Məhkəmə qərarları › İş №2(010)-4158/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4158/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4158/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və alimentin tutulması tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və maddi ehtiyaclarının ödənilməsi üçün xx.xx.2024-cü il təvəllüdlü X8 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə X11, xx.xx.2015-ci il tarixdə X9 və xx.xx.2024-cü il təvəllüdlü X12 adlı 3 uşaqları anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2013-cü ildə anadan olmuş X11 və xx.xx.2015-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat alimentin tutulması qət edilmişdir. Daha sonra cavabdehlə barışmış və xx.xx.2024-cü il tarixdə Uğur adlı övladları dünyaya gəlmişdir. O, cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar üzündən ailə dağılmış, cavabdeh uzun müddət onu uşaqları ilə birlikdə qoyaraq getmişdir. Hal-hazırda cavabdehlə ayrı yaşayırlar, cavabdeh işləyərək yüksək gəlir əldə etsə də, ayrıldıqdan sonra bir dəfə də olsun uşaqları ilə maraqlanmamış, uşaqların saxlanılması və onun xərcləri üçün heç bir maddi yardım göstərməmişdir. O, körpə uşağı Uğurun anadan olması ilə əlaqədar hazırda heç bir yerdə işləmir və həm uşaqların saxlanılmasında, həm də öz zəruri xərclərinin ödənilməsində çox çətinlik çəkir. Belə ki, uşaqlara lazım olan qidaların və vitaminlərin verilməsi xüsusi ilə zəruri olduğu halda maddi vəziyyəti pis olduğundan uşaq həyat üçün zəruri olan nemətlərdən məhrum olmuş, uşağın saxlanılması hər iki valideynin vəzifəsi olsa da, cavabdeh öz vəzifəsini həyata keçirməkdən imtina etmişdir. Bu imtina isə uşağın sağlam inkişafını sual altında qoymuşdur. Cavabdehin qazancı qeyri-müntəzəm, dəyişən olduğu üçün alimentin cavabdehin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığından və uşaqların saxlanılması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq cavabdehdən xx.xx.2013-cü ildə anadan olmuş X11 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində pul tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ər-arvadın bir-birinə maddi cəhətdən kömək etməyə borclu olması və onun himayəsində 3 yaşına çatmamış uşağının olması, maddi yardıma ehtiyacının olması uşağın 3 yaşına çatanadək onun maddi ehtiyaclarının ödənilməsi üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı uşaqları xəstə olduğu üçün hazırkı məhkəmə prosesində iştirak edə bilmir. İddiaçının 3 uşaqla birgə yaşayaraq onların xərclərini ödəməyə maddi vəziyyəti imkan vermir. O özü də iddiaçıya müəyyən qədər maddi dəstək göstərir, lakin bu kömək də uşaqların zəruri ehtiyaclarını təmin etməyə kifayət etmir. İddiaçının ailəsi daim ona maddi yardım göstərsə də, cavabdeh tərəf daim iddiaçını aldatmış, kömək edəcəyinə dair söz versə belə bunu etməmişdir. Uşaqlardan biri 4-cü, digəri isə 5-ci sinifə gedir. Digər uşaq isə hələ körpədir. Cavabdeh iddiaçıya olan aliment borcunu ödəmədiyi üçün məsuliyyətə cəlb edilmiş, lakin yenə də həmin borcu ödəməmişdir. Lakin, onların məqsədi cavabdehin yenə məsuliyyətə cəlb edilməsi və ya həbs edilməsi olmayıb yalnız uşaqların təminatının ödənilməsindən ibarətdir. Tərəflərin kiçik övladı dünyaya gələn zaman da cavabdeh uşağa baxmamış və onu atıb getmişdir. Cavabdeh aqlay ustası kimi çalışır və kifayət qədər də gəliri var. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdehin rəsmi qeydə alınmış hər hansı iş yeri mövcud deyil. Belə ki, cavabdeh gündəlik fəhlə kimi çalışır və günə 20 manat məbləğində gəlir əldə edir. Həmin məbləğdən artıq isə hər hansı vəsait qazanmır. Həm mediasiya sessiyasında, həm də məhkəmə iclas zalında qeyd etdikləri kimi ümumilikdə 500 manat məbləğində aliment ödəməyə razıdırlar. Qanunvericiliyə uyğun olaraq uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və tərəflərin hər ikisini maddi vəziyyəti nəzərə alınmalıdır. Başqa sözlə, alimentin məbləği əldə edilən gəlirə mütənasib olmalıdır. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 660754 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri həmin tarixdə 487 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Hacıkərimli soyadı verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 274305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014cü il tarixdə 797 nömrə ilə qeyd edilmişdir. Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının Şənlik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 680606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-V seriyalı, 006548 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024cü il tarixdə 1552 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4086/2019 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/8/2024-01614 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi tərəflərin rəsmi ailə münasibətlərindən üç uşaq doğulmuşdur və bu uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4086/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X10 münasibətdə isə uşağı yanında saxlayan iddiaçı onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkdiyi üçün cavabdehdən aliment tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə nəzərə çatdırır ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Digər tərəfdən qanunvericiliyin tələbinə və humanizm prinsipinə görə uşağın mənafeyi valideynin mənafeyindən daha üstün sayılmalıdır. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərərflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Hazırda uşaqlar iddiaçının yanında qalırlar və cavabdehdən uşaqların mənafeyi naminə alimentin tutulması və qətnamə ilə müəyyənləşdirirlmiş alimentin miqdarının artırılmasına zərurət vardır. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. X10 münasibətdə alimentin tutulmasına hansı tarixdən başlanmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olduğundan bu qətnamə ilə aliment tutulmasına həmin tarixdən başlanmalıdır. İddia tələbinin aliment miqdarının artırılması hissəsində məhkəmə qeyd edir ki, hazırda iddiaçı təyin olunmuş alimentin miqdarının dəyişdirilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul edərək, cavabdehin rəsmi iş yerinin olmaması və qazancının aşağı olması səbəbindən məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ayda 160 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda uşağın saxlanması üçün elə bir aliment məbləği təyin edilməlidir ki, həmin məbləğ uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və həyat şəraitinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2- ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qərara alınmışdır ki, bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında həmçinin qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Sadalanan normalara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4086/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli və təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddiaçının əlavə olaraq uşağın üç yaşına çatanadək cavabdehdən 50 manat məbləğində aliment tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qanunverici hamiləliyi dövründə və ümumi uşalarının doğulduğu gündən üç il ərzində arvada ərdən aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını ilk növbədə ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Hüquqi nəticə etibarı ilə bu aliment istisnasız və qeyri-şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan ərdən tələb edilə bilər. İddiaçı cavabdehin həmin məbləğdə zəruri vəsaitə malik olmasını sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, xx.xx.2024-cü il təvəllüdlü X10 münasibətdə alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalı, xx.xx.2024-cü il təvəllüdlü X10 münasibətdə qətnamə alimentin ödənilməsinə dair hissədə dərhal icra edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4086/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməli və ödənilməmiş 72.8 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2024-cü il təvəllüdlü X10 münasibətdə alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. xx.xx.2024-cü il təvəllüdlü X10 münasibətdə qətnamə alimentin ödənilməsinə dair hissədə dərhal icra edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4086/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 72.8 (yetmiş iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar