Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-425/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Cavabdeh və Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 3936.50 manat məbləğində dəymiş ziyanın və 59.90 manat məhkəmə rüsumunun dərhal alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 05 avqust 2021-ci ildə saat 07-00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.4-cü kilometrində **-FB-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz markalı minik avtomobili ilə hərəkət edərkən, Avtovağzala dönən hissədə DYP əməkdaşları tərəfindən işarə verilərək saxlanılmışdır. DYP əməkdaşları onu saxlayərkən dayanma-durma qanun və qaydalarına riayət etməmişdir. Təhlükəsiz yerdə dayandırılmış və avtomobilini kənara çəkib saxlamışdır. Avtomobildən enərək DYP əməkdaşlarına yaxınlaşmışdır. Onlarla söhbət zamanı Cavabdeh idarə etdiyi yol hərəkəti qaydalarını pozaraq yüksək surətlə hərəkət edən İSUZU NPR 66L markalı, ** KM *** dövlət nömrə nişanlı avtomobil onun avtomobili ilə toqquşmuşdur. Hadisə ilə bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X2 dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində HK-1/737 nömrəli materialla cinayət işi başlanmış, 04 sentyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qəza zamanı ona dəyən maddi ziyan 8000 manatdan artıqdır. Ancaq siğortanın qiymətləndirmə aktında ziyan 5820 manat hesablanmışdır. İstintaq materiallarında da 5800 manat müəyyən edilmişdir. Bu məbləğ zərəri tam ödəməsə də, onlar yenə də qəzadır deyə anlayış göstərib qəbul etmişlər. Azərsığorta DSKŞ məbləğin 1883.50 hissəsini onlara ödəniş etmişdir. Qalan 3936.50 manat ödənilməmişdir.O, Cavabdeh və atasına pulun ödənişi ilə bağlı müraciət etsə də, lakin onlar ödəməkdən imtina etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd olunan iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı Qurbanəl ioğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04.09.2021-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinən Cavabdeh ilə xəsarət almış X1 barışdıqları üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. - 23.09.2021-ci il tarixli, 12857 saylı “sığorta ödənişi” ilə bağlı aktdan görünür ki, “Mersedes Benz” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 5820 manat müəyyən edilmişdir. - 06.10.2021-ci il tarixli, 18489 nömrəli ödəniş tapşırığından görünür ki, sığorta ödənişi üzrə 1883.50 manat məbləğində pul İddiaçı ödənilmişdir. -02.03.2022-ci il tarixli, PL/G-099/2022 nömrəli "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, “Mersedes Benz” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 7965 manat qiymətləndirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, 05 avqust 2021-ci il tarixdə İddiaçı idarə etdiyi “Mersedes Benz” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh oğlunun idarə etdiyi İSUZU NPR 66L markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun təqsirli olması nəticəsində toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan tərtib olunmuş sığorta aktı ilə 5820 manat müəyyən edilmiş və İddiaçı 1883.50 manat sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı qalan məbləğin – 3936.50 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Cavabdeh tərəf etirazını onunla əsaslandırır ki, onun təqsiri hələki sübuta yetirilməmişdir, bundan başqa, maddi ziyan tələbi də ağılabatan şəkildə əsaslandırılmır. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati tənbeh nəzərdə tutulmuşdur. İstintaq orqanının yuxarıda qeyd edilmiş qərarından görünür ki, cinayət təqibinin başlanılmasına xitam verilməklə bərabər, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Yani, cavabdehin baş vermiş hadisədə təqsiri olduğu qeyd edilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının avtomobilə dəymiş ziyanın əvəzi kimi 5820 manat məbləğində pulun 1883.50 manatını sığorta ödənişi olaraq iddiaçı tərəfindən qəbul etdiyi üçün həmin məbləğdən geri qalan 3936.50 manatı cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, iddiaçı avtomobilin mülkiyyətçisidir və ona real zərər şəklində ziyan dəymişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 59.90 manat dövlət rüsumu və iş üzrə qiymətləndirmə eskpertizasının dəyəri olan 500 manat məbləğində pul Cavabdeh oğlundan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3936.50 manat məbləğində dəymiş ziyan və 59.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar 500 manat məbləğində qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-425/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-425/2022
29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver