Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4250/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məmmədova (Mehdiyeva) Türkan Sabir qızının Cavabdeh qarşı "aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova (Mehdiyeva) Türkan Sabir qızı Cavabdeh qarşı "aliment məbləğinin həcminin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsinin 2(010)-3856/2019 saylı iş üzrə 17.07.2019-cu il tarixli qətnaməsi ilə “21.06.2019-cu il tarixindən hesablanmaqla Cavabdeh 27.02.2016-cı təvəllüdlü X6 və 09.12.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi” barədə qət edilmiş məbləğin dəyişdirilərək 27.02.2016-cı təvəllüdlü X6 və 09.12.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğdə alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri Məmmədova (Mehdiyeva) Türkan Sabir qızı 25.04.2015-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 27.02.2016-cı il tarixdə İsmayıl və 09.12.2017-ci il tarixdə Əsmər adlı uşaqları anadan olmuşdur. Suraxanı rayon məhkəməsinin 2(010)-3856/2019 saylı iş üzrə 17.07.2019-cu il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan uşaqları İsmayıl və Əsmərin saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Aliment tutulmağa bağlandığı vaxtdan 2 (iki) ilə yaxın vaxt keçmişdir. Həmin vaxtdan uşağın ehtiyacları da artmış və pul dəyərini xeyli itirmişdir. Həmçinin həmin vaxtdan ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da artaraq 175 (bir yüz yetmiş beş) manat məbləğində olmuşdur. Lakin cavabdeh bu günə qədər qanunda baş vermiş dəyişikliklərə uyğun məbləğdə alimenti könüllü olaraq ödəmədiyi üçün o, aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 19.05.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında nikah 09.04.2021-ci il tarixdə ləğv edilmişdir. 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14.06.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 27.02.2016-cı ildə anadan olmuş və valideynləri Cavabdeh və İddiaçıdır. 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14.06.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 09.12.2017-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-3856/2019 saylı 17.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 21.06.2019-cu il tarixdən hesablanaraq 27.02.2016-cı il təvəllüdlü X2 və 09.12.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin anaları X3 xeyrinə tutulması qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
Məhkəmənin mövqeyi Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə hesab edir ki, tərəflərin iki övladının olması və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27.07.2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 27.02.2016-cı təvəllüdlü X6 və 09.12.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3856/2019 saylı 17.07.2019-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2021-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və iddia tələbi nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ağlabatan məbləğdir. Beləliklə, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə hər ay 27.02.2016-cı təvəllüdlü X6 və 09.12.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözügedən Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3856/2019 saylı 17.07.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh iddiaçı Məmmədova (Mehdiyeva) Türkan Sabir qızının xeyrinə 27.02.2016-cı təvəllüdlü X2 və 09.12.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova