Məhkəmə qərarları › İş №2(010)-414/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-414/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-414/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsitələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh 14829,09 ABŞ dolları əsas, 415,33 ABŞ dolları müddət sonuna hesablanan faiz, 6677,88 ABŞ dolları məbləğində cərimə borcu və 1470,84 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 23393,14 ABŞ dolları kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satlması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeharasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 20 saylıKredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 24 % dərəcəsi ilə ödəmək şərti ilə 19.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin, buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Cavabdehilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 20 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 24ay müddətinə, illik 24% şərtilə 19.000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, borc alan isə həmin borcu faizi ilə birlikdə hər ay geri qaytarmağı öhdəsinə götürmüşdür. - Cavabdehilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixliipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası ƏMDKyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsitərəfindən verilmiş RX seriyalı, **********79-05101- 093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. - İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxxxxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin bazar dəyəri 50000 manat təşkil edir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 0728222nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. - xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14829,09 ABŞ dolları əsas, 415,33 ABŞ dolları müddət sonuna hesablanan faiz, 6677,88 ABŞ dolları məbləğində cərimə borcu və 1470,84 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 23393,14 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, işin hallarından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində Cavabdeh məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki cavabdeh İddiaçı ASC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də, qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh 14.829,09 ABŞ dolları məbləğində əsas borc və 415,33 ABŞ dolları məbləğində faiz borcunun Azərbaycan manatına nisbəti şəklində tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda hesab edir ki, 6.667,88 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 (yüz) ABŞ dollarına endirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə müqavilə müddət bitdiyi tarixdən sonraya gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1470,84 ABŞ dolları məbləğində əldən çıxmış fayda cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsini də əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə ipoteka predmetinin 50.000 manata qiymətləndirilməsi barədə hesabatı mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq borçlu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi haqlıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh 300 manat məbləğində qiymətləndirmə xərci tutularaq “xxxxxxxx” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 244-245, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 14.829,09 ABŞ dolları əsas, 415,33 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, kredit müqaviləsinin tarixi bitdiyi vaxtdan sonra illik 5 faizlə hesablanmış 1.470,84 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 16.815,26 (on altı min səkkiz yüz on beş dollar iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. Tutma xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. Cavabdeh 300 manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxxxxxx" MMCnin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar