Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4146/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8002/2016 saylı, 01.12.2016-cı il tarixli qətnaməsi əsasında Cavabdeh onun xeyrinə 18.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan aliment məbləğinin artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 300 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11.06.2015-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan onların 18.08.2005-ci il təvəllüdlü oğlu X6 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8002/2016 saylı, 01.12.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh 18.08.2005-ci il təvəllüdlü X1 üçün hər ay 117 manat miqdarında aliment tutulması qət edilmişdir. Sonradan həmin alimentin məbləği uşağın saxlanma xərclərini ödəmədiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(010)-4714/2018 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləği şəklində 155 manat müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği hazırda uşağın saxlanılma xərclərini ödəmir. Belə ki, ötən dövr ərzində uşağın tələbatı ilbəil artmaqdadır. X9 uzun müddətdir ki, xəstədir və Nərimanov rayonunda 5 nömrəli poliklinikada qeydiyyatdadır. Onun müalicəsi və dərmanların alınması üçün kifayət qədər vəsait tələb olunur. Cavabdeh kifayət qədər gəlir əldə etsə də uşağın saxlanılması üçün ona könüllü olaraq əlavə maddi köməklik etmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdehlə birgə nikahlarından olan 18.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq hər ay sabit pul məbləği şəklində 300 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə etdi ki, cavabdeh təxminən 2016-cı ildən Rusiyaya getmişdir və həmin vaxtdan da orada yaşayıb-işləyir. Maddi gəliri kifayət qədərdir, lakin uşağın saxlanılması üçün əlavə maddi köməklik göstərmir. Alimenti də vaxt-vaxtında ödəmir. Belə ki, son üç ayın alimentini hələ 10 gün qabaq bacısı vasitəsilə ödəmişdir. Cavabdehin ödədiyi aliment uşağı saxlamağa kifayət etmir. Belə ki, pandemiya ilə bağlı özü də işləyə bilmir. Hazırda uşağı və yaşlı valideynləri ilə birlikdə Oğuz rayonunda qalır. Oğuza uşağın səhhətinə görə getmişdir. Çünki, uşaqda allergik astma var. Bu xəstəliyə görə də müəyyən vəsait tələb olunur. O, uşağına və yaşlı valideynlərinə baxdığına görə işləyə bilmir. Lakin cavabdehin maddi gəliri yaxşıdır. O, tələb edilən məbləğdə alimenti ödəyə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon VVADQ Şöbəsi tərəfindən 15.10.2005-ci il tarixdə verilmiş AZ-İ 679041 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı Camaləddin qızı) 18.08.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 15.10.2005-ci il tarixdə 1562 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.12.2016-cı il tarixli, 2(011)-8002/2016 saylı qətnaməsindən görünür ki, qətnamə ilə Cavabdeh və İddiaçı Camaləddin qızı arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 18.08.2005-ci il təvəllüdlü X3 anası İddiaçı Camaləddin qızının yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər 117 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Camaləddin qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-4714/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.12.2016-cı il tarixli, 2(011)-8002/2016 saylı qətnaməsi əsasında Cavabdeh tutulan aliment məbləği artırılaraq 155 manat məbləğində tutulması qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı X4 və Cavabdeh birgə nikahından 18.08.2005-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.12.2016-cı il tarixli, 2(011)-8002/2016 saylı qətnaməsinə əsasən Cavabdeh оğlundan 18.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, həmin məbləğ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-4714/2018 saylı qətnaməsi ilə artırılaraq 155 manat məbləğində müəyyən edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək həmin qətnamə əsasında tutulan aliment məbləğinin artırılmasını və birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda, həmçinin qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Həmçinin, uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsi və onun uşağa qulluq etməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, 18.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-4714/2018 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq 175 (yüz yetmiş beş manat) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, iddiaçı uşağın saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment tələb etsə də uşaq üçün yaşayış minimumundan bu qədər artıq məbləğdə aliment ödənilməsinin zəruriliyi, bunun üçün cavabdehin maddi gəliri olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 175 (yüz yetmiş beş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq 18.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-4714/2018 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı X2 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, Cavabdeh dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-4714/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh iddiaçı X2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-4714/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4146/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4146/2021
16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver