Məhkəmə qərarları › İş №2(010)-4226/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4226/2023

01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4226/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı - İddiaçı cavabdeh "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə (Suraxanı RETSİ) qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə (Suraxanı RETSİ) qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini nəzərdən keçirərkən məlum olur ki, iddia tələbinin yönəldiyi cavabdeh "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsidir (Suraxanı RETSİ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilən idarənin cavabdehlik daşıması üçün onun hüquqi şəxs statusu olması vacibdir. Lakin qeyd olunan qurum hüquqi şəxs olmamaqla mülki prosessual fəaliyyət qabiliyyətinə malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Qeyd edilən Məcəllənin 54.1 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 48 və 49.1-ci maddələrinə əsasən məhz qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxslər tam həcmdə mülki-prosessual hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Cavabdeh müstəqil hüquqi şəxs hesab olunmadığına görə də cavabdeh qismində çıxış edə bilməz. Yəni mövcud iddia "xxxx" ASC-yə qarşı yönəlməli və ərazi aidiyyatı üzrə həmin ASC-nin hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-yə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia "xxxx" ASC-yə qarşı və "xxxx" ASC-nin ünvanının (yəni, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov 13 ünvanı üzrə) olduğu yerə görə verilməlidir. Buna görə də, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə (Suraxanı RETSİ) qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar