyəti görmüş və bu təkliflə razılaşmışdır. Bu səbəblə o, cavabdehə daha 500 manat borc vermişdir. Daha sonra onlar lotereya oynamış və həmin vaxtı 200 manat da lotereya üçün pul qoymuş, birinci ayı pulu cavabdeh götürmüş, sonra heç kime pul verməmişdir. Cavabdeh 12700 manat ondan pul almış və həmin məbləğdən 5900 manatını qaytarmışdır. Hazırda cavabdehin ona 6800 manat borcu qalmadadır. O, pulunu tələb edərkən cavabdeh ona hədə qorxu gəlir. O isə nəsə edib özünü pis vəziyyətə salmaq istəmir. O. Cavabdehin yanında olduğu müddətdə sonuncunun bir neçə nəfərə də borcu olduğunu bilmişdir. O, cavabdehə əlində olan malı satıb pula çevirməyi və borcunu ödəməyi təklif etmiş, lakin sonradan ona məlum olmuşdur ki, həmin mallar cavabdehə məxsus deyildir. Cavabdeh firma və şirkətə məxsus olan malları öz malı kimi göstərərək onu aldatmışdır. O, polisə cavabdehin hərəkətləri barədə şikayət etmiş, lakin mübahisənin mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o. Ramilə nağd şəkildə 10000 manat, daha sonra 500 manat və lotareya oyunu ilə bağlı ümumilikdə 10700 manat pul vermiş, Ramil həmin məbləğdən 5900 manatını qaytarmışdır. Əlavə olaraq Ramil ona götürdüyü puldan əlavə 2000 manat qazanc olaraq ödəyəcəyinə söz vermişdir. Ramilin hazırda ona 6800 manat borcu vardır ki, həmin məbləğin cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, İddiaçı 10000 manat məbləğində borc pul almışdır. O, aldığı pulu iddiaçıya tam ödəmişdir. İddiaçının iddia etdiyi 500 manatı o, almamış, 200 manat lotereya pulunu isə o, iddiaçıdan götürməmişdir. İddiaçı həmin pulu lotereya pulu olaraq vermişdir. Ona görə də, hesab edir ki, onun cavabdehə borcu olmadığından iddia tələbi əsassızdır. Bu səbəblə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutla hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəməyə iddiaçı tərəfdən şahid kimi çağırılmış X1 bildirdi ki, o, Laçın ticarət mərkəzində tərəflərlə birgə işləyib. Azad ona demişdir ki, Ramillə birgə iş görmək istəyirik. O, Azada fikrindən daşınmağı məsləhət görmüşdür. Çünki, Azadın dediyi işin özəlliyini yaxşı bilir. Bundan bir müddət sonra, Azad Ramillə ortaq işə başlamışlar. Bu məsələlərlə bağlı Azad, Ramil o və İlkin adlı tanışları Laçın ticarət mərkəzinin arxasında yerləşən kafedə oturub müzakirə aparmış və orada Ramilin Azada 6800 manat borcunun olduğu müzakirə edilmişdir. Ramil Azaddan borcunun qaytarılmasına görə vaxt istəyirdi. Məhkəməyə iddiaçı tərəfdən şahid kimi çağırılmış X2 izahatında bildirdi ki, Ramilin Azada borcu olduğunu bilir. Pandemiya vaxtı Ramildən pulu istəməklərinin səbəbi onun işinin olmamasıdır. Laçın ticarət mərkəzinin arxasında yerləşən kafedə bir yerdə oturub bu məsləni müzakirə də ediblər və Ramil orada borcunun oldğunu etiraf edirdi. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşılması üçün əsas görmür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh bir yerdə işləmiş, aralarında dostluq münasibətləri yaranmışdır. Cavabdeh borc pul lazım olduğundan o, iddiaçıdan 10000 manat məbləğində borc pul almış, 2000 manat əlavə olaraq ödəyəcəyini bildirmişdir. Hazırda iddiaçının tələbi ondan ibarətdir ki, cavabdeh ondan müxtəlif vaxtlarda ümumilikdə 12700 manat məbləğində borc pul almış və həmin məbləğin 5900 manatını hissə-hissə ödəmişdir. Cavabdehin iddiaçıya 6800 manat məbləğində borcu qalmaqdadır və həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehin dəlili ondan ibarətdir ki, o, iddiaçıdan 10000 manat məbləğində borc pul götürmüş və həmin pulu iddiaçıya tam olaraq ödəmişdir. Əlavə olaraq göstərilən 500 manatı o, iddiaçıdan almamış, 200 manat lotereya pulunu isə iddiaçının əvəzinə ödəmişdir. Hazırkı işin hallarından və tərəflərin izahatlarından da göründüyü kimi, tərəflər arasında borc münasibəti mövcud olmuşdur. Çünki, 10.000 manat pulun cavabdeh tərəfindən iddiaçıdan alınması işin mübahisəsiz halıdır. Belə olan halda, borcun məbləğinə münasibətdə sübut etmə vəzifəsi iddiaçıya, verilmiş borcun tam qaytarıldığını sübut etmə vəzifəsi isə cavabdehə aid edilməlidir. Məhkəmə iclasında Cavabdeh İddiaçı 10000 manat borca pul götürdüyünü etiraf edib. Məhkəmə hesab edir ki, cavabdehin borcu 10000 manat hissədə etiraf etməsi iddiaçını həmin hissədə sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda iddiaçı cavabdeh tərəfindən borc məbləğinin 5900 manatının ona qaytarıldığını etiraf edir ki, iddiaçının etirafı cavabdehi həmin hissədə sübut etmə vəzifəsindən azad edir. Bununla yanaşı, cavabdeh 10000 manat məbləğində borcun 4100 manat hissəsini iddiaçıya qaytarmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə iddiaçının izahatları sübut əhəmiyyəti baxımından daha tutarlıdır və bu izahatlar şahid ifadələri ilə ümumilikdə üst üstə düşür. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən, onlar arasında borc öhdəliyi yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi (borcun şərtləşdirilmiş vaxtda geri qaytarılması) lazımınca yerinə yetirməmişdir. Buna baxmayaraq, iddiaçı tələbin qalan 2700 manat hissəsi ilə bağlı iddiasının əsaslılığını sübut edə bilməmişdir. Belə ki, bu məbləğin 2000 manatı cavabdehə verilən ümumi pulun hesabına əldə edilmiş gəlir, 500 manat hissəsi cavabdehə ayrıca verilmiş borc, 200 manat hissəsi isə birgə lotoreya öyununa görə cavabdehə verilmiş pul kimi tələb edilir. İddiaçı bu xüsusatları tutarlı dəlillərlə əsaslandırmır. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında şifahi borc anlaşması olmuşdur və borc məbləğindən əlavə 2000 manatın da verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Çünki, iddiaçının cavabdehdən borca görə faiz tələb etməsi hüququ yoxdur. Qalan 500 və 200 manat hissələrə dair isə məhkəmə tələbi sübut edilməmiş hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən madddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Ağayev Ramı̇ l Şadoğlan oğlundan 4100 ( dörd min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Ağayev Ramı̇ l Şadoğlan oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar