Məhkəmə qərarları › İş №2(010)-4278/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4278/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4278/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ilə cavabdeh arasında 20 noyabr 2023-cü il tarixli, XM №/2023 saylı “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi" haqqında Xidmət Müqaviləsinin şərtlərini pozduğuna görə Cavabdeh MMC-dən 660 (altı yüz altmış) avro məbləğində pulun və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü ildə “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi” haqqında XM №/2023 Xidmət Müqavilə bağlanmışdır. Müqaviləyə görə “İcraçı” (Cavabdeh MMC) “Sifarişçi”yə (İddiaçı) xaricdə işə düzəltmə xidməti göstərməyi, “Sifarişçi” isə qarşılığında “İcraçı”ya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin şərtinə əməl etmiş və Cavabdeh MMC-yə 20 noyabr 2023-cü ildə 600 (altı yüz) avro xidmət haqqı ödənişi etmişdir. Lakin cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, iddiaçını xaricdə iş ilə təmin etməmişdir. Cavabdehin göndərişi əsasında xx.xx.2024-cü ildə Monteneqro Respublikasına getmiş, lakin həmin ünvanda 4 gün qalsa da işlə təmin olunmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, Podqoritsa şəhərində yaşayış yerinə görə 1 gün üçün 15 avro ödəmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2023-cü il tarixli XM seriyalı 2023 saylı xidmət müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Sifarişçi adı, növü, həcmi, miqdarı, qiyməti razılaşdırılan xidməti bu müqavilədə nəzərədə tutulmuş şərtlərə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Müqavilə və ya Əlavələrdə nəzərdə tutulmuş xidmət haqqını ödəmə kartı ilə və ya hesabdan hesaba ödəmək; İmza sahibini bu Müqavilədən irəli gələn hüquq və vəzifələri, habelə məsuliyyəti barədə yazılı surətdə məlumatlandırmaq (Müqavilənin surətini təqdim etməklə); Sifarişçi öhdəliklərini yerinə yetirmək üçün bütün lazımi sənədəri və məlumatları “İcraçı”ya təqdim edir. Sifarişçi xidmətin göstərilməsi ilə bağlı zəruri məumatları və sənədləri ən azı 5 iş günü əvvəlcədən icraçıya təqdim edir. Sifarişçi özünün hərəkət və hərəkətsizliyi nəticəsində icraçıya dəymiş maddi və mənəvi zərəri öz vəsaiti və gücü hesabına aradan qadirir. Miiqaviədən irəli gələn işlərin həlli ilə əlaqədar tələb olunan bütün xərclər sifarişçi tərəfindən ödənilir. Sifarişçi Azərbaycan Respublikası qanunvericilyindən, Mülki Məcəllədən və tapşırığın mahiyyətindən irəli gələn digər hüquqlara malikdir və vəzifələr daşıyır. Sifarişçinin müraciəti əsasında İcraçıya xidmətlə əlaqədar köməklik göstərir. Sifarişçi tərəfindən təqdim olunmuş sənədlərin öyrənilməsini və analizini həyata keçirir, işin həlli ilə əlaqədar mümkün variantlar haqqında öncədən məlumatlar verir; Sifarişçinin bu Müqavilədən irəli gələn tapşırığını vicdanla və keyfiyyətlə icra edir; Bu Müqaviləyə əsasən Xidmətin göstərilməsi ilə əlaqədar Sifarişçi tərəfindən ona təqdim olunmuş sənədlərin və ya informasiyanın saxlanmasına və kənar şəxslərin dairəsində yayılmamasına təminat verir; Sifarişçi tərəfindən həqiqətə uyğun olmayan sənədlərin və ya informasiyanın verilməsinə və bunun nəticələrinə görə məsuliyyət daşımır; İcraçı göstərdiyi Xidmətə görə xidmət haqqının bu Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini Sifarişçidən tələb etməyə haqlıdır; İcraçı Azərbaycan Respublikası qanunvericiliyindən, bu Müqavilədən və tapşırığın mahiyyətindən irəli gələn digər hüquqlara malikdir və vəzifələr daşıyır. Xaricdə işə düzəltmə; Viza: iş vizası; İcraçı sifarişçini işə düzəltməyə təminat verir və işə düzəltmə ilə bağlı problem yaranarsa ödənilmiş xidmət haqqı məbləği geri qaytarılır. Cavabdeh MMC Bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Sifarişçidən ümumi məbləği tam olaraq ödəmək tələb olunur. Sifarişçi xaricdə işə düzəlmə ilə bağlı özü barədə verdiyi məlumatların düzgün olmasına görə öhdəlik daşıyır. İş geyimi ilə təmin olunma; Yaşayış yeri ilə təmin olunma Ödəniş edildiyi gündən 90-180 gün sonra işə başlama; Tam rəsmi sənədləşmə və Avropanın digər ölkələrinə ziyarət imkanı; İlkin ümumi xidmət haqqı _____AZN (ümumi ödəyəcəyiniz məbləğə sənədləşmə rüsümları, iş icazəsi və biletdən başqa digər qiymətlər daxildir); Aylıq ümumi gəlir____Euro; Rəsmi işə başladığı ilk günlərdən özəl tibbi sığorta; İşlə təmin olunduqdan sonra iş müddətində gündə bir dəfə pulsuz nahar və digər üstünlüklər. işin icrası Litva, vakansiya sürücü. İddiaçı Cavabdeh MMC-nə ünvanladığı pretenziyadan görünür ki, onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü ildə “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi” haqqında XM №/2023 Xidmət Müqavilə bağlanmışdır. Müqaviləyə görə “İcraçı” (Family Trave! Company”MMC) “Sifarişçi”yə (İddiaçı) xaricdə işə düzəltmə xidməti göstərməyi, “Sifarişçi”isə qarşılığında “İcraçı”ya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilənin şərtinə əməl etmiş və Cavabdeh MMC-yə xx.xx.2023-cü ildə ona 600 Euro xidmət haqqı ödənişi etmişdir. Lakin Cavabdeh MMC müqavilə əsasında üzərinə götürdüyü öhdəliyə əməl etməmiş və ona xaricdə iş ilə təmin etməmişdir. Cavabdeh MMC göndərişi əsasında xx.xx.2024-cü ildə Monteneqro Respublikasına getmiş, lakin həmin ünvanda 4 gün qalsa da işlə təmin olunmamışdır. Monteneqro Respublikasında qaldığı müddət ərzində 183 Euro xərcləmişdir. Həmçinin gediş-gəlişə görə 930 manat pul xərcləmişdir. Müqavilənin şərtlərini pozduğuna görə xahiş edir ona 783 Euro və 930 manat pulun ödənilməsini 10 gün müddətinə təmin etsin, Əks-təqdirdə məhkəməyə müraciət edəcəkdir. xx.xx.2024-cü il tarixli Təyyarə biletindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə uçuş saatı 02:50-yə Bakıdan İzmirə, həmin tarixdə İzmirdən Podqoritsaya 11:00-a uçuşu olmuşdur. Səyahət sığortası şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər 50 euro məbləğində sığortalanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında podrat müqaviləsi imzalanmış və həmin müqavilə üzrə cavabdeh iddiaçını xaricdə işlə təmin etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı, Cavabdeh MMC-dən müqavilə şərtlərinə əməl olunmadığına görə ona vurulmuş olan maddi zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, cavabdeh tərəf ona 660 avro məbləğində zərər vurmuşdur: bunlardan 600 avro müqavilə üzrə ödənilmiş xidmət haqqı, 60 avro isə Monteneqro Respublikasının Podqoritsa şəhərində işlə təmin olunmasını gözlədiyi müddətdə yaşayış yeri üçün sərf etdiyi vəsaitdir (1 gün*15 avro). Məhkəmə tərəflər arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müəyyən edir ki, Cavabdeh MMC İddiaçı Litva Respublikasında sürücülük işi ilə (eləcə də, yaşayış yeri ilə) təmin etməyi öhdəsinə götürmüş, bunun müqabilində iddiaçı cavabdeh şirkətə 600 avro məbləğində xidmət haqqı ödəmişdir. Cavabdeh sözügedən podrat münasibətləri çərçivəsində öhdəsinə götürmüşdür ki, müqavilə üzrə xidmət haqqı ödənildiyi tarixdən 90-180 gün sonra iddiaçını işlə təmin edəcəkdir. Cavabdeh həmçinin öhdəsinə götürmüşdür ki, işə düzəltmə ilə bağlı problem yaranarsa, ödənilmiş xidmət haqqı məbləği geri qaytarılacaqdır. Bundan başqa məhkəmə müəyyən edir ki, İddiaçı Cavabdeh MMC-nin təlimatına əsasən xx.xx.2024-cü il tarixində Monteneqro Respublikasının Podqoritsa şəhərinə yollanmış və orada öz şəxsi vəsaiti ilə məskunlaşaraq 4 gün ərzində işlə təmin olunmağını gözləmişdir. lakin, bu baş tutmadığından iddiaçı Azərbaycan Respublikasına geri qayıtmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı Cavabdeh MMC ilə aralarında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi cavabdehə qanunvericiklə tələb olunan qaydada müraciət etsə də, bu da, nəticə verməmişdir. Belə olan halda, məhkəmə o nəticəyə gəlir ki, Cavabdeh MMC iddiaçı ilə arasında bağlanmış xidmət müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü zərərin ödənilməsi tələbi əsaslıdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli, XM №/2023 saylı “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi"nə dair Müqavilə üzrə vurulmuş zərərə görə Cavabdeh MMC-dən 660 (altı yüz altmış) avro məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. 20 noyabr 2023-cü il tarixli, XM №/2023 saylı “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi"nə dair Müqavilə üzrə vurulmuş zərərə görə Cavabdeh MMC-dən 660 (altı yüz altmış) avro məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar