Məhkəmə qərarları › İş №2(010)-4179/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4179/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4179/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, 1300 manat maddi ziyana görə pulun, 700 manat mənəvi ziyana görə pulun və 40 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 07 noyabr 2021-ci il tarixdə özünə avtomobil almaq məqsədi ilə, iş yoldaşı X4 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən avtomobil bazarına yollanmışlar. İş yoldaşının məsləhəti ilə onun tanışı olan Cavabdeh adlı şəxslə Bakı şəhərində yerləşən avtomobil bazarında görüşmüşlər. Cavabdeh ona bildirdi ki, avtomobil alqı-satqısı ilə məşğul olur və onun üçün xarici ölkədən köhnə avtomobil gətirə bilər. Cavabdehla iş yoldaşı Yalçın Vəliyevin vasitəsi ilə tanış olmuş və iş yoldaşı ona bildirmişdir ki, Sərxana inana bilərsən. Ona görə də o, Sərxana inanaraq ona 07 noyabr 2021-ci il tarixdə Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında 11000 (on bir min) manat pul verdi ki, cavabdeh ona Almaniya Federal Respublikasından avtomobil alıb gətirəcək. Sərxanla avtomobil alış-verişi söhbəti olan ilk gündən onunla Azərbaycan manatı ilə alış-veriş olacağı razılığı olmuşdur. O, hətta qeyd etmişdir ki, 14 gün ərzində avtomobil alınmasa onun 11000 (on bir min) manatın qəpiyinə qədər geri qaytarılacaqdır. 12-14 noyabr 2021-ci il tarixlərdə Sərxan ona votçap vasitəsi ilə bir neçə avtomobil fotoşəkili göndərdi, lakin avtomobillər Bakıda danışdıqları sövdələşməyə uyğun olmadığından o, həmin avtomobilləri bəyənməmişdir. 15 noyabr 2021-ci il tarixdə onunla razılaşmadığından pulunu geri istədi. Cavabdeh 19 noyabr 2021ci il tarixdə 5000 evro və13 dekabr 2021-ci il tarixdə ona 400 manat, ümumilikdə 10000 (on min) manat pul qaytarmışdır. O, cavabdehə pulunu manatla vermiş, ona maşını gətirə bilmədiyində də pulunu ondan manatla tələb etmişdir. Pulunu evro ilə qaytaran zaman həmin günün məzənnəsi ilə onun razılığı ilə hesablayaraq 9600 manat hesabladılar. O, maşın almaq üçün pulu kredit götürmüş və faizləri ilə birlikdə hələ də banka aylıq ödənişlərini edir. Onun 1000 manatı hələ də cavabdehdədir. Yəni onun faizi 300 manat təşkil edir və pul onda olmadığından faizini də cavabdeh ödəməlidir. Həmçinin cavabdehlə dəfələrlə telefonda mübahisə edərək mənəvi iztirablar çəkməyini və dərmanlardan istifadə etməyi nəticəsində cavabdehdən 700 manat mənəvi ziyan tələb edir. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh pulunu dəfələrlə istəsə də о, bu günə kimi həmin məbləği qaytarmamışdır. O, Sərxandan pulunu tələb etsə də, o müxtəlif bəhanələr gətirməklə pulu verməkdən yayınır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, şahid X3 ifadə verərək bildirmişdir ki, İddiaçı onun iş yoldaşıdır. Onlar birlikdə Neftçilər metrosunun yaxınlığında Cavabdeh ilə görüşmüşlər. O vaxta qədər Sərxanı tanımamış və ilk dəfə görmüşdür. Onlar Sərxanla görüşərək 11000 manat məbləğində pulu ona verərək istehsal ilinin 2008-ci ildən sonra olması və “X8” markalı avtomobil gətirməsini xahiş etmişlər. Sərxan 15 gün ərzində avtomobili çatdıracağını bildirmişdir. O istehsal illəri 2005-ci il və 2006-cı ilin avtomobillərinin şəkillərini göndərmiş, lakin Şahbaz onları bəyənməmişdir. Sərxan avtomobil təşkil edə bilməyəcəyi təqdirdə pulu qaytaracağına söz vermiş və pulun bir qismini qaytarmışdır. 1000 manat borcu qalmışdır. Pul qaytarılanda o, orada iştirak etməmiş, lakin Şahbazın dediyinə görə Sərxan 10000 manatı qaytarmışdır. X1 ifadə verərək bildirmişdir ki, o, İddiaçı ilə birlikdə işləyir. O, şəxsən özü Sərxandan avtomobil aldığından Şahbaza da məsləhət görmüşdür. O Sərxanla danışaraq Neftçilər metrosunun yaxınlığında görüşmüşlər. Şahbaz Sərxana 11000 manat məbləğində pul vermiş, qalan pulu da avtomobili gətirəndən sonra verəcəyini bildirmişdir. Sonra Sərxan pulun da bir qismini Şahbaza qaytarmış, lakin 1000 manatı qaytarmamışdır. Ondan sonra Sərxanı görməmişlər, yalnız internet vasitəsi ilə yazışaraq əlaqə saxlayırlar. Dəfələrlə Sərxan söz vermişdir ki, pulu qaytaracaq, lakin bir ildən çox artıq vaxt keçib. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 07 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh izahatı alınmış və o izahatında pulunu tam olaraq İddiaçı qaytardığını və heç bir borcunun qalmadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş CC/57448/85/16 saylı xx.xx.2022-ci il tarixli kredit Sazişinə əsasən bank İddiaçı 60 ay müddətinə, illik 20% olmaqla 15000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş CC/62743/83/16 saylı xx.xx.2021-ci il tarixli kredit Sazişinə əsasən bank İddiaçı 36 ay müddətinə, illik 22% olmaqla 13000 manat məbləğində kredit vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Beləliklə iddiaçı tərəfin verdiyi izahatdan və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, iddiaçı hal-hazırkı iş üzrə şahidlərlə birgə Neftçilər metrosunun yaxınlığında Cavabdeh ilə görüşmüşlər. İddiaçı Sərxanla görüşərək 11000 manat məbləğində pulu ona verərək xarici ölkədən avtomobil gətirilməsini xahiş etmişdir. Sərxan avtomobil təşkil edə bilməyəcəyi təqdirdə pulu qaytaracağına söz vermiş və pulun bir qismini qaytarmış, lakin 1000 manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin cavabdehə avtomobil almaq məqsədilə 11000 manat verməsini cavabdeh tərəf hazırlıq iclasında etiraf etdiyindən və bununla bağlı sübutetmə yükü cavabdehin üzərində olduğundan, həmin pul məbləğinin tam olaraq geri qaytarılması ilə bağlı sübut təqdim olunmadığından, cavabdehin həmin pulu alması üçün tərəflər arasında qanuni əsas və ya müqavilə mövcud olmadığından və cavabdeh əsassız varlandığından aldığı məbləği iddiaçıya geri qaytarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti və 40 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. İddiaçının mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Məhkəmə hesab edir ki, iddia tələbinin qalan hissəsinə dair mötəbər sübutlar təqdim olunmadığından iddia tələbi qalan hissədə təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaiti və 40 (qırx) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar