Məhkəmə qərarları › İş №2(010)-417/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-417/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-417/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “irsi transmissiya qaydasında mirasın qəbul edilməsi və pay bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski 4 saylı fərdi yaşayış evinin xx.xx.1991-ci ildə vəfat etmiş Səvdum Məmmədovdan miras qalmış 2/4 hissədə əmlakdan irsi tranmissiya qaydasında paylarının müəyyən edilməsi və paylara uyğun olaraq mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəni onunla əsaslandırmışlar ki, İddiaçı2 1942-ci ildə Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olmuş, xx xxx 1959-cu ildə 1935-ci il təvəllüdlü X6 ilə nikaha daxil olmuşdur. Ailə qurandan sonra sonuncunun ata ocağı olan Qaraçuxur qəsəbəsi, A.Şadlinski 4 saylı fərdi yaşayış evinə gəlin köçüb, 1 otaq və 1 mətbəxdən ibarət hissədə yaşamışdır. Həmin evdə beş uşağı dünyaya gəlmiş və onlar 1960-cı ildə X7, 1962-ci ildə İddiaçı1, 1963-cü ildə X4, 1967-ci ildə X8 və 1970-ci ildə X1r. Onun qayınatası X9 4 saylı fərdi yaşayış evini bölərək ¼ hissədə onun həyat yoldaşı X2, o biri ¼ hissəsini isə ögey qayını Cavabdeh Savdum oğluna bölüb vermiş və qalan 2/4 hissəsi isə özünə saxlamışdır. Onun ailə üzvlərinin sayı çox olduğu üçün mərhum həyat yoldaşı Bəhlul Məmmədov həyətdə 2 otaq və 2 mətbəx tikmiş, qaynatasının verdiyi ¼ hissəni evlə birlikdə hasara almışlar. Beləliklə evləri və həyətyanı torpaq sahəsi qaynından və qayınatasından ayrılmışdır. Hətta onun gəlin gəldiyi, illərlə yaşadığı 1 otaq və 1 mətbəxi qaynı Rafiq tərəfindən zəbt olunmuşdur. Onun həyat yoldaşı Bəhlul Məmmədov xx xxxxxx 2010-cu ildə rəhmətə getmiş və onun vəfatından sonra isə qayınının onlara qarşı münasibəti daha da pisləşmişdir. Hələ 1988-ci ildə mərhum əri gəlin gəliyi 1 otaq və 1 mətbəxi böyük qızı Sevil Məmmədovaya bağışlamışdır, Sevil isə həmin və digər hissəni sonradan bacısı İddiaçı1 1998-ci ildə bağışlamışdır. Onun həyat yoldaşı 2010-cu ildə vəfat etmiş, lakin xx.xx.1991-ci ildə vəfat etmiş atası Səvdum Məmmədovdan miras qalmış 2/4 hissədə əmlakdan pay almamışdır, lakin faktiki olaraq mirası qəbul etmişdir. Halhazıradək, Səvdum Məmmədovdan miras qalmış 2/4 hissədə əmlak üzrə pay bölgüsü olmamışdır, miras açıq qalmışdır. Belə ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin Bakı şəhər Planlaşdırma idarəsi yanında şəhər uçot-Müxəlləfat bürosu tərəfindən xx.xx.1970-ci ildə verilmiş “Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxaış”ın surətindən də müəyyən olunur ki, qeyd olunan 4 saylı fərdi yaşayış evinin mülkiyyətçiləri ¼ hissədə Bəhlul Məmmədovun, ¼ hissədə cavabdeh Rafık Məmmədovun, 2/4 hissədə isə Sevdum Məmmədovun olmuş, Bəhlul Məmmədovun 2010-cu ildə vəfatından sonrakı müddətdə, vərəsəlik və bağışlama qaydasında ¼ hissədə payın mülkiyyətçisi İddiaçı1 olmuşdur. Sevdum Məmmədovun vəfatından sonrakı müddətdə isə qalan 2/4 hissədə payın bölgüsü olmamış, vərəsəlik açıq qalmışdır. Açıq qalan 2/4 hissədə payın bölgüsü vərəsələr arasında razılaşdırlmamış, bununla bağlı mübahisənin məhkəmədən kənar həlli qaydası mümkün olmamışdır. İddiaçılar və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 məhkəmə iclasında izahatında göstərmişdir ki, mirasqoyanın vəfatından kifayət qədər vaxt keçmişdir. Bu müddət ərzində vərəsələr tərəfindən notariat orqanına vərəsələr, yaxud vərəsələrdən biri tərəfindən ərizə vermiş olması müəyyən edilməmişdir. Bu məqam da müraciət zamanı notariat orqanının vəzifə borcu olaraq müəyyən etdiyi məqamdır. Belə olan halda, mərhumun birinci növbə vərəsə olan yeddi övladından nə üçünsə, yalnız biri cavabdeh kimi məhkəməyə cəlb edilmişdir. Halbuki, notariat orqanı ilk növbədə digər birinci növbə vərəsələrin olub-olmamasını müəyyən edir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin mahiyyətindən göründüyü kimi iddiaçı miras qalmış 2/4 hissədə əmlakdan irsi tranmissiya qaydasında paylarının müəyyən edilməsi və paylara uyğun olaraq mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, iddiaçının tələbi miras əmlakdan payların müəyyən edilməsi ilə bağlıdır və həmin tələblə bağlı olaraq ilkin olaraq notariat orqana ərizə ilə müraciət etməlidir. Lakin iddiaçı notariat orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.5.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunan qanunların tələbinə görə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələb Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “irsi transmissiya qaydasında mirasın qəbul edilməsi və pay bölgüsü” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “irsi transmissiya qaydasında mirasın qəbul edilməsi və pay bölgüsü” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar