Məhkəmə qərarları › İş №2(010)-4237/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4237/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4237/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 may 2019-cu il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 886,48 manat məbləğində əsas borc, 67,01 manat faiz borcu və 16,36 manat cərimə borcu olmaqla, cəmi 969,85 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 may 2019-cu il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən, "xxxx" BOKT tərəfindən illik 36 faizlə 36 ay müddətinə 1441 manat məbləğində kart vasitəsi ilə kredit verilmişdir. "xxxx" BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 603 nömrəli 10 may 2018-ci il tarixli, 004 nömrəli müqaviləyə 24 may 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə dair borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4237/2021 saylı, 08 iyul 2021-ci il tarixli qərardadı ilə mülki işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 08.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 08.07.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 10.05.2019-cu il tarixli 47-0***-******* saylı kredit müqaviləsinə əsasən, BOKT tərəfindən borcalana 36 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 1441 manat məbləğində kredit verililmişdir. İş materiallarında olan 10.05.2019-cu il tarixli 47-0***-******* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən BOKT-a 10.06.2019-cu il tarixdən 10.05.2022-ci il tarixədək hər ay 66 manat məbləğində ödəniş edilməli idi. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 04.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 10.05.2019-cu il tarixli kredit müaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə 886,48 manat məbləğində əsas borc, 67,01 manat faiz borcu, 16,36 manat cərimə borcu olmaqla, cəmi 969,85 manat borcu vardır. İş materiallarında olan 10 may 2018-ci il tarixli tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli müqavilədən görünür ki, "xxxx" BOKT MMC razılaşdırılmış müqavilələrə əsasən borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqədar digər hüquqları, o cümlədən, tam həcmdə ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını "xxxx" İKB ASC-yə güzəşt edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanan 19 may 2019cu il tarixli bildirişdən görünür ki, 10.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC kreditordur və həmin müqaviləyə əsasən borclana həmin bankın hesablaşma hesabına ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan 27 aprel 2021ci il tarixli bildirişdən görünür ki, 10.05.2019-cu il tarixli 47-0***-******* saylı müqavilə üzrə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 29.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən hazırki iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.05.2019-cu il tarixli 47-0***-******* saylı kredit müqaviləsi üzrə 886,48 manat məbləğində əsas borc, 67,01 manat faiz borcu, 16,36 manat cərimə borcu olmaqla, cəmi 969,85 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutulub İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in sadalanan maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 10.05.2019-cu il tarixli 47-0***-******* saylı kredit müqaviləsi üzrə 886,48 (səkkiz yüz səksən altı manat qırx səkkiz qəpik) manat əsas borc, 67,01 (altmış yeddi manat bir qəpik) manat faiz borcu, 16,36 (on altı manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 969,85 (doqquz yüz altmış doqquz manat səksən beş qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar