Məhkəmə qərarları › İş №2(010)-426/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-426/2023

24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-426/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh ilə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin məbləğinin artırılaraq 193 manat müəyyən edilməsi və Cavabdeh tutularaq uşaq 18 yaşına çatana qədər iddiaçıya ödənilməsi, mediasiya prosesində ödədiyi 50 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh arasında nikah Suraxanı rayon məhkəməsinin 2(010)- 5712/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü İnci adlı uşağın saxlanması üçün cavabdehdən hər ay 108 manat aliment tutulması qət edilmişdir. Lakin ilk dəfə aliment tutulduğu vaxtdan uzun müddət keçmişdir, uşağın hazırda 9 yaşı vardır, məktəbə gedir, xərcləri artmışdır. Belə ki, hazırda məktəb ləvazimatları, geyimi və s.tələb olunur, 108 manat sabit pul məbləğində aliment isə uşağın saxlanılması üçün kifayət etmir, uşaq böyüdükcə xərcləri də artır. Qətnamə qəbul edilən zaman uşaq kiçik idi, məktəbə getmirdi, qiymətlər də hal-hazırda olduğundan qat-qat aşağı idi. Cavabdehin hazırda tələb etdiyi alimenti ödəmək imkanı da vardır, belə ki, o fərdi işlərdə işləyir, peşəsi aktyordur, filmlərdə çəkilir, qonorar alır, hal-hazırda da televiziya serialında çəkilir, yəni tələb etdiyi alimenti ödəmək imkanına malikdir, bina baxmayaraq uşağın layiqli səviyyədə saxlanılmasından boyun qaçırır. İddiaçının izahatları İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh teleqram məhkəməyə ünvanlamış və o, həmin teleqramda iddia tələbinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-5712/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X3 Cavabdeh qarşı “nikahın pozulması, alimentin ödənilməsi və boşanmadan sonra uşağın valideynlərdən birinin yanında qalması tələbinə dair” iddiası üzrə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X6 arasında xx.xx.2012-ci ildə Bakı Nikah Evində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 1982 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 anası X3 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 iyun 2015-ci ildən etibarən, hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının mediatoru İ.Şahverdiyevin "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/11-01117 saylı arayışından görünür ki, Məmmədov X4 Könül Rza qızı tərəfindən təsvir edilən "alimentin artırılması” tələbi üzrə xx.xx.2022-ci il tarixdə saat 12:45-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmənin mövqeyi İddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-5712/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2023-cü il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddinin aliment təyin edilən dövrə nisbətdə daha yüksək olması nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ağlabatan məbləğdir. Cavabdeh də aliment məbləğinin artırılmasına razıdır. Beləliklə, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumuna görə 43,16 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə və mediasiya proseduru üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti isə alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-5712/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 43,16 (qırx üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Mediasiya proseduru üçün iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar