Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4259/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 4960 manat əsas, 483.22 manat faiz, 0 manat cərimə və 0 manat komisyon haqqı olmaqla cəmi 5443.22 manat pul vəsaitinin və 74.44 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən ona 36 ay, illik faiz dərəcəsi 18 olmaqla 4960 AZN kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh müqavilə şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
Tərəflərin izahatları
3. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə qismən razı olduğunu, tələb edilən borc məbləğini əsas borca münasibətdə qəbul etdiyini, lakin faiz borcunun artıq hesablandığını bildirdi.
İş materialları
5. xx.xx.2022-ci il tarixli 909nkSTB2/22 nömrəli Kredit müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh illik 18 faizlə 36 ay müddətə istifadə etmək üçün 4960 manat kredit verilmişdir.
6. xx.xx.2022-ci il tarixli 909nkSTB2/22 nömrəli Kredit müqaviləsi üzrə hesabdan Çıxarışdan görünür ki, Cavabdeh ona təqdim edilmiş krediti tam şəkildə istifadə etmişdir.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4960 manat əsas, 483.22 manat faiz, 0 manat cərimə və 0 manat komisyon haqqı olmaqla, cəmi 5443.22 manat kredit borcu vardır.
8. İş matariallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh banka 4960 manat əsas, 329.47 manat faiz, 0 manat cərimə olmaqla cəmi 5289.47 manat kredit borcu vardır. Cavabdeh 3 iş günü müddəti ərzində yaranmış borcu ödəməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə isə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları
9. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh isə tələb edilən borc məbləğini əsas borca münasibətdə qəbul etdiyini, lakin faiz borcunun artıq hesablandığını bildirmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
11. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarı. Həmin Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, AR Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Eyni zamanda Qərarın 3-cü bəndinə əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
Məhkəmənin mövqeyi
12. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
13. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətində 4960 manat kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. İddiaçı tələbdə qeyd olunan məbləğin cavabdehdən tutulmasını tələb edir. Lakin cavabdeh isə əsas borca razı olduğunu, lakin faiz borcunun artıq hesablandığını bildirir.
14. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində cavabdehdən 4960 manat əsas, 483.22 manat faiz, 0 manat cərimə və 0 manat komisyon haqqı olmaqla cəmi 5443.22 manat pul vəsaitinin tutulmasını tələb etsə də, lakin müqavilənin ləğvi barədə iddiaçı tərəfindən cavabdehə ünvanlanan 13 mart 2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə olan borcu 4960 manat əsas, 329.47 manat faiz, 0 manat cərimə olmaqla cəmi 5289.47 manat təşkil edir.
15. Məhkəmə qeyd edir ki, AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarından göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı xx.xx.2023-cü il tarixli bildirişlə kredit müqaviləsinin ləğv edilməsi barədə iradə ifadəsini cavabdehə bildirmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda sərgilədiyi hüquqi mövqeyə əsaslanaraq, məhkəmə hesab edir ki, müqavilə üzrə faiz məbləği də iddiaçının müqavilədən imtina etməsi barədə iradə ifadəsinin qarşı tərəfə bildirdiyi vaxta qədər hesablanmalıdır. Belə olan halda, materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən göründüyü kimi, kreditor (iddiaçı) Cavabdeh banka olan 4960 manat əsas, 329.47 manat faiz, 0 manat cərimə olmaqla cəmi 5289.47 manat kredit borcunu 3 iş günü müddəti ərzində qaytarması və kredit müqaviləsinin ləğv edilməsini təklif etməklə artıq hazırki müqaviləyə münasibətdə öz iradəsini ifadə etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən ona ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunan formada - 4960 manat əsas, 329.47 manat faiz, 0 manat cərimə olmaqla cəmi 5289.47 manat kredit borcu tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 74.44 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddaçının xeyrinə 4960 manat əsas borc və 329.47 manat faiz borcu olmaqla cəmi 5289.47 manat və iş üzrə ödənilmiş 74.44 manat dövlət rüsumu pul tutularaq ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4960 manat əsas borc və 329.47 manat faiz borcu olmaqla cəmi 5289.47 manat və iş üzrə ödənilmiş 74.44 manat dövlət rüsumu pul tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.