Məhkəmə qərarları › İş №2(010)-4253/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4253/2023

07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4253/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. AZ-İ seriyalı 285097 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah pozulmuşdur.

2. AZ-İİ seriyalı 299387 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

3. AZ-İİ seriyalı 921327 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

4. Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)- 1132/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi; xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit məbləğdə 60 manat, cəmi 120 məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(010)-989/2017 saylı qərardadı ilə 05 avqust 1979-cu ildə Ermənistan, Amasiya rayonunda doğulmuş, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır. “Əmək və Məşğulluq” altsisteminə əsasən hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

7. “Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də satıcı vəzifəsində işləyir. Aylıq əmək haqqı 385 manat təşkil edir.

İddiaçının tələbi.

8. Cavabdeh onunla birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün aliment məbləğinin artırılaraq uşaqlar 18 yaşına çatana qədər hər bir uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilməsi və həmin aliment məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, mediasiya prosesində ödədiyi 50 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-1132/2016 nömrəli qətnaməsi ilə Cavabdeh onunla birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, ümumilikdə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2016-cı ildən bu günə qədər 8 il keçmişdir, ötən 8 il ərzində qiymətlər dəfələrlə artmışdır, uşaqlar da böyümüşlər, artıq hər iksi məktəbə gedir, tələbatları artmış, dərs ləvazimatları, məktəb hazırlıqları və s. xərcləri yaranmışdır. Habelə 2023-cü ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi 113,6% təşkil etmişdir, yəni bütün malların və xidmətlərin qiymətləri hələ yanvar ayında artmışdır. Buna görə də, 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikasının Prezidenti tərəfindən artırılmış, uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdehdən tutulan aliment isə yaşayış minimumdan hər bir uşaq üçün 160 manat aşağıdır. Halbuki uşaqların layiqli səviyyədə yaşamaq üçün atalarından təminat almaq hüquqları vardır. Uşaqların hər birinə hər ay 250 manata yaxın vəsait xərclənir, hər bir uşaq üçün 60 manat sabit pul məbləğində aliment isə uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdehin hazırda tələb edilən alimenti ödəmək imkanı da vardır, belə ki, o, cavandır, əlil deyildir, işləyib pul qazana bilər, buna baxmayaraq cavabdeh uşaqların layiqli səviyyədə saxlanılmasından boyun qaçırır.

10. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(066)-1132/2016 saylı qətnaməsi ilə təyin edilmiş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində 60 manat olmaqla, cəmi 120 manat alimentin miqdarının artırılaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

11. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, sadalananlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Cavabdeh məhkəmənin dəftərxanası vasitəsilə iddiaya etiraz təqdim edərək, qeyd etmişdir ki, uşaqları saxlamaq, onların qayğısına qalmaq həm iddiaçının, həm də onun valideyn olaraq borcudur. Hazırda o işləmir, Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimenti də ödəməkdə çətinlik çəkir. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş 09 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2023-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 261 manat müəyyən edilmişdir. Belə olduğu halda onun Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməyə belə imkanı yoxdur. Onun Göygöl Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəmək imkanının olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də öz təsdiqini tapmışdır. Belə ki, onun qətnaməni icra etmək imkanı olmadığıma görə ölkədən getmək hüququ məhdudlaşdırılmış və barəsində inzibati tənbeh kimi inzibati həbs tətbiq edilmişdir. Qeyd edilənlər onun iddia ərizəsində göstərilən qaydada aliment ödəmək iqtidarında olmadığını bir daha sübut edir. İddiaçı isə ondan fərqli olaraq "xxxx" MMC şirkətində merçendayzer/ekspeditor vəzifəsində işləyir və aylıq 385 manat əmək haqqı alır. Onun əmək haqqı əmək qabiliyyətli əhali üçün yaşayış minimumundan artıq məbləğdədir və aldığı əmək haqqının bir hissəsini uşaqların saxlanmasına yönəltmək imkanı vardır. Lakin iddiaçı valideyn kimi uşaqların saxlanmasında onunla bərabər iştirak etməyə borclu olmasına və əmək fəaliyyəti ilə məşğul olub ölkə səviyyəsində normal aylıq orta əmək haqqı almasına baxmayaraq özü uşaqların qayğısına qalmaq istəmir və onların saxlanması üçün bütün xərclərin ondan tutulmasına nail olmağa çalışır. İddiaçı onun uşaqlarla ünsiyyətdə olmaq, onlarla görüşmək hüquqlarını pozmaqla da onu uşaqlarına qayğı göstərmək, onların ehtiyaclarını ödəmək imkanlarını məhdudlaşdırır. Halbuki, onun uşaqlarla ünsiyyəti təmin ediləcəyi halda onların ehtiyaclarının cüzi bir qismini də olsa qarşılaya bilər. Sadalananlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

İşin faktiki halları.

14. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan iki uşaqları var. Nikah pozulmuşdur. xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 analarının yanında yaşayırlar. Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-1132/2016 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Uşaq hüquqları haqqında” Qanun.

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

21. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuşdur və uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

22. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutulmasına dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qəbul edilməsindən uzun müddət keçmiş, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir.

23. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2023-cü il üçün uşağın saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalıdır. Saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin göstərilən qaydada təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir.

24. Tərəflərin maddi və əmlak vəziyyəti, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyi, mövcud iqtisadi vəziyyətdə infilyasiya və diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 150 manat müəyyən edilməlidir.

25. Cavabdehin etiraz ərizəsində qeyd etdiyi, maddi vəziyyətinin aşağı olması, işləməməsi və s. dəlillərinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

27. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir

28. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

29. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutulmasına dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-1132/2016 nömrəli qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsi öz qüvvəsini itirir və hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında həmçinin qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

31. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 3600 manat (300 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsi ilə tutulan alimentinin miqdarı dəyişdirilsin və xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar