Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4251/2025 01.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5500 manat məbləğində pul vəsaiti və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində əri X2 “whatsapp” vasitəsilə ona avtomobil fotoşəkli göndərmiş, daha sonra ona zəng vuraraq “Tiktok” sosial şəbəkəsində avtomobil elanı gördüyünü və bəyəndiyini söyləyərək, onunla birgə avtomobilə baxış keçirmək, həmçinin avtomobilin onun adına sənədləşdirilməsi üçün Əhmədli qəsəbəsi ərazisində yerləşən avtosalona getməli olduqlarını bildirmişdir. Əri Şahmar bildirmişdir ki, avtomobil “Kia Optima” markalı avtomobildir, 25500 manata satışa qoyulmuş, ilkin ödəniş olaraq 5500 manat ödənilməli, qalıq 20000 manat pul isə 40 ay müddətinə hər ay 500 manat ödənilmək şərti ilə razılığa gəlmək mümkündür. Lakin, həmin vaxt onların cəmi 4500 manat pulları olmuş, 1000 manat isə çatışmamışdır. Şahmar da ona demişdir ki, birazdan avtomobili satan şəxs ilə birlikdə gəlib maşına baxış keçirmək üçün onu götürəcəklər, “təcili get qızılları lombarda qoy pul götür”. Bundan sonra, o, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən lombarda gedərək qızıllarını girov qoymuş və 950 manat pul almışdır. Həmin məbləğin 506 manatı ona əlbəəl verilmiş, qalıq 444 manat isə istifadəsində olan bank kartının hesabına göndərilmişdir. İlkin ödəniş olan 5500 manat pulu tamamlamaq üçün 50 manat qardaşından borc istəmiş və qardaşı da hesabına 50 manat pul göndərmişdir. Bundan təxminən 30 dəqiqə sonra əri Şahmar yaş asfalt rəngli “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını tam xatırlamadığı, lakin dövlət qeydiyyat nişanının sonu “536” ilə bitən avtomobillə lombardın yerləşdiyi Qara Qarayev metrostansiyasının yaxınlığına gəlmiş və avtomobildən düşərək onu qarşılamışdır. Avtomobilə əyləşən zaman əri arxa oturacaqda onun yanında oturmuşdur. Avtomobili bir nəfər, təxmini 30 yaşında, arıq bədən quruluşlu, seyrək saqqalı şəxs idarə edirdi, ön sərnişin oturacağında isə təxminən 30 yaşlarında, orta bədən quruluşlu, keçəl, saqqallı şəxs əyləşmişdi. Avtomobildə olan zaman ön sərnişin oturacağında əyləşmiş şəxs özünü Əli adlı şəxs kimi təqdim edərək demişdir ki, avtomobilə baxış keçirmək üçün Əhmədli qəsəbəsinə gedirlər. Yol gedən zaman Əli adı ilə təqdim edən şəxs maşını tərifləyib etibarlı avtomobil olduğunu, heç bir probleminin olmadığını bildirərək demişdir ki, əgər avtomobili bəyənsələr, maşını avtomobilin yiyəsindən nağd alacaq və həmin avtomobili onlara ilkin 5500 manat və 40 ay müddətinə isə hər ay 500 manat olmaqla verəcək. Həmçinin, maşında olan zaman bir nəfər şəxsə zəng edərək demişdir ki, avtomobilə baxış keçirmək üçün gəlirlər. Onlar qeyd edilən ünvana ünvan 1n sonra, əri “Toyota Prius” markalı avtomobilin sürücüsü və özünü Əli kimi təqdim edən şəxs maşından düşüb ağ rəngli “Kia Optima” markalı avtomobilə baxış keçirib, diaqnostika etdirmişlər. Həmin müddət ərzində o, “Toyota Prius” markalı avtomobildə əyləşmişdir. Avtomobilini baxışa gətirən “Kia Optima” markalı avtomobilin sürücüsü Əli adlı şəxsə demişdir ki, maşınla 2 saatlıq işi var və avtomobilin arxasında yüklər olduğundan onları evə aparıb boşaltmalıdır. Əli də həmin şəxsə “yox bizə maşın indi lazımdır, pulu verib maşını təhvil almaq istəyirik” deyə bildirmişdir. Diaqnostikadan sonra əri Şahmar ona yaxınlaşaraq demişdir ki, maşını bəyənib, “5500 manat pulu ver, Əliyə verim”. Əli də həmin pulun üzərinə düzəldərək maşını almalı idi. Özünü Əli kimi təqdim edən şəxs ərinə demişdir ki, ona məxsus avtosalon var, avtosalonunda özünün notariusu var. Maşını ada keçirmək isə hədiyyə olunacaq. Əri Şahmar da ondan pulu istəyən zaman ərinə demişdir ki, üstündə sadəcə olaraq 506 manat nağd pul var, 494 manat isə kartdadır, qalıq 4500 manat pul isə evdədir. Bundan sonra özünü Əli kimi təqdim edən şəxs demişdir ki, ünvana gedib evdən pulu götürsünlər. Onlar evə gedən zaman “Kia Optima” markalı avtomobilin sürücüsü onların arxasınca gəlmişdir. Lakin, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 1 ünvanında “McDonalds”ın arxasında, “Azpetrol” yanacaq doldurma məntəqəsinin içinə girən zaman bildirmişdir ki, onları orada gözləyəcəkdir. Həmçinin, özünü Əli kimi təqdim edən şəxsə zəng vurub demişdir ki, avtomobilin nömrəsini satmayacaq. Əli adlı şəxs isə telefon əlaqəsindən sonra əri Şahmara demişdir ki, 44 seriyası ilə başlayan dövlət qeydiyyat nişanı var, maşının üstünə həmin nömrəni bağlayarlar. Məhəlləyə çatan zaman Şahmar avtomobildə gözləmiş, o isə evə daxil olub 4500 manat pulu götürüb, evdən çıxıb avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra onlar avtomobili almaq üçün Xətai rayonu istiqamətində getmişlər. Onlar “Toyota Prius” markalı avtomobildə “Bakıxanov” qəsəbəsi ərazisində yerləşən “Bakıxanov Mall” ticarət mərkəzinin yanında olan zaman evdən götürdüyü 4500 manat pulu və üzərində olan lombardda girov qoyduğu qızılların müqabilində verilən 506 manat pulu sayıb ərinə vermiş, əri də Əli adlı şəxsə vermişdir. Qalıq 494 manat pulu isə elə həmin ünvanda istifadəsində olan “Unibank”a məxsus “Leobank”a aid mobil tətbiq vasitəsilə Əli adlı şəxsin ona təqdim etdiyi hesaba göndərmişdir. Pulu verdikdən sonra “Toyota Prius” markalı avtomobilin sürücüsünə zənglər gəlmiş və onlara demişdir ki, arvadı hamilədir və təcili getməlidir. Buna görə də “Bakıxanov Mall” ticarət mərkəzinin qarşısında avtomobili saxlamış, daha sonra Əli mobil tətbiq vasitəsilə “Kia Optima” markalı avtomobilin sürücüsünün onları gözlədiyi Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 1 ünvanında “McDonalds”ın arxasında, “Azpetrol” yanacaq doldurma məntəqəsinə taksi sifariş vermiş, az sonra taksi gəlmişdir. Onlar “Toyota Prius” markalı avtomobildən düşüb, sifariş əsasında gələn taksiyə əyləşmişlər. Taksidə olan zaman “Kia Optima” markalı avtomobilin sahibi Əli adlı şəxsə zəng vuraraq demişdir ki, “mənim bütün işlərimi korladız, nə vaxt gəlirsiniz? Sizi gözləyirəm”. Əli də ona demişdir ki, yoldadırlar və gəlirlər. Əli onunla telefon əlaqəsini bitirdikdən sonra onlar Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında olan zaman Əli adlı şəxs bildirmişdir ki, yaxınlıqda qalır, lazımı sənədlər isə evdədir. Əli taksi sürücüsündən xahiş etmişdir ki, maşını saxlasın. Sonra maşından düşüb orada yerləşən “Gül” satışı ilə məşğul olan mağazadan sağa girib məhləyə daxil oldu. Onlar da Əli adlı şəxsi maşında gözləmişlər. Təxminən 2 dəqiqə sonra əri Şahmar ondan şübhələndiyi üçün avtomobildən enmiş və özünü Əli kimi təqdim edən şəxsin girdiyi məhləyə getmişdir. Lakin, az sonra avtomobilə geri qayıdıb demişdir ki, Əlinin girdiyi məhlənin digər çıxışı var, həmin şəxs onları aldatmışdır. Dərhal onlar Əli adlı şəxsin istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng vurmuşlar və mesaj yazmışlar. Lakin, Əli cavab verməmişdir. Bu zaman başa düşmüşlər ki, aldadılmışlar. Bundan sonra, “Kia Optima” markalı avtomobilin onları gözlədiyi “Azpetrol” yanacaq doldurma məntəqəsinə qayıtsalar da, həmin şəxsi orada tapa bilməmişlər. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 5500 manat məbləğində ziyan dəymişdir. Baş vermiş bu hadisə ilə bağlı müvafiq olaraq hüquq-mühafizə orqanlarına şikayət etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-1472/2024 nömrəli qərarı ilə Cavabdeh cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasının ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-214/2023 nömrəli hökmü ilə Cavabdeh təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək Cavabdeh üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-1472/2024 nömrəli qərarı ilə Cavabdeh cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasının ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-214/2023 nömrəli hökmü ilə Cavabdeh təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək Cavabdeh üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir.
6. Məhkəmənin sorğusuna Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 nömrəli hökmü qanuni qüvvəsini almışdır.
İşin faktiki halları.
7. Cavabdeh İddiaçı qarşı dələduzluq cinayəti törətmiş, nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsinin bağlanması məqsədi ilə 5500 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)- 339/2025 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, ona 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə cavabdeh-təqsirləndirilən şəxs Cavabdeh iddiaçı-zərərçəkmiş şəxs İddiaçınu aldadaraq ondan cəmi 5500 manat məbləğində pul vəsaiti aldığı müəyyən edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır.
8. Hazırda iddiaçı həmin hökmlə cavabdeh tərəfindən ona vurulduğu müəyyən edilən 5500 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb edir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
11. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
12. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, Cavabdeh İddiaçı qarşı dələduzluq cinayəti törədərək, ona 5500 manat məbləğində zərər vurmuşdur. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (§ 10).
13. Belə olan halda məhkəmə yalnız cavabdehin iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyıb-daşımaması, yəni iddiaçının cavabdehdən həmin zərəri mülki qaydada tələb etməkdə haqlı olub-olmaması məsələsinə münasibət bildirir.
14. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 14.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 14.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 14.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 14.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
15. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).
16. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddiaçı cavabdehdən qanuni qüvvəyə minmiş hökmlə ona vurduğu müəyyən edilən zərəri – 5500 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən iddia qiymətinə mütənasib olmuşdur.
19. İddia tələbi təmin edildiyindən ödənilmiş 75 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5500 manat məbləğində pul vəsaiti və ödənilmiş 75 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.