Məhkəmə qərarları › İş №2(010)-415/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-415/2025

11.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-415/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeydiyyatda olduğu mənzildən həm özü, həm də övladları üçün yaşamaq hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh arasında 21 sentyabr 2010 - cu il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İİ№ 618208 saylı nikahımız qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2011 - ci il təvəllüdlü X2 və xx.xx.2014 - cü il təvəllüdlü X1 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyinə görə cavabdehlə bir yerdə yaşamaqları baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq bir neçə ilə yaxındı ki, kəsilmişdir. Bu səbəbdən də birgə təsərrüfatı idarə etmirlər. Cavabdehlə barışmaq, gələcəkdə birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil. Bunun üçün 16 saylı "Mediasiya Təşkilatı"na müraciət etmiş və oradan birgə təsərrüfatı idarə edə bilmədiklərinə dair MŞB/16/2024-01272 saylı xx.xx.2024 - cü il tarixli "Arayış" verilmişdir. Artıq altı ilə yaxındır ki, iddiaçı övladları ilə birgə atasıgildə yaşayır. Bu günə kimi bir dəfə də olsun həyat yoldaşı nə iddiaçı, nə də övladları ilə maraqlanmamışdır. Elə bu hərəkətlərinə görə iddiaçı boşanma qərarına gəlib məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də qeyd olunanlara əsasən mövcud iddia tələbi irəli sürülür. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, cavabdehin atası və anası da həmin mənzildə yaşayırlar. İddiaçı ilə xasiyyətləri tutmur . Tez-tez narazılıqları olur. 4 il əvvəl qızı ilə cavabdeh arasında mübahisə olub, o gundün bəri qızı nəvələri ilə birgə onun evində yaşayır. Özünün subay oğlu var evləndirmək istəyir. Qızı və nəvələri onun evində qaldıqları üçün oğlunun evləndirə bilmir. Hövsan ərazisində yerləşən evlərin heç birinin sənədi yoxdur. Tərəflər birgə nikah dövründə dükan tikdiriblər. Qızı İddiaçı əri ilə barışmasını, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, ev 15 A ünvanına köçürülmələrini, lakin valideynlərinin onlara yaşamamasını istəyir. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. İddiaçının yaşamaq istədiyi Hövsan qəsəbəsi, Məktəbli küçəsi, ev 15 A ünvanında yerləşən mübahisəli mənzil dayısının mülkiyyətindədi. Hal hazırda yaşadığı ev isə atasınındır, özü sadəcə qeydiyyatdadır. Qaynatası və qaynanansı iddiaçı ilə onun arasında olan ailə münasibətlərinə müdaxilə edirlər. İddiaçı 2010-cu ildə həmin mənzilə gəlin köçmüşdür. İş materialları Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah xx.xx.2010-cu il tarixdə 1071 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada " Allahverdiyeva" soyadı verilmişdir. Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2011-ci ildə doğulmuşdur, valideynləri Cavabdeh və İddiaçıdır. 2 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2014-cü ildə doğulmuşdur, valideynləri Cavabdeh və İddiaçıdır. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/16/2024-01272 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi «nikahın pozulması, aliment, mənzilə yaşayış hüququnun təmin edilməsi və mənzilə köçürülmə » tələbi mübahisəsi üzrə xx.xx.2024-cü il tarixə saat 12:30- 13:00-da keçirilmiş mediasiya iclasında Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İşin faktiki halları İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış olmadığından istifadə hüququnun tanınmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir və bildirir ki, həmin mübahisəli fərdi yaşayış evi iddiaçı ilə birgə nikah münasibətinə daxil olmazdan əvvəl mövcud olmuş, atasınındır və tərəflər ailə qurduqdan sonra iddiaçı həmin fərdi yaşayış evinə gəlin köçmüş və cavabdeh həmin evdə yaşamağa başlamışdır. Eyni zamanda həmin evə dair hüquq müəyyənedici sənəd mövcud deyildir. İşin halları ilə o da müəyyən edilir ki, cavabdeh hazırda həmin evdə yaşayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s.kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kimtərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.1.Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin hallarından görünür ki, iddia tələbinin obyektini təşkil edən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evi özbaşına tikilidir və dövlət qeydiyyatına alınmamışdır. İddia tələbinə görə, iddiaçı övladları ilə bərabər həmin özbaşına tikiliyə köçürülməlidir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddia tələbinə etirazını onunla əsaslandırır ki, mübahisəli fərdi yaşayış evini atası tikdirmiş və o, ailəsi ilə birlikdə oraya köçmüşdür. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı 2010-cu ildə cavabdeh Müşfiq Allahveriyevlə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə Fizuli Allahverdiyev və xx.xx.2014-cü ildə İbrahim Allahverdiyev doğulmuşdur. İddiaçı cavabdeh Müşfiq Allahveriyev ilə ailə qurduqdan sonra mübahisəli evə köçmüş, nikah münasibətində olduğu dövrün böyük hissəsini, yəni 2010-2021-cü illəri həmin evin yerləşdiyi torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində keçirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırda övladları ilə birlikdə köçürülmək istədiyi evdə uzun illər yaşaması mübahisəsizdir. Hazırda həmin evdə cavabdeh Allahveriyev Müşfiq valideynləri ilə birgə yaşayır. İddiaçı iddia edir ki, o, mübahisəli evdən 4 il öncə əri ilə mübahisədən sonra çıxarılmış, mübahisəli evə buraxılmadığından övladları ilə birlikdə atası evində onlarla birgə yaşamalı olmuşdur. Cavabdeh Allahveriyev Müşfiq isə iddia tələbinin bu dəlilinə etiraz edərək bildirir ki, iddiaçı evi könüllü tərk etmişdir, barışmaq istəsə də iddiaçı onun valideynləri ilə birgə yaşamaq istəmədiyindən barışıq əldə olunmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, tərəflərdən İddiaçı və Cavabdeh 2010-cu ildə nikaha daxil olması, 2021-ci ildən İddiaçı və Cavabdeh arasında mübahisə düşənə qədər (2021-ci ilə qədər) onların övladları ilə birlikdə həmin evdə yaşaması işin mübahisəsiz halı olsa da, məhkəmə müəyyən edir ki, mübahisəli tikili tərəflərin birgə nikahı dövründə və birgə vəsaitləri hesabına əldə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasına dair tələbi əsassızdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar